Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:26

İmam Hüseynə görə kinoulduzu həbs edirlər


Saba Kamali
Saba Kamali

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ötən ay İranda özünü yandıraraq intihar etmiş qadın futbol fanatının işinin araşdırılması üçün Tehrana nümayəndə heyəti göndərib. İran hökuməti isə qurbanı dəstəkləyən kino ulduzunun həbsinə order verib.

İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı «Fars» xəbər agentliyi bildirib ki, hakim tanınmış kino və teatr aktrisası Saba Kamali-nin həbsinə hökm çıxarıb.

Agentliyin xəbərinə görə, prokuror Saba Kamali-nin Instagram səhifəsində dərc etdiyi postu şiələrin üçüncü imamı Hüseyn Əliyə təhqir kimi dəyərləndirib.

Postu silib, amma...

Kamali Instagram postunda ritorik olaraq qadın futbol fanatı Sahar Khodayari-nin imam və ətrafından da ağır münasibət gördüyünü yazıb. Şiələr hər il VII əsrdə İraqın Kərbəla ərazisində öldürülmüş imam Hüseyn və tərəfdarlarının yasını saxlayır.

Ancaq üstündən bir neçə saat keçmiş xanım Kamali postu silib. Instagram-da yazdıqlarının, sadəcə, üçüncü imamla şəxsi və məhrəm dialoqdan ibarət olduğunu, amma bir neçə «qərəzli və cahil» şəxsin bunu yanlış anlayaraq ona səfeh damğalar yapışdırdığını, bu səbəbdən də postu sildiyini bildirib.

29-yaşlı Khodayari martda Tehranda kişilər arasında keçirilən futbol matçını izləməyə çalışdığı zaman həbs edilib. İranda yazılmamış qanuna görə, qadınlar meydanlarda kişilərin idman yarışlarını izləyə bilməzlər.

İran bütün dünyada bu qaydanı tətbiq edən yeganə ölkədir. Bu yazılmamış qanunlar 1980-ci ildən bəri dini mühafizəkarlar və sərt xətt tərəfdarları tərəfindən dəstəklənir.

Khodayari sonradan azad edilib. Ancaq daha sonra, sentyabrın 1-i mobil telefonunu götürmək üçün prokurorluğa gedəndə ona işinin hələ bağlanmadığını, hələ də həbs oluna biləcəyini deyiblər. Bu məqamda o, üzərinə benzin tökərək yandırıb. Xəstəxana rəsmiləri onun bədəninin 90 faizinin yandığını deyiblər.

Khodayari-yə azarkeşlik etdiyi paytaxt «İstiqlal» komandasının rənglərinə görə «Mavi qız» adı verilib.

Bir çox siyasi fiqurlar və məşhurlar onun ölümünə çoxsaylı dəstək jestləri ilə reaksiya veriblər.

İranın son şahbanusu Farah Pahlavi yaydığı bəyanatda belə deyib: «Sahar İran əhalisinin yarısının qəlbində bəslədiyi arzuların yanar rəmzidir. İran qadınları 40 il ərzində öz mütləq hüquqlarının ən kiçik hissəsini əldə etmək üçün mübarizə aparıblar».

«Ən böyük qurban İran xalqıdır»

Farah Pahlavi daha sonra haqlarını tələb edən İran qadınlarının rəmzi kimi Sahar Khodayari-nin adının heç zaman unudulmayacağını bildirib.

Pahlavi-nin oğlu, İran taxt-tacının varisi, mühacirətdə olan şahzadə Reza Pahlavi də Sahar-in ölümünü həyatının ən kədərli anlarından biri adlandırıb.

Sahar-i «qızım» adlandıran şahzadə Reza yazıb: «Bütün iranlılar sənin üzləşdiyin qəddarlığa biganə qalmaqdan çəkinməlidirlər». Şahzadə onun adının tezliklə stadionun üzərində parlayacağına əminlik ifadə edib.

Bir neçə futbol klubu, o cümlədən paytaxtın «İstiqlal» və «Persepolis» klubları günlük məşqlərini bir dəqiqəlik sükutla başlayıblar.

Sahar Khodayari-nin ölümü İrandan kənarda da güclü reaksiyalar doğurub.

ABŞ Dövlət Departamenti öz bəyanatında bildirib ki, ««Mavi qız» Sahar Khodayari-nin ölümü bir daha sübut edir ki, islam rejiminin ən böyük qurbanı İran xalqıdır».

İspaniyanın «Barselona» futbol klubunun yaydığı bəyanatda isə deyilir: ««Barselona» futbol klubu Sahar Khodayari-nin ölüm xəbərindən təəssüf duyur. Allah ona rəhmət eləsin! Futbol oyunu hamı üçündür, kişilər və qadınlar üçün. Hər kəs birlikdə stadionlarda bu gözəl oyundan zövq almalıdır».

XS
SM
MD
LG