Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

İlkin Rüstəmzadə :'Mən bu hakimiyyətdən heç nə gözləmirdim'


İlkin Rüstəmzadə, 17 mart 2019
İlkin Rüstəmzadə, 17 mart 2019

Fuad Qəhrəmanlı: “Dostlarımız həbsdə olduğundan tam sevinə bilmirik”

“Dostlarımız həbsdə olduğundan tam sevinə bilmirik. Biz bura kef etməyə yox, mübarizəmizi davam etdirməyə gəlmişik”.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib. O, martın 17-də azadlığa buraxılıb.

Fuad Qəhrəmanlı azadlıqda, 17 mart 2019
Fuad Qəhrəmanlı azadlıqda, 17 mart 2019

AXCP sədrinin müavini deyib:

“Faciə onda olardı ki, Azərbaycan xalının içərisindən siyasi məhbuslar çıxmazdı, avtoritar hakimiyyət cəmiyyətə barmaq silkələyərdi və onun qarşısına kimlərsə çıxmazdı. Bu, bizim gücümüzdür ki, hakimiyyətin özbaşınalığı və zorakılığı qarşısında geri çəkilmədik. İnşallah, bunun nəticəsini görəcəyik”.

Fuad Qəhrəmanlı müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə, beynəlxalq təşkilatlara minnətdarlığını bildirib.

Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə, 2015-ci il dekabrın 8-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qəhrəmanlı ittihamları qəbul etməyib, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.

2017-ci il yanvarın 25-də məhkəmə Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

O Nardaran hadisələri ilə bağlı statuslara görə, həbs edilmişdi.

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, Nardaran hadisələri ilə bağlı 70-dən çox şəxs həbs edilmişdi.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Terror və bir çox ağır cinayətlərdə ittiham edilən 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. Fuad Qəhrəmanlı da sözügedən cinayət işi üzrə, həmin qrupun tərkibində mühakimə olunub.

“Nardaran işi” üzrə tutulanlar məhkəmədə ittihamları qəbul etməyiblər, saxlanarkən və sonrakı günlərdə onlara ağır işgəncə verildiyini söyləyiblər.

Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə əməkdaşları işgəncə şikayətlərini yalanlayıblar.

***

Qiyas İbrahimov : “Bizim buraxılmağımızla heç nə bitməyib”

Qiyas İbrahimov da azad olunacağını gözləmədiyini söyləyib:

“Mən buna adaptasiya olmamışdım, amma fərqi yox idi. Həbsdə dostlarımız var, hər halda bizim buraxılmağımızla heç nə bitməyib. Çalışmalıyıq ki, bu sonun başlanğıcı olsun. Ümid edirəm ki, bundan sonra ədalət bərpa olunar...”.

Qiyas Ibrahimov, 17 mart 219
Qiyas Ibrahimov, 17 mart 219

​Q.İbrahim bildirib ki, əngəl yaratmasalar, təhsilini davam etdirəcək.

***

Prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə azadlığa çıxan gənc fəal İlkin Rüstəmzadə deyib ki, bunu gözləmirdi:

“Mən bu hakimiyyətdən heç nə gözləmirdim. Əslində, bir nəfərin yox, bütün ölkənin azadlığı vacibdir. Gec buraxılmağım hakimiyyətin mənə xüsusi münasibəti ola bilər. Mən demirəm ki, qaldığım yerdən başlayacam, yox, daha irəli gedəcəm”.

"Xüsusi bir dəyişiklik yoxdur"

Bayram Məmmədov , 17 mart 2019
Bayram Məmmədov , 17 mart 2019

Həbsdə olab başqa bir fəal Bayram Məmmədov da azadlığını gözləmədiyini söyləyib:

“Xüsusi bir dəyişiklik yoxdur, biz yenə də mübarizə meydanındayıq”.

Onlar səhhətlərinin qaydasında olduğunu deyiblər.

"Çünki əfv ərizəsi yazmamışdım"

Keçimiş müstəntiq Rüfət Səfərov da əfv olunacağını gözləmədiyini deyib:

“Çünki əfv ərizəsi yazmamışdım”

Rüfət Səfərov azadlıqda, 17 mart 2019
Rüfət Səfərov azadlıqda, 17 mart 2019

​O, deyib ki, həbs həyatı onun prinsiplərində heç dəyişiklik etməyib:

“Azərbaycanda demokratiya bərpa olunana qədər mübarizəm davam edəcək. Həbsdə olan insanların azadlığa çıxması üçün hüquqi imkanlarımdan istifadə edəcəcyəm”.

Xatırlatmalar

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.
B.Məmmədov da digər gənc fəal Q.İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edib.

Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduğu açıqlanıb.

R.Səfərov isə 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemindəki vəziyyəti tənqid edərək bu sistemdən çıxdığını bildirib. Həmin vaxta kimi R.Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi idi.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanıb və təkrar rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.O, da ittihamı qəbul etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG