Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 00:13

İlkin Rüstəmzadə: "Atamı polisə aparıblar…".


İlkin Rüstəmzadə 6 illik məhbus həyatı və dostları ilə münasibətini AzadlıqRadiosu ilə bölüşür
Gözlə

No media source currently available

0:00 0:20:08 0:00

İlkin Rüstəmzadə 6 illik məhbus həyatı və dostları ilə münasibətini AzadlıqRadiosu ilə bölüşür

İctimai fəal İlkin Rüstəmzadənin atası Bəkir Xəlilovun bugün, aprelin 8-də polisə aparıldığı, daha sonra isə sərbəst buraxıldığı bildirilir.

Bu barədə məlumat verən İ.Rüstəmzadənin sözlərinə görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları onu evdə tapmayanda atasını polisə aparıblar: "Gəlib evə məni soruşublar. Valideynlərimə bildiriblər ki, bölməyə gəlməliyəm. Məni tapmayanda isə atamı polisə aparıblar. Bunu biləndə atamla əlaqə saxladım. Polis əməkdaşı atamın əlindən telefonu alaraq bildirdi ki, mən bölməyə gəlməsəm, atamı aparacaqlar. Amma bir müddət sonra atamı sərbəst buraxdılar".

İ.Rüstəmzadə bildirib ki, onun həbs ehtimalı var: "Düzdü mənə bildirdilər ki, həbs etməyəcəklər, söhbət etmək istəyirlər. Amma mən buna inanmıram. Söhbət etmək istəyirlərsə, evimə çağırış vərəqəsini göndərsinlər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan" agentliyinə İ. Rüstəmzadənin dedikləri ilə bağlı bunları söyləyib: "İlkin Rüstəmzadəni polisə dəvət edirlərsə, deməli, getmək lazımdır. Səbəbsiz yerə çağırmazlar. Atasına gəlincə isə, onu polisə aparmayıblar, sadəcə, ondan oğlunun yerini soruşublar".

İlkin Rüstəmzadə evlərinə polis gəldiyini deyir

İctimai fəal İlkin Rüstəmzadə həbs oluna bilinəcəyini düşünür.

Bu barədə AzadlıqRadiosuna İ.Rüstəmzadənin özü məlumat verib. Onun sözlərinə görə, bugün, aprelin 8-də qeydiyyatda olduğu evlərinə polis gəlib: "Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları evimizə gəlib, ailəmdən yerimi soruşublar. Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər isə bunun qanunsuz olduğunu deyərək mənim karantin qaydalarını pozduğumu bildiriblər. Halbuki, mən aprelin 2-si köçmüşəm yeni evə".

İ.Rüstəmzadə bildirib ki, polisin onu axtarmasının səbəbi bir neçə gün əvvəl tərtib etdiyi petisiyada ola bilər: "Mən koronavirusla və onunla bağlı tətbiq edilmiş karantin rejimə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətdən vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal və bank ödəmələrinin dayandırılması istənilirdi".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Turan" agentliyinə bildirib ki, bu deyilənlərdən xəbəri yoxdur.

Daxili İşlər Nazirliyindən isə deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilmişdi. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. "Amnesty International" hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci "vicdan məhbusu" adlandırıb. O, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. Rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 82 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 717 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 8 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi də elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmirdi. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə isə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Əks halda, cərimələnirlər.

XS
SM
MD
LG