Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:45

İlham Əliyevin səs-küylü fərmanı bir ildə nəyi dəyişdi


Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?

Prezident İlham Əliyevin ötən ilin aprelində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında" Fərman uzun müddət müzakirə edildi. Rəsmilər bu fərmanın ölkənin məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə gətirib çıxaracağını iddia edirdi. Elə tənqidçilər də ümidsiz deyildi. Özəlliklə alternativ ekspertiza institutunun tətbiqi, məhkəmə iclaslarının audioyazısına icazə və s. məqamların fərmanda əksini tapması uzun illərdir narazılıq yaradan problemlərin həllini tapacağına ümid yaradırdı.

Səs-küylü fərmanın imzalanmasından bir il ötür. Bu sənədlə bağlı gözləntilər özünü doğrultdumu?

"Məhkəmə iclasının səs yazısı olsaydı..."

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna danışır ki, o da ümidli idi, müdafiəçi kimi fəaliyyətində qarşılaşdığı problemlərin az da olsa, həllini gözləyirdi. Amma təəssüflə qeyd edir ki, hələlik, gözləntiləri özünü doğrultmayıb:

N.Kərimli
N.Kərimli


"Düzdür, qanunvericiliyə müəyyən dəyişikliklər edilib, layihələr hazırlanıb. İnzibati-iqtisadi məhkəmələr ləğv olunub, ayrıca inzibati və kommersiya məhkəmələri fəaliyyətə başlayıb. Dövlət hesabına vəkilliklə bağlı ödənişlər Vəkillər Kollegiyasının özünün səlahiyyətinə verilib. Amma ədalət mühakiməsinə birbaşa təsir edəcək məsələlər vardı ki, onlar hələ də kağız üzərində qalıb".

N.Kərimli bildirir ki, vəkil kimi onun özü də məhkəmə iclas protokollarında ifadələrin təhrif olunması, ekspertizanın yanlış rəy verməsindən əziyyət çəkir. Məhz bu məsələlərin qismən də olsa, həllinə ümid edirdi:


"Nə qədər adamlar saxta ekspert rəyi əsasında qanunsuz cəzalandırılıb. Şəxsən mənim təcrübəmdə o qədər işlərdə protokollarda ifadələr saxtalaşdırılıb ki... Fərman apreldə imzalanıb, biz noyabr ayında Tofiq Yaqublunun inzibati həbsiylə bağlı işdə də gördük ki, Nəsimi rayon Məhkəməsində protokollar saxtalaşdırılıb. Apellyasiya məhkəməsində bu məsələ ilə əlaqədar qeydlərimizi verdik. Hətta qeydlərimizi Nəsimi rayon Məhkəməsinə də göndərdilər. Cavab gəldi ki, heç bir təhrif olmayıb. Əgər, fərmanda göstərildiyi kimi, məhkəmə iclasının səs yazısı olsaydı, saxtakarlığı sübut etmək rahat olardı".

Vəkilin sözlərinə görə, məhkəmələr özləri iclasların audioyazısını aparır, amma müdafiə tərəfinə onu təqdim etmirlər. Nə də audioyazı iş materiallarına əlavə olunmur: "Əgər lazım olanda istifadə edə bilməyəcəmsə, mənim nəyimə lazımdır o səs yazısı? Bildiyimə görə, alternativ ekspertiza institutunun yaradılmasıyla bağlı proses gedir. Amma göründüyü kimi, bir il keçib, hələlik, bu imkan yoxdur".

Y.İmanov
Y.İmanov

"Siyasi sistem islah olunmayınca..."

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən hüquqşünas Yalçın İmanov düşünür ki, Azərbaycanın məhkəmə-hüquq sistemindəki durumu yalnız sabit siyasi iradə, məhkəmə hakimiyyətinin müstəqilliyinin özünə qaytarılması dəyişə bilər. Onun fikrincə, məhkəmə-hüquq sistemindəki nöqsanlar bu orqanların özündən yox, ölkədəki siyasi sistemin təbiətindən qaynaqlanır: "Siyasi sistem islah olunmayınca, belə islahat fərmanlarıyla hədəflərə çatmaqdan danışmağa dəyməz. Bu fərman da, bundan əvvəl qəbul edilmiş digər oxşar sənədlər kimi, ya tam icra edilmədi, ya da təhriflərlə icra edildi.


Düzdür, ixtisaslaşmış məhkəmələr - kommersiya məhkəmələri yaradılıb, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırlmasıyla bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilib, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqları genişləndirilib, hakimlərin ümumi sayının artırılması ilə bağlı tədbirlər həyata keçirilir və s. Ancaq, tutaq ki, hələ də ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi mexanizmi, özəl ekspertiza fəaliyyətinin necə qurulması və hansı üsullarla işlək vəziyyətə gətirilməsi ilə bağlı problem və suallar qalmaqdadır".

Y.İmanov yada salır ki, fərmanda əksini tapmasına baxmayaraq, inzibati məhkəmələr istisna olmaqla, digər məhkəmələrdə iclasların audioyazıyla aparılması, bütün məhkəmə qərarlarının elektron qaydada dərci kimi məsələlər də kağız üzərində qalıb.

Ə.Nuriyev
Ə.Nuriyev

"Məhkəmələrin 69 faizi elektron sistemə keçib"

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə nikbindir. Deyir ki, ötən bir ildə çox vacib addımlar atılıb. Bunlardan fərmanın icrası çərçivəsində 40-a qədər normativ-hüquqi aktın layihəsinın hazırlanması və onların əksəriyyətinin qəbulu; Məhkəmə-Hüquq Şurasında "Qaynar xətt"in yaradılması; hakimlərin sayının və maaşlarının artırılması; məhkəmə qərarlarının ümumiləşdirilməsi – vahid məhkəmə təcrübəsi və s. halları sadalayır: "Bu fərman ədalət mühakiməsinin səmərəliliyini, məhkəmələrə inamı artıran mühüm addım idi. Fərmanda göstərilən məsələlərin bir hissəsi icra olunub, bir hissəsinin icrası istiqamətində işlər davam edir. Məsələn, alternativ ekspertiza ilə bağlı qanuna dəyişiklik edilib, bu istiqamətdə başqa lazımi addımlar atılır. Yəqin ki, praktik olaraq da bu institutun işləməsinin şahidi olacağıq. Bu çox mühümdür. Dövlət orqanı tərəfindən keçirilən ekspertizanın nəticələrinə bir çox hallarda şübhələr yaranırdı. Yaxud məhkəmə qərarlarının ümumiləşdirilməsi. Oxşar işlərlə bağlı tamamilə bir-birinə zidd qərarların çıxarılması məhkəmə sisteminə inamsızlıq yaradırdı. Vahid məhkəmə praktikasıyla bu problem də aradan qalxır".

Ə.Nuriyev deyir ki, Azərbaycandakı məhkəmələrin 69 faizi elektron sistemə keçib. Amma bir sıra bölgələrdə texniki problemlər üzündən, hələlik, keçid baş tutmayıb. Onun sözlərinə görə, dövlət orqanları fərmanın 1 illiyi ilə əlaqədar hesabat xarakterli konfrans keçirib, görülən işlərlə bağlı məlumat verməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyasının yayılmasıyla əlaqədar tədbir təxirə salınıb.

Məhkəmə-Hüquq Şurasından AzadlıqRadiosuna bildirilib ki, fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkilindən tutmuş, cəza siyasətinin humanistləşdirilməsi, mülki-prosessual qanunvericiliyin təkmilləşdirilməsinə qədər müxtəlif addımlar atılıb: "40-a qədər normativ aktın layihələri hazırlanıb, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul olunub. Hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib. Məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib. 50-ə qədər məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG