Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 07:05

'Onu dubinka ilə o qədər döyüblər...'


Post-Patrul Xidməti
Post-Patrul Xidməti

Ağdaş sakini İbrahim Cəfərovun ölümüylə bağlı rayon prokurorluğunda aparılan araşdırmalardan onun ailəsi narazıdır. Anası Səmayə Cəfərova iddia edir ki, müstəntiq bu işlə bağlı gerçəkləri ört-basdır etmək yolunu tutub. Onun sözlərinə görə, özəlliklə polis əməkdaşlarını məsuliyyətdən kənarda saxlamaq üçün müxtəlif üsullardan istifadə olunur.

Cəfərova oğlunun ölümünün səbəbiylə bağlı rəy vermiş ekspertlərdən də gileylənir. Deyir ki, ekspertiza rəyləri qətiyyən reallığa uyğun deyil. Üstəlik, iki ekspertin eyni məsələ ilə bağlı rəylərində bir-birinə zidd məqamlar var.

47-yaşlı İbrahim Cəfərov mayın 4-də vəfat edib. Anası deyir ki, oğlu mayın 3-də gecə saatlarında polislər tərəfindən möhkəm döyülüb, aldığı xəsarətlərdən də bir gün sonra həyatını itirib.

Hər iki rəydə xəsarət izlərindən danışılır

"Mayın 3-də gecə saatlarında oğlum ad günündən gələndə yolda yıxılıb, çünki sərxoş olub. Polislər yaxınlaşıb ona sərxoş olmasını irad tutublar, buraxmaq üçün pul istəyiblər. Buna görə aralarında mübahisə düşüb. Oğlumu Post-Patrul Xidmətinin maşınına oturdub aparıblar. Onu dubinka ilə o qədər döyüblər, evə gələndə şalvarı qan, qolları gömgöy idi...", - Cəfərova bildirib.

O deyir ki, oğlu evə daxil olanda vəziyyəti yaxşı deyildi, nəfəs ala bilmirdi. Amma onlara başına gələnləri – polislərin onu döydüyünü danışıb. Oğlunun döyüldüyünü bir neçə şahidin də gördüyünü vurğulayan Cəfərova ölüm səbəbiylə bağlı ekspertizanın saxta rəy verdiyini iddia edir.

Hər iki ekspert rəyində Cəfərovun ölümünə səbəb kimi "xroniki aktiv Hepatit-lə əlaqədar inkişaf etmiş xroniki ürək çatışmazlığının kəskinləşməsi, ürək-qaraciyər çatışmazlığı" göstərilib. Eyni zamanda, hər iki rəydə də meyitin üzərində bir sıra xəsarət izlərinin olması, onların küt əşya vasitəsilə yetirildiyi də əskini tapıb. Hətta dəyənək vasitəsilə yetirilməsi də istisna olunmayıb. Lakin ekspertlər bu xəsarətlərin ölümə səbəb olmadığını vurğulayıblar.

DİN deyir, sərxoş olub, ekspert...

Bundan başqa, ekspertlər meyitdən götürülmüş qanda spirt aşkarlanmadığını rəydə göstəriblər. Amma anası deyir ki, Cəfərovun sərxoş olduğunu görən xeyli şahid var. Ən əsası, Daxili İşlər Nazirliyinin (DİN) bu ölüm hadisəsiylə bağlı açıqlamasında onun sərxoş olduğu deyilir: "Bu qədər fakt var, rəy verirlər ki, spirt aşkarlanmadı. Elə bunun özü rəyin saxta olduğunu deməyə kifayətdir. Oğlum qaraciyər xəstəliyindən əziyyət çəkməyib, bu barədə heç bir sənəd-sübut yoxdur. Xəsarət izlərini sadalayıb bunun ölümə gətirib çıxarmadığını yazırlar. Bu fikri də əsaslandırmırlar. Rəylərdə ziddiyyətlər var. Birinci rəydə 8-9-cu qabırğaarası sahədə qansızmaların olduğu göstərilib, əlavə rəydə isə 8-ci qabırğanın onurğayanı xətt üzrə yerini dəyişməyən sınığı...".

Bu rəylərə əsaslanıb, cinayət işi başlanmadığını, günahkarların cəzasız qaldığını söyləyən Cəfərova müxtəlif dövlət orqanlarına şikayət edib. Baş Prokurorluğa müstəntiqin, Səhiyyə Nazirliyinə isə ekspertlərin hərəkətlərindən narazılığını çatdırıb. Əsas tələbi isə yenidən ekspertiza keçirilməsi, obyektiv rəy verilməsidir.

DİN təkzib edir

Daxili İşlər Nazirliyi Cəfərovun polislər tərəfindən döyülməsi, aldığı xəsarətlərdən ölməsi haqda iddiaları təkzib edir. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, mayın 3-də gecə saatlarında Ağdaş rayonunda polislər yol kənarında bir nəfərin yıxıldığını görüb. Həmin şəxs sərxoş vəziyyətdə olub: "Polislər onun evinə çatmasına köməklik göstərməyə çalışıblar, lakin o, imtina edib. İbrahim Cəfərovun evinə çatana qədər bir neçə dəfə yıxılıb, bunu müşahidə kameraları da qeydə alıb. Növbəti gün yenə sərxoş olub və saat 23:00 radələrində yaxınları onun öldüyünü aşkar ediblər".

Baş Prokurorluqdan isə bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq, qanuni qərar veriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG