Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İ.Rüstəmzadə: 'Bu qərar mənim üçün çox ağır və sarsıdıcı oldu'


İ.Rüstəmzadə
İ.Rüstəmzadə

NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə Avropa İnsan Haqları Məhkəməsinin martın 7-də onun haqqında çıxardığı qərardan narazı qalıb. Bu barədə AzadlıqRadiosuna onun anası Atlas Hüseynova məlumat verib.

Anası bildirib ki, İlkin özəlliklə onun işində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunun tanınmamasından narazı qalıb. Bu maddə Konvensiyada nəzərdə tutulan hallar istisna olmaqla, başqa məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasını qadağan edir. Gənc fəalın şikayətində onun siyasi məqsədlərlə həbs olunduğu vurğulanaraq, bu maddənin pozuntusunun tanınması da istənmişdi. Avropa Məhkəməsi belə hesab edib ki, bu maddə üzrə ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirilməyib.

Avropa Məhkəməsi onun həbsini Konvensiyanın 5.1 (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusu kimi tanıyıb. Buna görə Azərbaycan hökumətinin üzərinə İ.Rüstəmzadəyə mənəvi zərərə görə 20 min, məhkəmə xərclərinə görə isə 2 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

«Avropa İnsan Hüquqları Məhkəməsinin dünən barəmdə qəbul etdiyi hüquqi cəhətdən yarımçıq, siyasi və mənəvi cəhətdən isə rəzil və rüsvayçı qərar mənim üçün çox ağır və sarsıdıcı oldu», – anasının sözlərinə görə, İlkin martın 8-də ailəsiylə telefonla danışarkən belə deyib.

A.Hüseynova
A.Hüseynova

«Adının cılız videonu çəkən şəxs kimi hallandırılmasını istəmir»

A.Hüseynova deyir ki, İlkin narazı salan həm də «Harlem Shake» rəqsinin qabardılmasıdır. Qərarda da bundan bəhs olunub: «Hamı bilir ki, İlkini «Əsgər ölümlərinə son!» aksiyasının təşkilinə görə həbs eləyiblər. Yəni ittihamda nə yazılmasından asılı olmayaraq, əsl səbəb budur. Çox təəssüf ki, onun həbsindən sonra bu məsələ çox hallandı, İlkinə buna görə bəraət qazandırmaq istəyirdilər. Halbuki, o məsələdə ümumiyyətlə, İlkinlik heç nə yox idi. Bunu Mehman Hüseynov da etiraf edib demişdi ki, «o videonu mən çəkmişəm». İlkin buna görə bəzi vəkillərdən, hüquq müdafiəçilərindən narazı qalmışdı. Biz heç kimin əməyini kiçiltmək, yerə vurmaq istəmirik. Amma onu da başa düşmək lazımdır ki, altı ildir həbsdədir, adının cılız, səviyyəsiz videonu çəkən şəxs olaraq hallanmasını istəmir».

2013-cü ilin yanvar və mart aylarında keçirilən «Əsgər ölümlərinə son!» aksiyasına sosial şəbəkələrdə dəvətləri (event) İ.Rüstəmzadə hazırlayıb yaymışdı. Bundan sonra ona 15 günlük inzibati həbs cəzası verilmiş, bu müddət başa çatanda isə barəsində cinayət işi başlanmışdı.

«Əvvəlki kompensasiyanı da ala bilməmişik»

A.Hüseynova bildirir ki, İlkinin inzibati həbsinin qanunsuzluğu barədə də Avropa Məhkəməsinin qərarı var. Həmin qərarda təyin olunmuş 6 min avroluq kompensasiyanı da iki ilə yaxındır ala bilmirlər: «İlkin atasının adına etibarnamə verdi, kompensasiya ödənişi üçün Prezident Administrasiyasına göndərdik. Xeyli keçəndən sonra xəbər çıxdı ki, etibarnamə gedib çatmayıb, itib. Sonra mənim adıma etibarnamə verdi, onu da göndərdik. Yenə də heç bir xəbər yoxdur. İlkinin Avropa Məhkəməsinə şikayətləri də iki dəfə it-bata düşmüşdü. Ona görə onun haqqında qərar belə gec çıxdı».

İ.Rüstəmzadə 2013-cü ilin martından həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum edilib.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı onu «vicdan məhbusu» adlandırıb.

2013-cü ildə onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.

Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivlərlə heç kəsin həbs cəzası çəkmədiyini deyir, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqidlərini rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG