Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Aprel döyüşlərinin ildönümündə Əliyev xüsusi təyinatlılara baş çəkdi


İ.Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində
İ.Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində

«Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır».

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 2-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində deyib.

Prezident vurğulayıb ki, aprel döyüşlərindən 3 il keçir. «Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür», - prezident vurğulayıb.

Dövlət başçısı deyib ki, aprel döyüşləri zamanı minlərlə hektar torpaq işğalçılardan azad edilib: «Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik».

Prezident bu çıxışında da, əvvəllər olduğu kimi, müxalifəti tənqid edib: «Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi...».

İ.Əliyevin iddiasına görə, ancaq keçmiş prezident Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edilib.

«Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır»

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindən də danışıb: «O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır».

İ.Əliyev deyib ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəyib: «Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi».

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Atəşkəs dövründə də cəbhədə tez-tez atəş səsləri eşidilir. 2016-cı il aprelin 2-dən 5-nə kimi isə cəbhə bölgəsində iri silahlar işə düşüb, hər iki tərəfdən itkilər olub. Azərbaycan həmin döyüşlərdə strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdiyini bəyan edib. Sonradan Rusiyanın vasitəçiliyi ilə tərəflər yenidən atəşkəs razılığı əldə ediblər. Tərəflər atəşkəs pozuntusuna görə, bir qayda olaraq, bir-birlərini ittiham edirlər.

Amma Azərbaycan müxalifəti prezident İ.Əliyevin işğal edilən ərazilərə görə, bir qayda olaraq, AXC-Müsavat hakimiyyətini günahlandırmasını düzgün saymırlar. 1992-ci ilin may ayının ortalarından 1993-cü ilin iyul ayının ortalarına kimi hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının bəzi aparıcı simaları indi müxalifətdə yer alırlar. Onlar deyirlər ki, hakimiyyətdə olduqları dönəmdə yalnız Kəlbəcər rayonu işğal edilib. Müxalifət vurğulayır ki, ölkənin 5 rayonu məhz prezident ilham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dönəmində işğal edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG