Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

İşgəncə şikayətləri və ona verilən cavablar


Z.Salayev
Z.Salayev

Bu il yanvarın 13-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alan AXCP fəalı Zamin Salayev ailəsinə məktub göndərərək 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirib. Z.Salayevin iddiasına görə, polis idarəsində ona işgəncə veriblər, qeyri-insani rəftara məruz qalıb. «...Aparıb lüt soyundurdular, kamera qarşısında yeri təmizlətdirmək istədilər. İmtina elədim. Əllərim qandallı o qədər döydülər ki,...», - məktubda yazılıb.

Daxili İşlər Nazirliyi isə Z.Salayevin işgəncələrə məruz qalması ilə bağlı iddialarını yalanlayıb.

Amma bundan bir müddət öncə AXCP sədri Əli Kərimli və daha bir neçə müxalifətçi də polisdə işgəncəyə məruz qaldığını və bu zaman hər şeyin lentə alındığını söyləmişdilər. Hərçənd, hüquq-mühafizə orqanları həmin iddiaları da təkzib etmişdilər. Hətta Ə.Kərimlinin saxlandıqdan sonra özünə xəsarət yetirdiyi də iddia olunmuşdu.

Bəs işgəncə şikayətlərinin ölkədə ədalətli araşdırılmasından ötrü lazımı imkanlar varmı?

C.Cavadov
C.Cavadov

«Azərbaycanda bu, çox çətindir»

AXCP fəalı Z.Salayevin vəkili Cavad Cavadov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayətini dünən (yanvarın 23-ü –red.) Bakı Apellyasiya Məhkəməsinə göndərib. C.Cavadov əlavə edib ki, apellyasiya şikayəti Z.Salayevin 2020-ci il yanvarın 13-də 30 sutka inzibati cəzaya məhkum edilməsi haqqında Səbail Rayon Məhkəməsinin qərarından verilib. Amma vəkil apellyasiya prosesinin nə zaman baş tutacağını bilmir:


«Şikayət ərizəsinə məhkəməyə daxil olan kimi baxılmalıdır. Amma bəzən məhkəmə iclasının olacağını elə qəfil xəbər verirlər ki, hətta vəkil kimi iştirak etmək imkanı belə münasib olmur».

Z.Salayevin işgəncə ilə bağlı iddiasının apellyasiya məhkəməsində araşdırılmasının mümkünlüyü ilə bağlı isə vəkil bunları deyib: «Azərbaycanda bu, çox çətindir. Reallıqda çox çətindir. Belə halları, ümumiyyətlə, qəbul etmirlər».

S.Həzi
S.Həzi

«...Sual altındadır»

AXCP sədrinin müavini Seymur Həzi isə AzadlıqRadiosuna deyib ki, elə işgəncə halları olub ki, video, foto faktlarla göstərilib, amma araşdırılmayıb: «Milli Şuranın 2019-ci il 19 oktyabr aksiyası zamanı AXCP sədri Əli Kərimliyə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya belə işgəncələr olub...».

S.Həzi deyib ki, Z.Salayev inzibati cəzasını çəkib çıxana kimi işgəncə izlərinin qalıb-qalmayacağı sual altındadır: «Amma obyektiv həkimlər olarsa, bunu da müəyyən etmək olar ki, şəxs hansı işgəncələrə məruz qalıb. Hökumət belə halları araşdırmaqda maraqlı deyil.


Müstəqil ekspertlər isə bu məsələdə həvəsli deyillər, ona görə ki, qorxurlar. Təsəvvür edin ki, vəkil müdafiə etdiyi şəxsin əzildiyini görür, amma çıxıb bununla bağlı ictimai açıqlama vermir. Bilir ki, ona qarşı cinayət işi açıla, vəkilliyi dayandırıla bilər. Belə bir ölkədə yaşayırıq».

Sədr müavini hökumətin də belə halları araşdırmaqda maraqlı olmadığını söyləyib: «Həm də ona görə maraqlı deyillər ki, bu məsələlərdə hökumət özü tərəfdir. Onlar istəyir ki, törətdiyi əməllərə görə insanlarda qorxu hissi yaransın. Qorxu həm də o istiqamətə yönəlsin ki, təkcə döyülən, əzilən, işgəncəyə məruz qalan yox, kənardan görən, bunu ictimailəşdirmək istəyənlər belə təzyiqi öz üzərilərində hiss etsinlər».

F.Ağamalı
F.Ağamalı

«Beynəlxalq təşkilatların diqqətini cəlb etməyə çalışırlar»

V çağırış Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə «Turan» agentliyinə deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları birmənalı olaraq hüquqa, ölkə qanunlarına söykənərək fəaliyyətini qurur, sabitliyi, vətəndaşların təhlükəsizliyini təmin edir: «Amma buna qarşı hansı ad altında olursa-olsun çıxanlar isə qanun qarşısında cavab verməlidirlər. Qanunu pozmağa heç kimə ixtiyar verilməyib».

Polis idarələrində işgəncələrə yol verilməsi və bunun lentə alınması ilə bağlı iddialara gəldikdə isə, o, bunları söyləyib: «Məndə belə fakt yoxdur ki, kiməsə işgəncə verilib. Bu termin və anlayışdan daha çox istifadə edənlər beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etməyə çalışırlar. Ad və soyadlarının qarşısına bir «siyasi məhbus» adı qoydururlar və sonra da xaricə üz tutub deyirlər ki, artıq siyasi məhbusdurlar, orada yaşamaq imkanı vermirlər və sairə. Bütün bunların hamısı çirkin bir texnologiyanın ayrı-ayrı elementləridir».

Xatırlatma

Zamin Salayev yanvarın 13-də AXCP-nin digər iki fəalı – Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. Onların haqqında 8-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, hər biri 50 manat cərimələnib.

«Mən, Ceyhun Novruzov və Əlizamin Salayev (Zamin Salayev) Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişdik, yemək sifariş vermişdik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı. Ceyhun və Əlizamin bəyin alkoqol qəbul etdiyi bildirildi. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Ceyhun Novruzovu 50 manat cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar», - həmin gün AXCP fəalı N.Abdullazadə AzadlıqRadiosuna demişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, Z.Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətdə ictimai asayişi pozmağa yönəlik hərəkətlər edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG