Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 12:54

İşçisi '50 gün fasiləsiz işləyirik' deyir, SOCAR təkzib edir


SOCAR işçisi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz platformasında çalışan işçilərindən bəziləri onları aylarla çalışdırıb, buna görə əməkhaqqının ödənilmədiyini iddia edirlər.

İşçilərdən təhlükəsizlik baxımından adının açıqlanmasını istəməyən birisi AzadlıqRadiosuna bildirib ki, onlar artıq 50 gündür fasiləsiz platformada çalışırlar: "50 gün fasiləsiz istənilən hava şəraitində çalışırıq. SOCAR isə əmək haqqımızı çox az ödəyir və çox əksik verir. Son bir neçə gündür hava şəraiti pis idi. Bu hava şəraitində nə təxliyə edirlər, nədə ki öz haqqımızı doğru hesablayıb verirlər".

Həmin işçi həmçinin deyib ki, şəraitləri də ürəkaçan deyil:

"Körpə balalarımız var"

"Hazırda həm içməyə, həm də yuyunmağa su çatışmazlığı var. Bizlərə bir şey olsa, ölüb gedəcəyik. Amma ailələrimiz var. Körpə balalarımız var…".

SOCAR-ın mətbuat xidmətindən isə "Turan" agentliyinə bu deyilənləri təkzib ediblər. Qurumdan vurğulayıblar ki, heç bir insanı bir ay ərzində hər gün fasiləsiz işlətmək ən azından fiziki cəhətdən mümkün deyil:

"İnsanlar adi gündəlik qrafik üzrə çalışırlar"

"Həqiqətdə karantin dövründə dəniz özüllərində çalışan işçilərin gündəlik iş saatlarında heç bir dəyişiklik olmayıb, insanlar adi gündəlik qrafik üzrə çalışırlar. Yəni, iş vaxtları ilə yanaşı, işçilərin gündəlik istirahət vaxtları da adi qaydada təmin olunur".

Şirkətindən əlavə ediblər ki, karantin tədbirlərinə görə platformalara işçilərin gediş-gəlişinə müəyyən məhdudiyyətlər qoyulub və buna görə bəzi işçilərin ümumi növbə müddəti uzadılıb:

"Növbə uzadılıb"

"İşçi adi halda dənizdə 15 gün qalaraq işləyirsə, karantin dövründə bəzi işçilərin növbəsinə bir neçə gün və ya bəzi hallarda 15 günə qədər əlavə olunub. Platformalarda yalnız istehsalat zərurətinin tələb etdiyi minimum sayda işçilər saxlanılıb. Yaşlı olan və ya səhhəti ilə bağlı risk qrupunda olan əməkdaşlar sahilə çıxarılıblar. Hər hansı zəruri şəxsi səbəblərə görə platformaları tərk etmək istəyən işçilər də sahilə təxliyə olunur".

"Əməkhaqqı ödənişləri artırılıb"

SOCAR-dan o da bildirilib ki, uzadılmış növbədə qalan işçilərin əməkhaqqı ödənişləri, qanunvericiliyin tələblərinə uyğun olaraq, artırılıb: "Əməkhaqqının artım nisbəti hər bir işçinin faktiki iş müddətindən asılıdır, üstəlik, işçilərə normadan əlavə işlədikləri iş saatlarına görə əvəzgün haqqı ödənilir. Misal üçün, əgər işçi aprel ayında normal halda 176 saat işləməli idi, amma faktiki 360 saat işləyibsə, onun maaşı 176 saat nisbətində deyil, 360 saat nisbətində hesablanır. Üstəlik, normadan əlavə hər bir iş saatına görə (bu misalda 184 saat) əvəzgün haqqı ödənilir. Əvəzgün haqqı işçinin iş yerindən (dəniz platforması, Çilov adası və s.) asılı olaraq, 40-70 faiz civarında dəyişir. Beləliklə, gətirilən misalda ümumi maaşın artımı iş vaxtının artımından da çox təşkil edə bilər. Lakin qeyd edək ki, bu hesablamalar ümumi əməkhaqqına aiddir. Yəni, işçinin maaşı artdıqca, qanunda nəzərdə tutulan vergilər də artdığına görə xalis (vergilər çıxılandan sonra qalan) əməkhaqqının artım nisbəti bir qədər fərqli ola bilər".

Xatırlatma

Yeni koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir və başqa məhdudiyyətlər var. İndiyə kimi bu virusa yoluxanlardan dünyada 293 mindən çox şəxsin (Azərbaycanda 33) vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG