Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Hüseyn Abdullayevin anası ölkədən başqa adla gedib-gəlirmiş...


Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva
Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva ilə birlikdə mühakimə olunan sərhədçilərin cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri aydınlaşıb.

Məlum olub ki, Zeynəb Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bir neçə dəfə xaricə gedib və qayıdıb.

Hüseyn Abdullayev və digərlərinin işinə Bakı Hərbi Məhkəməsində baxılır. İşi məhkəmə sədri Həbib Həsənov özü araşdırır.

Aprelin 9-da keçirilən məhkəmə iclasına media nümayəndələri buraxılmasa da, orada baş verənlərdən xəbər tutmaq mümkün olub.

Məhkəmədə öncə prokuror ittiham aktını elan edib. Məhkəmə qarşısına çıxarılan 9 nəfərin heç biri özünü təqsirli bilməyib.

İttihamda yazılıb ki, Zeynəb Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Zeynəb Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var.

O, aprelin 9-da məhkəmədə ifadə verərkən deyib ki, özünü təqsirli bilmir. Taksi fəaliyyəti göstərir və Zeynəb Abdullayevanı da sərnişin kimi aparıb.

Onun sözlərinə görə, Abdullayevanı Balakənə aparması üçün ona digər təqsirləndirilən İntiqam Süleymanov müraciət edib:

“İntiqam xahiş edib ki, dayım arvadını Balakənə aparmaq lazımdır, mən də aparmışam. Mən Zeynəb xanımın hansı məqsədlə getdiyini bilməmişəm”.

İddia olunur ki, sərhədçilər rüşvət müqabilində Zeynəb Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq, Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.

Hüseyn Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsilə təqsirləndirilir.

Zeynəb Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

Hüseyn Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG