Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:21

'Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı'


Polis şöbəsində özünü üçüncü mərtəbədən atan Yaqut Əliyeva hələ də xəstəxanadadır
Polis şöbəsində özünü üçüncü mərtəbədən atan Yaqut Əliyeva hələ də xəstəxanadadır

“Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə, 1579 əməkdaş cəzalandırılıb. 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfərsə cinayət məsuliyyətinə cəlb edilib”.

Daxili işlər naziri Ramil Usubov fevralın 16-da Avropa Şurasının işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın, cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə deyib. Nazir bildirib ki, şəxsi heyət insan hüquq və azadlıqlarının pozulması barədə müraciətləri operativ və obyektiv araşdıraraq tədbirlər görür.

Buna da bax:​ Ramil Usubov: 'İnsan haqlarını pozan 1579 polis cəzalandırılıb'

Hüquq müdafiəçisi şübhə edir

Hüquq müdafiəçisi Rəsul Cəfərov Ramil Usubovun dediklərinə şübhəylə yanaşır. Onun fikrincə, əvvəla, yaxşı olardı ki, nazir həmin rəqəmləri Avropa Şurasının nümayəndəsindən qabaq yerli ictimaiyyətə açıqlayaydı. Eyni zamanda, “kimlərin hansı işə görə cəzalandırıldığı, işdən çıxarıldığı, barəsində cinayət işi açıldığı və s. haqda detallı məlumat verilsə, daha uyğun olardı”:

Rəsul Cəfərov: 'Əvvəla yaxşı olardı ki, nazir həmin rəqəmləri qabaq yerli ictimaiyyətə açıqlayaydı'
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00
Direct-ə keçid

“O halda biz əmin olardıq ki, həqiqətən də belə addım atılıb. Bu olmayacağı təqdirdə nazirin səsləndirdiyi rəqəmlərlə bağlı suallar açıq qalacaq və onun həqiqəti əks etdirib-etdirmədiyi barədə düşünəcəyik. Məsələnin bir başqa tərəfi də var. Cəmiyyətdə əks-səda verən, diqqətdə saxlanılan bir sıra işlərdə polisin insan hüquq və azadlıqlarını pozması halları çox baş verib. Məsələn, Mehman Hüseynova, Bayram Məmmədova, Qiyas İbrahimova qarşı işdə. Başqa siyasi məhbusların işində də işgəncə haqda danışılıb. Amma bunlarla bağlı kimlərinsə cəzalandırılması, işdən çıxarılmasına dair indiyədək məlumat yoxdur. Bu da belə deməyə əsas verir ki, heç kim cəzalandırılmayıb”.

Buna da bax:​ Yaqut Əliyeva: 'Əlifağa mənə dedi ki, sənə... yeridəcəyəm...'

Polisdən şikayət edənlər kimlərdir?

Lənkəranda ötən ilin dekabrında polis şöbəsində özünü üçüncü mərtəbədən atan Yaqut Əliyeva hələ də Bakıda xəstəxanadadır. Əlləri, ayaqları gipsdə, ağrıdan səsi də çıxmır. O, AzadlıqRadiosu-na deyir ki, Lənkəran rayon polis rəisinin müavini Əlifağa Kazımovun sözləri üzündən özünü üçüncü mərtəbədən atıb: “Məni döyür, işgəncə verirdilər. Döyürdülər nə sözdür, ey... “Tok”a vermək istəyirdilər, amma özümü saxlaya bilmədim, üçüncü mərtəbədən tullandım...”.

Yaqut Əliyeva fevralın 17-də radionun əməkdaşına deyib ki, başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxılmayıb.

Nardaran işinə görə həbs edilən İsa İbrahimovsa məhkəmədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona necə işgəncə verildiyindən danışıb: “Şöbə rəisi Kərim Əlimərdanov məni otağına gətirən kimi, seyfdən başıqotazlı bir çubuq çıxardı. Onu görəndə Müaviyəni yadıma saldım. Mənə dedi ki, “diz çök”. Cavab verdim ki, Allahdan başqasının qarşısında diz çökmərəm. Başıma o qədər vurdular ki, başım parçalandı. Onun nəticəsidir ki, 27 yaşım var, əsa ilə gəzirəm. “Bandotdel”də gecələr olanları danışsam, məni dəli sayarsınız... Məni o qədər döyürdülər ki, qalxıb çarpayıda yatmağa halım olmurdu, yerdə yatırdım”.

Buna da bax: 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

“Nardaran işi” adı ilə tanınan məhkəmə proseslərində polis özbaşınalığından, saxlanılanlara işgəncə verilməsindən təkcə İsa İbrahimov danışmayıb. Bu iş üzrə mühakimə olunanların böyük əksəriyyəti işgəncəylə üzləşdiyini deyib.

“Heykəl məhbusu” kimi tanınan, narkotik ittihamıyla 10 il azadlıqdan məhrum edilən Bayram Məmmədov da polis şöbəsində ona işgəncə verilməsindən danışmışdı: “Elə situasiya yaranır ki, adam hətta iki nəfərin ölümünü də boynuna götürmək məcburiyyətində qalır. Elə dəyərlər var ki, onlardan keçmək olmur. “Dubinka”, elektroşok, ağzını bağlayıb ikinci mərtəbədən atmaq, valideynlərlə hədələnmək...”

Məhkəmədə işgəncə haqda qaldırılan vəsatətlərin heç biri təmin edilmir. Nazirlik də deyilənləri təkzib edir.

Səadət Bənənyarlı: “Bunun statistikası aparılmır”

Buna da bax:'Qadını polis şöbəsində döyüb, 10 sutka həbs verdilər' [video]

Səadət Bənənyarlı
Səadət Bənənyarlı

“Çox təəssüf ki, polisin vətəndaşı saxladığı ilk vaxtlarda monitorinq apara bilmirik. Ən çox şikayətlər də həmin vaxtla bağlıdır, yəni işgəncə verilməsi və s-lə bağlı”. Hüquq müdafiəçisi Səadət Bənənyarlı belə deyir. O bildirir ki, məhkəmədə deyilənləri fakt kimi qəbul etmək çətindir, çünki ortada sübut yoxdur: “Məhkəmə gedir, amma indiyədək deyilənlərlə bağlı əks tərəfdən kimsə məsuliyyətə cəlb olunubmu? Deyilənlər təsdiqini tapıbmı? İşgəncə verildiyinə görə kimsə azad edilibmı? Bunun statistikası aparılmır. Təcridxanalarda monitorinq aparmağımıza isə imkan yoxdur. Ən çox şikayət də həmin yerlərdə baş verir”.

Nazir: “Polisin imicinə xələl gətirilir”

Nazir Usubov həmin görüşdə bəzi şəxslərin Azərbaycanda “polisin nüfuzuna və işgüzar imicinə xələl gətirməyə yönəlik fəaliyyətlər göstərdiyini”, beynəlxalq qurumlara, Avropa Şurasına əsassız və qeyri-obyektiv müraciətlər göndərdiyini bildirib.

Buna da bax: Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'

Elə bu günlərdə videobloqqer Mehman Hüseynov “polis imicinə xələl gətirdiyinə görə” DİN tərəfindən məhkəməyə verilib.

“Dərhal ağla gələn budur ki, niyə kimsə polisə şər atsın? Mehman Hüseynovu götürək. O adam psixi cəhətdən anormal deyil, ortada başqa səbəb də yoxdur. Niyə yalandan desin ki, mən belə bir münasibətlə üzləşmişəm. İnanıram ki, bu suala Ramil Usubovun da cavabı yoxdur”, - hüquq müdafiəçisi Rəsul Cəfərovun sözləridir

“Avropa Məhkəməsi və BMT Komitəsi də qərəzlidir?”

O, Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarlarını yada salır:

Buna da bax:​ Azərbaycan polisi ilə çex polisinin fərqi [video]

“2005-ci ildə kütləvi etiraz aksiyaları zamanı saxlanılan şəxslərə işgəncə verilməsi və qeyri-insani rəftarla bağlı AİHM-in qərarı var. Söhbət Sərdar Cəlaloğludan, mitinqdə gözü çıxarılan Mahirə Muradovadan gedir. Bu hallar olduğu halda deyilənləri böhtan adlandırmaq anlaşılmazdır. BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin də 2009-cu il hesabatında Azərbaycandakı işgəncələrdən danışılır. O zaman belə çıxır ki, BMT Komitəsi də Azərbaycan polisinə böhtan atır? Onda sual çıxır: axı niyə?”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG