Bundan 7-8 il öncə paytaxtın Yeni Günəşli qəsəbəsində qiymət nisbətən ucuz olsun deyə, tikintisi davam edən binadan mənzil almaq istəyən sakinlər illərdir müxtəlif problemlər məngənəsində qalıblar. Öncə məlum olub ki, binadakı eyni mənzillər bir neçə nəfərə satılıb; bu səbəbdən inşaat şirkətinin rəhbərliyi barəsində cinayət işi başlanıb və tikinti yarımçıq qalıb. Uzun müddət prokurorluq və məhkəmə yollarında qalan mənzil sahibləri indi də başqa bir problemlə üzləşiblər – onlar evlərinin pulunu tam şəkildə ödəsələr də, bunu təsdiqləyən arayışı ala bilmirlər.
Sakinlərdən birinin AzadlıqRadiosuna bildirdiyinə görə, onlar hazırda da problemin həllinə çalışırlar. Bu məqsədlə məhkəməyə müraciət olunub: "Hissə-hissə ödənişlər çoxdan bitib. Şirkət borcun olmaması barədə maliyyə arayışı verməlidir ki, mənzil sahibi sonrakı addımlarını ata bilsin".
Şirkət sahibinə şərti cəza kəsilib
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivindəki hündürmərtəbəli yaşayış binasını "Sahil-S İnşaat" Mənzil-Tikinti Kooperativi (MTK) inşa edib. Sakinlər 2018–2019-cu illərdə orada kvadratmetri 800–900 manatdan mənzil alıblar. 2022-ci ilin aprelində "Sahil-S İnşaat" MTK-nın sədri Taleh Alaverdiyev və "GG Company" MMC-nin direktoru Pənah Kərimov Yeni Günəşlidəki binada eyni mənzilləri bir neçə nəfərə satmaqda ittiham edilərək həbs olunublar. Onların işi üzrə istintaq və məhkəmə prosesi dörd ildən çox çəkib və 2026-cı ilin mayında hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Alaverdiyev azadlıqdan məhrum edilib, P.Kərimova isə şərti cəza verilib.
Bu işin istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaq dövründə müxtəlif qurumlara sorğular və məktublar göndərilib. Yarımçıq qalmış binadan mənzil alan vətəndaşlara kömək məqsədilə qərara alınıb ki, sakinlərin qalıq borcları toplansın və tikinti tamamlansın.
Binanın tikintisinə məsul şəxslər işi dayandırdıqları üçün mənzil alanlar öz vəsaitləri hesabına bu inşaatı başa çatdırıblar. Bunu Baş İdarənin rəisi Mehman Hümbətov sakinlərdən birinin şikayəti üzrə Suraxanı rayon Məhkəməsində gedən araşdırma zamanı göndərilən sorğuya cavabında bildirib. Vətəndaşların yenidən aldadılmaması üçün tikinti prosesinin davam etdirilməsini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi nəzarətdə saxlayıb.
Ayrı-ayrı sakinlərin şikayətləri əsasında Suraxanı və Nərimanov rayon məhkəmələrində aparılan araşdırmalar zamanı məlum olub ki, binanın tikintisinə kredit borcu olanlardan əlavə, ümumi sakinlərdən yığılan vəsait də xərclənib.
"Xərc çək, vəkil tut, məhkəmə yollarında qal"
AzadlıqRadiosuna danışan sakin bildirir ki, oktyabrın 15-də Nərimanov rayon Məhkəməsində borcun olmaması barədə maliyyə arayışının verilməsinə dair daha bir qərarın çıxarılmasına nail olublar: "Təbii ki, yaxşı qərardır, iddiamız təmin olunub. Amma ən adi məsələyə görə sakinlər niyə məhkəmə yollarında qalmalıdır? Xərc çək, vəkil tut, məhkəmə qapılarında qal... İllərlə davam edən əzab-əziyyətdir".
Tikintisi davam edən binalardan mənzil almaq istərkən dələduzluqla üzləşənlərin sayının artmasını nəzərə alan Baş Prokurorluq bir müddət öncə bu məsələ ilə bağlı vətəndaşlara müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, hələ 2023-cü ildə tikinti şirkətlərinin 100-dən artıq vəzifəli şəxsi eyni mənzilin bir neçə adama satılması və tikintinin yarımçıq saxlanması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib. Buna baxmayaraq, analoji hallar hələ də davam edir.
Baş Prokurorluq tövsiyə edib ki, vətəndaşlar belə binalardan mənzil almazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsindəki "Tikintilərin Dövlət Reyestri" bölməsindən yaşayış binasının tikintisinə icazə verilib-verilmədiyini yoxlasınlar, həmçinin alqı-satqı prosesi zamanı peşəkar hüquqşünas xidmətindən istifadə etsinlər.
Yeni Günəşli qəsəbəsindəki sözügedən binanın sakinlərinə qarşı törədilən dələduzluq hadisəsi 2025-ci ildə siyasi fəal Tofiq Yaqublunun məhkəmə prosesi getdiyi ərəfədə də gündəmə gəlmişdi. Çünki P.Kərimovu ev dustaqlığına buraxmış hakim Elnur Nuriyev T.Yaqublunun məhkəməsində bu haqda çoxsaylı vəsatətləri rədd edirdi.
T.Yaqublu dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib; o özü isə şərləndiyini bildirir. Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil ediblər.