Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:11

Rusiyada stadion tikənlər istismar olunub


Sankt-Peterburqda stadion tikintisi
Sankt-Peterburqda stadion tikintisi

Rusiyada stadion tikən fəhlələr əməyin istismarına və sui-istifadəyə məruz qalırlar. Bu haqda «Human Rights Watch» insan haqları təşkilatı iyunun 14-də hesabat açıqlayıb. Rusiyada 2017-ci il FIFA Konfederasiya Kuboku və 2018-ci il Dünya Kuboku oyunlarından ötrü stadionlar quraşdırılır.

Ümumdünya futbol federasiyaları assosiasiyaları – FIFA həmin yarışlar öncəsi əmək şəraitinin səmərəli monitorinqini aparmalıdır, - hesabatda deyilir.

Bu il iyunun 17-dən iyulun 20-dək Konfederasiya Kuboku çərçivəsində Rusiya dörd şəhərində 8 yığma komandanı qəbul edəcək. Gələn ilin Dünya Kubokuna da bir il qalır. Kubok iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində baş tutacaq, 32 komanda 12 stadionda oynayacaq.

AZI 17 FƏHLƏ DÜNYASINI DƏYİŞİB

«Human Rights Watch»un 34-səhifəlik hesabatı «Qırmızı kart: Rusiyada Dünya Kuboku sahələrində tikinti fəhlələrinin istismarı» adlanır. Sənəddə qeyd olunur ki, altı stadionun tikintisi zamanı maaşlar ya tam, ya da qismən ödənilməyib, ödənişlər aylarla yubanıb, mənfi 25 dərəcədə fəhlələr uyğun qoruma olmadan işlədilib, işəgötürənlər onları əmək müqaviləsiylə təmin etməyib.

«Human Rights Watch» həmin tikinti obyektlərində işləməkdən ötrü daxili miqrasiya etmiş rusiyalıları, eləcə də Orta Asiya ölkələri, Belarus və Ukraynadan gələnləri danışdırıb.

«Tikinti və Meşə Fəhlələri» beynəlxalq birliyinin məlumatına görə, Dünya Kuboku stadionları ərazisində azı 17 fəhlə dünyasını dəyişib. Bir neçə stadionda fəhlələr maaşların ödənməməsinə, digər sui-istifadə hallarına etiraz aksiyaları keçiriblər. Beynəlxalq media Sankt-Peterburqda tikilən stadionda Şimali Koreyadan fəhlələrin işləməsinə dair məlumatlar yayıb. Onlara çox az istirahət günü verilib və maaşları da Şimali Koreya hökumətinə göndərilib.

Rostovda stadion inşası
Rostovda stadion inşası

TƏZYİQLƏRDƏN ÇƏKİNƏN FƏHLƏLƏR

FIFA bildirir ki, hazırda Sankt-Peterburqda və digər stadionlarda işləyən fəhlə yoxdur. Ancaq qurum bildirir ki, həmin fəhlələrin qorunmasından ötrü hansısa tədbir görülməsi barədə də açıqlama verilməyib.

«Human Rights Watch»un müsahibə aldığı fəhlələr danışmağa qorxduqlarını, işəgötürənlərin təzyiqindən çəkindiklərini söyləyiblər.

Rusiya hakimiyyəti bu ilin aprelində Volqoqrad şəhərində stadion yaxınlığında tikinti fəhlələrini danışdırmağa çalışan qurum tədqiqatçısını saxlamışdı. Polis və mülkigeyimli şəxs tədqiqatçıya adıyla müraciət etmişdilər ki, bu da həmin şəxsin izləndiyini göstərib. Polis «Human Rights Watch» əməkdaşını 3 saat dindirib, hədələyib, sonra heç bir ittiham irəli sürmədən buraxıb.

RƏSMİLƏRƏ YAXINLAŞMAĞA QOYMAYIBLAR

Kalininqradda isə fəhlələr «Human Rights Watch»a deyiblər ki, 2015-ci ilin sentyabrında FIFA və Rusiya rəsmilərindən ibarət nümayəndə heyətinə yaxınlaşmaq, maaşlarının yubanması məsələsini qaldırmaq istəyiblər. Ancaq təhlükəsizlik işçiləri onlara yaxınlaşmağa belə imkan verməyiblər.

Fəhlələrin deməsinə görə, bəzi miqrant fəhlələri nümayəndə heyətinin səfər etdiyi günlərdə yataqxanadan çıxmağa qoymayıblar.

Ötən ilin mayında FIFA bildirib ki, 2018-ci il Dünya Kubokundan ötrü tikilən, yaxud bərpa olunan stadionlarla əmək şəraitinin monitorinqini aparacaq sistem yaradır. Bu il iyunun 8-də FIFA «Human Rights Watch»un sorğusuna cavab məktubunda həmin sistemi təsvir edib. Məktubda qeyd olunub ki, FIFA stadionlarda onlarla təftiş aparıb. İki halda aşkarlanmış məsələlərin yoluna qoyulduğu göstərilib.

«FIFA əməyin sui-istifadə hallarını detallı təsvir etməyib, pozuntuların hansı stadionlarda aşkarlanması, FIFA, yaxud digərlərinin atdığı addımlar, bunun fəhlələr üçün konkret nəticələri barədə ətraflı bilgi verməyib», – hesabatda vurğulanır.

XS
SM
MD
LG