Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Deputat: 'Demokratiyadan danışan Amerika dövlətlərlə arasına divar çəkir'


Human Rights Watch
Human Rights Watch

«Human Rights Watch» beynəlxalq insan haqları təşkilatı hesabat açıqlayıb. Orda deyilir ki, 2018-ci ildə Azərbaycanda insan haqlarının bərbad vəziyyətində yaxşılaşma baş verməyib, ölkədə azı 43 fəal, jurnalist qanunsuz həbsdə qalıb, onlarca başqaları kriminal ittihamlarla saxlanıb.

Bu da qeyd olunur ki, Azərbaycanda QHT-lərin müstəqil fəaliyyətini əngəlləyən qanunlar qüvvədə qalmaqdadır.

Sənəddə həmçinin, Azərbaycanda başqa insan haqları problemlərinə sistematik işgəncələrin, vəkillərin fəaliyyətinə qanunsuz müdaxilə və media azadlığının məhdudlaşdırılmasının daxil olduğu da bildirilir.

Ə.Kərimli
Ə.Kərimli

AXCP sədri: «Mən burda deyilənləri tam hesab etmirəm»

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hesabatdakı tənqidi fikrilərlə razılaşır, kiçik bir ölkədə 150 siyasi məhbus olduğunu, onlara həbsxanada işgəncə verildiyini, məhkəmənin müstəqil olmadığını, vəkillik institutunun sıradan çıxarıldığını, onların müdafiə etdikləri şəxslərə olunan işgəncə və ya basqılar haqda susmağa vadar edildiklərini deyir.

«Hakimiyyət sistemli, məqsədyönlü şəkildə ölkədə insan hüquq və azadlıqlarını boğmaqla məşğuldur. Ölkədə bir sıra azadlıqlar minimum həddə qədər endirilib. Media azadlığı yoxdur. İnformasiyanın yayıldığı məkan sosial şəbəkələrdir, o da senzura və həbs qorxusu altındadır. Sərbəst toplaşmaq azadlığı yox həddindədir. Biz mitinq ərəfəsindəyik, təşkilatçılar saxlanır, həbs olunur, oğurlanır, yerini bilmirik», – Ə.Kərimli söyləyir.

Onun qənaətincə, sadaladıqları «Human Rights Watch»un Azərbaycan hakimiyyətini yetərincə tənqid etmədiyini göstərir: «Azərbaycanda baş verənlərə hələ beynəlxalq qurumların münasibəti adekvat deyil. Dünyanın nüfuzlu hüquq müdafiə təşkilatları həyəcan siqnalı verməliydilər, Azərbaycan beynəlxalq öhdəliklər götürüb, konvensiyalara qoşulub, amma onlara hörmət qoymur. Xalq sanki əsarət altındadır. Əlbəttə, yaxşı haldır ki, «Human Rights Watch» belə bir hesabat hazırlayıb. Amma mən burda deyilənləri tam hesab etmirəm. Daha ətraflı, təfərrüatlı olmalıdır».

E.Məmmədov
E.Məmmədov

«Amerika bu gün başqa dövlətlərlə arasına divar çəkir, bundan niyə yazmır?»

Adətən Azərbaycanda müxalif qüvvələr beynəlxalq qurumların hesabatlarında yazılanların həqiqətəuyğun olduğunu söyləsələr də, AXCP sədri kimi mənzərənin ətraflı təsvir edilmədiyini iddia edirlər. Hakimiyyət təmsilçiləri isə orda deyilənlərin biriylə belə razılaşmayaraq, həqiqətdən uzaq olduğunu bildirirlər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Elman Məmmədovun mövqeyi də fərqlənmir. O da «Human Rights Watch»un Azərbaycana qarşı qarayaxma kampaniyası apardığını, qərəzli olduğunu iddia edir.

«Həmin təşkilat insan hüquqlarından danışır. Azərbaycanda hansı QHT-yə qarşı nəsə olub? Azərbaycanda saysız-hesabsız QHT var və fəaliyyət göstərir, heç bir problemi yoxdur», - deputat söyləyir.

Daha sonra o, beynəlxalq təşkilatı Azərbaycandan başqalarını da tənqid etməyə çağırır: «Həmin təşkilat ABŞ-da baş verənlərdən niyə danışmır? XXI əsrdə demokratiyadan, insan hüquqlarından danışan Amerika bu gün başqa dövlətlərlə arasına divar çəkir, yeni «Çin səddi» yaradır. Bundan niyə yazmır? Avropadakı islamofobiyadan, məscidlərin yandırılmasından, miqrantlara dözülməz münasibətdən niyə yazmır? Həmin Avropa deyil Aralıq dənizini neçə ildir miqrant qəbiristanlığına çevirən? Fransada bir aydan çoxdur insanlara qarşı davam edən haqsızlıqdan niyə yazmır? Kəsəsi, bu təşkilatı idarə edən mərkəz Azərbaycana qarşı həmişə qarayaxma kampaniyası aparıb, indi də davam edir».

M.Əliyev
M.Əliyev

Mehman Əliyev: «Bir var total və kobud şəkildə hüquqların pozulması, bir də var...»

Hərçənd, hesabatın giriş məqaləsində icraçı direktor Kennet Rot yazır ki, «hazırda ümumən insan haqları üçün qaranlıq dövrdür».

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev insan haqları ilə bağlı problemlərin bütün dünyanı əhatələdiyini desə də, bu pozuntuların fərqləndirilməsinin tərəfdarıdır. «Yəni, bir var total və kobud şəkildə hüquqların pozulması, bir də var müəyyən haqların pozulması», - deyə izah edir.

«Postsovet məkanında, Yaxın Şərqdə bu, qabarıq şəkildə özünü büruzə verir. Şərqi Avropada, tutalım, Macarıstanda hökumətlərin cəhdlərinə qarşı etirazları görürük. Fransadan danışırlar. Mən deməzdim ki, orda hüquqlar kobud pozulur. Etiraz etmək olar, ancaq xuliqanlıq etmək, yandırmaq, dağıtmaq olmaz. Amma bütünlükdə həmişə hökumətlərin arzusudur ki, onun maraqlarına üstünlük verilsin. Bu son zamanlar daha çox hiss olunur. Ola bilsin bu, dünyadakı böhranla bağlıdır», – M.Əliyev bildirir.

«Avtoritar rejimləri kompromis yolu ilə dəyişməyə, yumşaltmağa can atırlar»

HRW Qərbin oturuşmuş demokratiyalarının da populist avtokratların qarşısında kövrək olduqlarını qeyd edir. AXCP sədri Ə.Kərimli bu iradla da razılaşır.

«Bir tərəfdən açıqlanır ki, 2 il ərzində təkcə bir istiqamətdə 2.9 milyard dollar oğurlanıb. Avropa bankları ilə Londona daşınıb. Amma bu günə qədər açıqlamırlar ki, o şirkətlərin təsisçiləri kimdir. Kimdən qoruyurlar o oğruları, o korrupsionerləri? Açıqlandı ki, 50 milyon avro Avropa siyasətçilərinin satın alınmasına xərclənib. Niyə heç kim həbs edilmir buna görə? Nə o avropalı siyasətçilərdən həbs ediləni var, nə də o pulu avropalı siyasətçilərə verənlər. Bu, yarıtmaz siyasətdir», – Ə.Kərimli deyir.

M.Əliyevsə hesab edir ki, indiki dünyada avtoritar rejimləri kompromis yolu ilə dəyişməyə, yumşaltmağa can atılır. O, bu gün Avropa Birliyinin, beynəlxalq maliyyə sistemlərinin Azərbaycanla işlədiklərini bildirir.

«Struktur dəyişiklikləri elan olundu, vergidə, gömrükdə dəyişiklik gedir. Bu proses var və əməkdaşlıq yolu ilə vəziyyəti dəyişmək istəyirlər. Ya Özbəkistanı götürək. Burda da prezidentlə iş gedir, o da bəzi addımlar atır, ancaq köklü dəyişikliklər yoxdur. Ona görə həmin rejimləri dediyim yolla dəyişməyə üstünlük verilir. Bu, həm də cəmiyyətlərin müqavimətinin yetərli olmaması ilə bağlıdır», – M.Əliyev izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG