Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:01

Türkiyə BMT-yə İdlibdə atəşkəs çağırışı edir


Feridun Sinirlioğlu
Feridun Sinirlioğlu

Türkiyə Suriyada antihökumət qiyamçılarının son istehkamı olan İdlib qəzasında atəşkəsin elan edilməsi üçün beynəlxalq dəstəyə çağırıb. Ankara nümayəndəsi BMT Təhlükəsizlik Şurasınına deyib ki, İdlib üzərinə tammiqyaslı hücum “böyük humanitar fəlakətlə” nəticələnə bilər.

Türkiyənin BMT-dəki səfiri Feridun Sinirlioğlu sentyabrın 11-də TŞ üzvlərinə deyib ki, hava zərbələri və bombardmanlar “qaçqınların kütləvi dalğasını yarada və beləliklə Türkiyənin, habelə Avropanın təhlükəsizliyinə nəhəng hədə törədə bilər”.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, Rusiya və İran tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri təkcə bu ay ərzində İdlibə 100-dək hava zərbəsi endirib. Haley bildirib ki, Suriyanın bu hücumdan məqsədi regionun “qanlı hərbi fəthidir”.

ABŞ səfiri xəbərdarlıq edib ki, bu hücumların davam etməsi “ciddi nəticələrə” səbəb ola bilər:

"Bütün dünya onları buna görə məsul tutacaq”.

Haley bildirib ki, Rusiya bu hücumun qarşısını almaq üçün lazımi nüfuza malikdir.

Rusiya və İran israr edirlər ki, İdlib üzərinə hərbi hücum antiterror əməliyyatı sayılmalıdır. Moskva və Tehran bildirirlər ki, bu hücum zamanı dinc əhalinin qırılmaması üçün lazımi tədbirlər görüləcək.

İdlibdən Türkiyə sərhədinə didərgin axını başlanıb
İdlibdən Türkiyə sərhədinə didərgin axını başlanıb

Rusiyanın BMT-dəki səfiri Vassily Nebenzya deyib ki, “biz terrorçuların yüz minlərlə İdlib sakinini canlı sipər kimi girov saxlamasına dözə bilmərik”.

İranın BMT-dəki səfiri Gholamali Khoshroo bildiirb ki, “İdlibdə terrora qarşı mübarizə Suryada sülh və sabitlik yaratmaq missiyasının bir hissəsidir”.

İran, Rusiya və Suriya prezident Bashar al-Assad-ın hakimiyyətinə qarşı silahlı mübarizə aparanların hamısını “terrorçu” adlandırır.

Hazırda İdlib qəzasında əl-Qaedaya bağlı Həyat Təhrir əş-Şəm qruplaşmasının 10 min döyüşçüsünün olduğu təxmin edilir.

***

Türkiyə prezidenti xəbərdarlıq edir ki, Suriya hökuməti İdlib vilayətinə hücumu davam etdirsə, humanitar fəlakət baş verər

Recep Tayyip Erdogan bunu sentyabrın 11-də “Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində yazır.

Bu arada Rusiya və Suriya hərbi təyyarələri regionu bombalama kampaniyasını bərpa edirlər, böyük hücuma isə hazırlıq gedir.

Erdogan yazır ki, beynəlxalq ictimaiyyət İdliblə bağlı tədbir görməlidir, yoxsa “bədəlini bütün dünya ödəyəcək”.

Ötən həftə Erdogan Tehranda Rusiya və İrandan həmkarları ilə görüşüb. Bu görüş Rusiyanın şərqi Aralıq Dənizi zonasında qüvvələrini gücləndirməsi fonunda baş tutub.

İdlibdə məcburi köçkün qız
İdlibdə məcburi köçkün qız

Suriyada 7 il yarımdır gedən vətəndaş müharibəsində 400 mindən adam həlak olub, milyonlarla şəxs evindən didərgin düşüb.

***

Bundan öncə Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Suriyanın İdlib qəzasına yerüstü hücumlar “dərhal” dayandırılmalı və qiyyamçılaırn nəzarətində olan ərazidə atəşkəs elan edilməlidir.

Recep Tayyip Erdogan (solda) və Türkiyə Silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akar
Recep Tayyip Erdogan (solda) və Türkiyə Silahlı qüvvələrinin baş qərargah rəisi Hulusi Akar

Türkiyənin NTV telekanalı sentyabrın 10-da bildirib ki, general Hulusi Akar bu bəyanatı Rusiya və İran Ankaranın İdlibdə atəşkəs elan edilməsi barədə çağırışını rədd etdikdən sonra verib.

İdlib vilayəti Suriyada anti-Assad qüvvələrinin son istehkamıdır.

Rusiya və Suriyanın hərbi hava qüvvələri ötən həftə Suriyanın şimal-qərbində bombardman kampaniyasını bərpa ediblər. Bu arada Suriyanın hökumət qoşunları Türkiyə ilə həmsərhəd İdlib qəzası üzərinə hücuma hazırlaşır.

BMT bildirib ki, Suriya hökuməti bombardmana başlayandan bəri 30 minədək insan evlərindən qaçmalı olub.

BMT-nin Humanitar İşlərin Koordinasiyası ofisi bildirib ki, İdlib üzərinə hücum 21-ci əsrin ən böyük insan tələfatı ilə nəticələnə bilər.

Moskva və Tehran Suriya prezidenti Bashar al-Assad-a ölkədə 2011-ci ilin martından bəri davam edən vətəndaş qarşıdurmasında həlledici dəstək veriblər.

Türkiyə Suriyanın şimalındakı anti-Assad qiyamçıları dəstəkləyir və bu ərazidə qoşunlarını yerkləşdirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG