Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Akif Qurbanov: 'Azərbaycan hökuməti mümkün qədər yayınır'


Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə xatirə fotosu. Brüssel, 13 may 2019
Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə xatirə fotosu. Brüssel, 13 may 2019

Mayın 13-14 tarixlərində Avropa Birliyində “Şərq Tərəfdaşlığı Proqramı”nın 10 illiyi ilə bağlı Brüsselldə keçirilən toplantılarda Azərbaycanla gözlənilən “Strateji tərəfdaşlıq sazişi”nin nə vaxt imzalanacağına aydınlıq gəlmədi. İndi “sazişin imzalanmasına maneə nədən ibarətdir və bu sənəd bu il imzalana bilərmi” sualı bir çox insanları düşündürür.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı hesab edir ki, yaxın aylarda Azərbaycanla Avropa Birliyi (AB) arasındasaziş imzalanacaq. Onun fikrincə, sənədin imzalanması hər iki tərəfdən ötrü vacibdir.

Ancaq Demokratik Təşəbbüslər İnstitutunun təmsilçisi Akif Qurbanov danışıqların nə qədər davam edəcəyini söyləməyin çətin olduğunu bildirib:

“Bu, ümumi razılıqdan asılıdır. Çünki Azərbaycan hökuməti yalnız insan haqları məsələsində yox, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan və Beynəlxalq Cinayət Məhkəməsinə dair öhdəliklər götürməkdən mümkün qədər yayınır”.

Məhərrəm Zülfüqarlının sözlərinə görə, elə düşünülməməlidir ki, Azərbaycan və digər ölkələr Avropa Birliyinə üzv olmaqdan ötrü yalvarırlar:

Məhərrəm Zülfüqarlı: “Azərbaycan Qərbə inteqrasiyanın tərəfdarı olub”

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

“ Bu qurumun daxilində problemlər həddən artıq çoxdur, hətta mətbuatda yazılır ki, birliyə üzv olan ölkələrin vətəndaşları yaxın illərdə onun dağılacağını düşünürlər. Bu onların daxili işidir. Amma Azərbaycan Qərbə inteqrasiyanın və Qərb dəyərlərinin cəmiyyətdə oturuşmasının tərəfdarı olub”

M.Zülfüqarlı sözlərinə daha sonra da belə əlavə edir: «Bununla belə, biz Əli bəy Hüseynzadənin «Biz Qərbin mədəsində həzm olunmamalıyıq, oradan yaxşı cəhətləri götürməliyik» sözlərini unutmamaliyıq».​

Hansı məsələlərdə razılaşmanın olmaması sualına gəldikdə, Akif Qurbanov bildirib ki, Bakı narahatlıq doğuran məsələlərin sazişdə əksini tapmasını istəmir, yaxud ümumiləşmiş formada olmasında israrlıdır:

“Birliyin genişlənmə komissarı Y. Hanın da açıqalamasından göründü ki, Bakı sazişin iqtisadi-ticari tərəfinə daha çox maraq göstərir. Amma Avropa Birliyi oxşar sazişi başqa ölkələrlə də imzaladığından sənədin bir forması var, axı bu, iqtisadi müqavilə deyil ki, yalnız bu yöndə razılıq əldə olunsun. Avropa Birliyi bu məsələdə öz prinsip və dəyərlərini qorumaq məcburiyyətindədir. Bu baxımdan tərəflər arasında hələ razılıq yoxdur”

M.Zülfüqarlı da deyib ki, Avropa Birliyinin Azərbaycan qarşısında tələbləri olduğu kimi rəsmi Bakının da öz şərtləri var:

“Ərazi bütövlüyü bizim üçün prioritet məsələdir. Amma Avropa Birliyi bu məsələni qulaqardına vurur. Əgər Avropa Birliyi bu gün dövlətlərin ərazi bütövlüyünü dəstəkləmirsə, yaxud görməzliyə vurursa bu “gecpartlayan mina” Avropada da partlayacaq. Necə ki, Kataloniyada özünü göstərir. Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğundan biz bütün sənədlərdə ərazı bütövlüyü məsələsini qoyuruq”.

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Demokratik Təşəbbüslər İnstitutunun təmsilçisi Akif Qurbanov təəssüflənir ki, iqtidar və müxalifətdə məsələ haqqında səhv yanaşma olub:

“ İqtidarı təmsil edən deputatlar iddia edir ki, guya sənəd rəsmi Bakı ərazi bütövlüyünü şərt kimi irəli sürdüyündən imzalanmayıb. Müxalifət də Brüsselin insan haqlarını şərt kimi qoyduğu üçün Bakının imzalamadığını iddia edir. Hər iki tərəf yanlış düşünür və bu, tərəflərin özləri haqqında rəyləri müsbət formalaşdırmaq cəhdidir. Əslində, hər hansı saziş söhbəti yoxdur, çünki Bakı ilə Brüssel arasında danışıqlar başa çatmayıb. İkinci, sazişdə müxtəlif məsələlərlə bağlı ümumi razılaşma yoxdur. Son toplantıda Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı bəyanat imzalanması danışıqları olub. Amma bəyanatın imzalanmaması Azərbaycanın sənədə ərazi bütövlüyünün salınmasını istəməsindən irəli gəlib. Bakı sənədi imzalayanların bütün tərəflərin ərazi bütövlüyünü tanıması öhdəliyini götürməsini istəyib. Azərbaycan yaxşı bilirdi ki, bu şərti qoymaqla Ermənistan sənədi imzalamayacaq və bəyannamə baş tutmayacaq. Nəticədə Bakı bundan öz xeyrinə istifadə edəcək. Bəlkə də Bakı sənəddə ərazi bütövlüyünü salmaqla gələcəkdə Yerevanla danışıqlarda istifadə etmək istəyib. Bütün hallarda dəqiq niyyəti Azərbaycan hökuməti deyə bilər ”

​Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə bu qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG