Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

XİN: 'Hər iki tərəf bu sazişin tezliklə imzalanmasında maraqlıdır, amma...'


Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə xatirə fotosu. 13 may 2019
Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə xatirə fotosu. 13 may 2019

«Avropa Birliyi ilə sazişin bir-iki həftəyə imzalanması haqda söylənilənlər harada, necə deyilib bilmirəm. Amma ümumiyyətlə, rəsmi mövqe budur ki, Azərbaycanla Avropa Birliyinin münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar yekun mərhələdədir. Onun nə zaman imzalanması gündəmdə deyil», – Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, Azərbaycan hər zaman bildirib ki, onun üçün keyfiyyət vacibdir.

«Bizim üçün keyfiyyət vacibdir»

«Hər iki tərəf bu sazişin tezliklə imzalanmasında maraqlıdır. Bu istiqamətdə danışıqlar davam etdirilir. Amma yenə də deyim, bizim üçün keyfiyyət vacibdir. Bu saziş hər iki tərəfin marağını əks etdirəcək sənəd olmalıdır», – nazirliyin sözçüsü qeyd edir.

Avropa Birliyinin genişlənmə üzrə komissarı Yohannes Han mayın 14-də AzadlıqRadiosuna tərəflərin «həlledici əhəmiyyətə malik» sazişə dair danışıqların son mərhələsində olduğunu söyləyib. O, sazişlə bağlı məsələlərin qarşıdan gələn bir-iki həftədə həll olunacağını bildirib.

Cənab Han «Sazişin imzalanmasına mane olan əsas əngəllər nədir» sualına cavabında vaxtın bu qədər uzanmasının səbəblərindən birinin insan haqları olduğunu qeyd edib.

«Azərbaycan diqqətini daha çox bizim üçün də mühüm olan iqtisadi tərəfə yönəldib. Ancaq bizim bütün partnyorlarımızla sazişlərimizdə insan haqlarına dair fəsil var», – Y.Han deyib.

L.Abdullayeva Avropa Birliyi komissarının fikri ilə tanış olmadığını söyləsə də, saziş üzrə üç istiqamətdə danışıqlar getdiyini vurğulayıb: «Birinci istiqamət siyasi təhlükəsizliklə, ikinci istiqamət iqtisadi-ticarətlə bağlıdır, üçüncü istiqamət müxtəlif sektorlarda, sahələrdə iki tərəf arasında aparılan danışıqlardır. Hər üç istiqamət üzrə intensiv danışıqlar aparılır. Saziş layihəsinin böyük əksəriyyəti üzrə ilkin razılıq əldə edilib. Müzakirə olunan məsələlər arasında bir sıra məsələlər var, o cümlədən Sizin qeyd etdiyiniz insan haqları ilə bağlı da müzakirələr gedir».

Ş.Hacıyev
Ş.Hacıyev

Ş.Hacıyev: «Bu halda imzalanacaq sənədin səviyyəsi aşağı düşəcək»

AB komissarı da açıqlamasında bu məsələdə «daha önəmli olan keyfiyyət, daha az önəmli olan sürətdir» deyib. Amma danışıqların uzanması sənədin imzalanması ilə bağlı pessimist yanaşmalara da imkan yaradır.

Məsələn, «Turan» xəbər agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev danışıqların mövzusu olan insan haqları məsələsinə görə sazişin imzalanmasında yubanmanı gözlənilən sayır: «AB nümayəndələri həmişə bildirirlər ki, Azərbaycan məhz iqtisadiyyat, ticarət, energetika məsələlərini önə çəkir. Siyasi sahədə əməkdaşlığı, o cümlədən insan haqları, demokratiya məsələlərini arxada qoymaq istəyir. Amma bu, Avropa Birliyinin siyasətinə uyğun deyil, daha doğrusu, mümkün olan iş deyil. Ona görə də bu cür vəziyyət gözlənilən idi. Qeyri-adi heç nə görmürəm».

Siyasi şərhçi rəsmilərin dediyi kimi, sazişlə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırılmasına baxmayaraq, prosesin dayandırıla bilməsini istisna etmir. O, Avropa Birliyinin öz prinsiplərindən geri çəkiləcəyinə, insan haqları məsələsində güzəştə gedəcəyinə inanmır. Onun qənaətincə, bu halda imzalanacaq sənədin səviyyəsi aşağı düşəcək, sırf iqtisadi əməkdaşlıq haqqında razılaşma olacaq: «Bu mümkündür. Bunu isə Bakının istədiyi kimi, strateji əməkdaşlıq haqqında sənəd adlandırmaq mümkün olmayacaq».

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə insan hüquqları məsələsinin həmişə belə danışıqlarda təzyiq vasitəsi kimi istifadə edildiyini vurğulayır: «Nazirin bəyanatına görə, saziş layihəsinin 90 faizi hazırdır. Amma hesab edirəm ki, yubanma iqtisadi və bəzi humanitar problemlərlə bağlıdır. Doğrusu, mən humanitar sahədə problemlər olmasına inanmıram. Ermənistanda inqilabdan qabaq bu sahədə vəziyyət ürəkaçan deyildi. Ancaq saziş imzalandı».

T.Zülfüqarov
T.Zülfüqarov

«AB diplomatları Paşinyanı çətinliyə salmaq istəməyiblər»

T.Zülfüqarovun qənaətincə, Azərbaycanın Şərq Tərəfdaşlığına üzv ölkələrdən fərqli olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmaması problem yaradır. Onun sözlərinə görə, bu baxımdan xüsusi vəziyyət yaranır, iqtisadi məsələlər diqqət tələb edir.

«Avropa Birliyi Azərbaycan bazarına girmək istəyir. Azərbaycan da öz bazarını müdafiə etmək üçün şərtlər qoymaq niyyətindədir. Məsələn, Azərbaycan burda avropalıların ucuz kartof satmasında maraqlı deyil. O zaman bizim kəndlilər rəqabətə dözməyəcəklər, bizim istehsalçılar buna hazır deyillər. Əsas məsələ budur», – keçmiş nazir deyir.

Avropa Birliyinin xarici işlər nazirləri və Şərq Tərəfdaşlığına daxil 6 ölkənin birgə yubiley bəyanatını Azərbaycanın mövqeyinə görə yalnız Aİ-nin xarici işlər komissarı Federika Moqerininin imzaladığı bildirilir. Qurumdakı mənbələr AzadlıqRadiosuna deyiblər ki, Bakı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü məsələsinin qeyd edilməməsindən narazılıq edib. Həmin mətnlə bağlı Ukrayna Gürcüstan da narazılıq edib.

T.Zülfüqarov bu məqamın tərəflər arasında problem yaradacağına inanmır. Onun fikrincə, Ermənistan və Paşinyan administrasiyasını çətinliyə salmamaq üçün bu bənd oradan götürülüb, Azərbaycan da buna etiraz edib.

«Bu nə qədər mühüm məqamdır» sualına o, belə cavab verib: «Bu, taktiki məqamdır. Bununla bağlı müzakirə Ermənistanda rusiyapərəst və qərbpərəstlər arasında gedir. Paşinyan qərbpərəst sayılır. O da sammitdən belə bir bəndlə qayıtsaydı, ciddi siyasi problemlərlə üzləşərdi. Mən niyə əminəm bu məsələdə: Ukrayna da, Gürcüstan da ərazi bütövlüyünün dəstəklənməsində maraqlıdırlar. Sadəcə, AB diplomatları Paşinyanı çətinliyə salmaq istəməyiblər. Bu da normaldır və danışıqlar davam edəcək».

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə bu qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG