Həbs olunmaması üçün Binəqədi Rayon Polis İdarəsində ondan 200 min manat rüşvət tələb olunduğunu iddia edən keçmiş polis əməkdaşı Xəyal Məmmədova bəraət verilib. İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb və X. Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Uzun illər keçmiş Daxili İşlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışmış, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşı X.Məmmədov bir il idi ki, həbsdə idi. O, "Range Rover" markalı avtomobillə iki nəfərin öldüyü qəzanı törətməkdə, hadisə yerindən qaçmaqda suçlanırdı.
Ancaq X.Məmmədov özünü təqsirli bilmir, deyirdi ki, qəzanın baş verməsində heç bir günahı olmayıb, hadisə yerindən qaçması barədə ittihamda yazılanlar da yalandır, istər Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, istərsə də Təcili Tibbi Yardıma özü zəng edib xəbər verib. Onun sözlərinə görə, hadisədən sonra Binəqədi Rayon Polis İdarəsində istintaq şöbəsinin rəisinin ondan tələb etdiyi 200 min manatı vermədiyinə görə işi onun əleyhinə yönəldiblər.
Məhkəmədə prokuror onu təqsirli sayıb, 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırlatma
Bu qəza ötən il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. X.Məmmədovun idarə etdiyi “Range Rover”lə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza zamanı “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
X.Məmmədov deyir ki, sürət həddini aşmayıb:
“Əvvəlcə yolda qarşıdan gələn «Mercedes» məni çaşdırdı. Qarşıma çıxanda sağa çəkdim ki, onu vurmayım. Sonra da bu avtomobil qəfildən yoluma çıxdı. Allaha and olsun ki, mənim maşını saxlamaq imkanım olmadı. Məni yolumdan vurub çıxardı. Avtomobilim dərəyə düşəndə alışmağa başladı. Özümü güclə çıxarıb maşın tərəfə qaçdım. Fikirləşdim ki, birdən o maşın da yanar. Arxamla gələn maşın da əzilmişdi. Sürücüsü yanımda idi. Təcili tibbi yardıma zəng edib telefonu ona verdim. Özüm də gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxardım. Polisə də zəng edib məlumat verdim”.