Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Hitlerin doğulduğu binada polis idarəsi yerləşəcək


Avstriyanın Branau şəhərində Adolf Hitlerin doğulduğu bina

Avstriyanın Branau şəhərində Adolf Hitlerin doğulduğu bina yenidən qurularaq polisin regional qərargahına çevriləcək.

Bu barədə məlumatı noyabrın 19-da Avstriyanın Daxili İşlər Nazirliyi verib.

Daxili işlər naziri Wolfgang Peschorn deyib ki, bu qərardan məqsəd neonasistləri buranı səcdəgaha və ya ziyarətgaha çevirmək imkanından məhrum etməkdir:

“Bu binanın gələcəyinin polislə bağlılığı onun heç bir zaman Nasional Sosializmin xatirəsinə çevrilməyəcəyinin birbaşa siqnalıdır”.

DPA xəbər agentliyi bildirir ki, sakinlər sağ təmayüllü ekstremistlərin sarı rəngli bu binanın qarşısında tez-tez şəkil çəkdirdiklərini görürlər.

Hitler 1889-cu ildə bu binada kirayələnən mənzildə doğulub və onun həyatının ilk bir neçə ayı burada keçib.

Almaniya ilə həmsərhəd olan Branaunun mərkəzindəki bu binanı hakimiyyətə gəldikdən sonra nasistlər almışdlar.

II Dünya müharibəsi illərində Hitlerin başçılıq etdiyi nasist hökuməti burada şəkil qalereyası və kitabxana təşkil etmişdi.

Müharibədən sonra bina əvvəlki sahibinə qaytarılmış, sonralar isə banka çevrilmişdi. Burada bir müddət məktəb yerləşirdi.

1970-ci illərdə bu binanı ictimai-özəl əsasda kirayələyən hökumət burada əlilliyi olanlar üçün mərkəz açmışdı.

2016-cı ildə artıq baxımsız qalmış bu binanı yenidən dövlət almış, lakin uzun məhkəmə çəkişməsindən sonra onun sahibi Gerlinde Pommerə 908 min dollar təzminat ödəməli olmuşdu.

Bu binanın qarşısında Holokost qurbanlarının xatirəsi üçün qoyulmuş lövhədə: “Sülh, azadlıq və demokratiya naminə. Bir daha faşizm olmasın. Milyonlarla ölü xəbərdarlıq edir” sözləri yazılıb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG