Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:12

Avropada hələ də 'Hitler pensiyası' alanlar var


Sudet almanları Adolf Hitleri salamlayırlar (1938)
Sudet almanları Adolf Hitleri salamlayırlar (1938)

II Dünya Müharibəsinin başa çatmasından 75 il keçməsinə baxmayaraq Almaniya hələ də Belçika və Britaniya da daxil bir sıra Avropa ölkələrində nasist rejiminə əlaltılıq edənlərə aybaay pensiya ödəyir.

Guardian yazır ki, bu barədə xəbəri Belçika rəsmiləri və bəzi medialar yayıb.

Bu həftə Belçika parlamentinin xarici işlər komitəsi Almaniya federal hökumətinə müraciət edərək onu bu ödənişlərə son qoymağa və “pensiyaçıların” tam siyahısını dərc etməyə çağırıb. Millət vəkilləri bu barədə qətnamə qəbul ediblər. Qətnamədə deyilir:

“Tarixdə ən qatil rejimlərin biri ilə əməkdaşlığa görə kiminsə pensiya alması yaddaş və sülhü təsbit edən Avropa layihəsinə açıq-aşkar ziddir”.

Qətnamədə qeyd olunur ki, təkcə Belçikada 30 nəfər hələ də Adolf Hitlerin fərmanına əsasən pensiya alır. Bu fərman Almaniya vətəndaşları ilə yanaşı, SS könüllüləri də daxil nasist işğalı altında olan başqa ölkələrin də vətəndaşlarına, onların “fürerə loyallığı, səmimiliyi və itaətkarlığına” görə pensiya hüququ verirdi.

Müttəfiqlərin 1945-ci il Potsdam Konfransı Hitler pensiyalarını ləğv etməyib
Müttəfiqlərin 1945-ci il Potsdam Konfransı Hitler pensiyalarını ləğv etməyib

Soir qəzeti yazır ki, Almaniya hökuməti Hitler pensiyasını alanların siyahısının verilməsi barədə Belçikanın müraciətlərinə “inadkarlıqla imtina cavabı verib”. Rəsmi Berlin bunu hüquqi mülahizələr və şəxsi sirlərin qorunması prinsipi ilə izah edir.

Belçika parlamentində qəbul edilmiş qətmanəni fransızdilli partiyalardan olan beş millət vəkili təklif edib.

Almaniyanın Əmək Nazirliyi iddialara cavab olaraq bildirib ki, Belçikada hazırda müharibə pensiyası alan 18 nəfər var, lakin onlardan heç biri SS üzvü olmayıb.

Belçika millət vəkilləri bildirirlər ki, Britaniyada da belə pensiyaları alanlar var və bu pensiyalardan ümumiyyətlə vergi tutulmur. Almaniyanın Londondakı səfirliyi Belçikanın iddiaları ilə bağlı məlumata malik olmadığını bildirib.

Belçikanın dövlət RTBF telekanalı bildirib ki, İspaniya, İsveç və İsveçrədə də belə pensiya alanlar var və onların adları həmin ölkələrdəki Almaniya səfirliklərinə məlumdur.

Telekanal müharibə tədqiqatçısı Alvin de Coninck-ə istinadən bildirib ki, bu pensiyalar adambaşına ayda 435-1275 avro arasındadır və həmin şəxslərin müharibədən sonra Belçika həbsxanalarında çəkdikləri cəxa müddətindən asılı olaarq hesablanıb. Müharibədən sonra Belçikada 80 min nəfər nasistlərlə əməkdaşlığa görə məhkum edilib.

Lakin Belçikadakı nasist pensiyaçıları Almaniyada məcburi əməyə görə ayda yalnız 50 avro alırlar. Ümumilikdə isə 20 ölkədən 12 milyon adam nasist Almaniyası ilə əməkdaşlıq edib.

Guardian-ın yazdığına görə bu pensiyaların ödənməsi indiyədək davam edir, çünki Adolf Hitlerin 1941-ci ildə verdiyi bu fərman 1945-ci ildə müttəfiqlərin Potsdam Konfransı tərəfindən ləğv edilməyib.

Hitler rejiminin əlaltılarına ödənilən pullar məsələsi Belçikada ilk dəfə 1997-ci ildə sosialistlər tərəfindən qaldırılıb. 2012-ci ilin məlumatı 2500 belçikalının hələ də bu və ya digər formada Almaniya dövlət pensiyaları aldığını göstərirdi. Onlardan böyük əksəriyyətinin bu gün həyatda olmadığı düşünülür.

Nasistlərə qarşı müqavimət hərəkatı əsgərinin oğlu De Coninck deyib ki, Belçikanın və Elzas regionunun bir çox sakinləri nasist müdaxiləsindən sonra Almaniya vətəndaşlığı almışdılar, lakin onlardan SS sıralarına qoşulanlar da var idi.

Avropa ölkələrindəki Almaniya səfirləri deyirlər ki, onların pensiyaçıların adları barədə məlumatları yoxdur, çünki bu barədə sənədlər Almaniyanın federativ vahidləri olan muxtar torpaqlarda saxlanır.

Belçika millət vəkilləri bildiriblər ki, hələ də pensiya alan 27 belçikalının sənədləri Şimali Reyn-Vestfaliya torpağındadır.

Almaniyanın Belçikadakı səfiri Martin Kotthaus deyib ki, hazırda sağ olan pensiyaçıların müharibədə oynadıqları rola dair təhqiqata başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG