Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:49

Hikmət Hacızadə: 'Ukrayna elə bir ölkədir ki, Rusiyadan qopub'


Ukrayna Prezidenti V.Zelenskinin rəsmi qarşılanma mərasimi

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda səfərdədir. Bu, onun Ukrayna prezidenti olaraq Azərbaycana ilk səfəridir.

Politoloq Qabil Hüseynli «Turan» agentliyinə deyib ki, Azərbaycan-Ukrayna münasibətləri həmişə dostluq, mehribanlıq və ikitərəfli əməkdaşlığın yüksək səviyyəsi ilə seçilib. «İstər Azərbaycan, istər Ukrayna ərazi bütövlüyü baxımından eyni problemlərlə baş-başadır. Bu baxımdan, bu iki ölkənin bütün sahələr üzrə əməkdaşlığı hər iki ölkəyə böyük faydalar gətirə bilər», - politoloq belə düşünür.

«Eyni hərəkəti Azərbaycan da edir»

Q.Hüseynli qeyd edib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, eləcə də bütün beynəlxalq forumlarda ərazi bütövlüyünə səs verir:

Q.Hüseynli
Q.Hüseynli


«Eyni hərəkəti Azərbaycan da edir və Krımın ilhaqından sonra birmənalı olaraq onun Ukraynaya məxsus olduğunu bildirir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın bu mövqedən dönməsi mümkün deyil. Odur ki, Krım, Donbas məsələsində Azərbaycan sonuna qədər Ukraynaya lazım olan siyasi dəstəyi verəcək».

Politoloqa görə, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələr də dinamik şəkildə inkişaf etməkdədir.


Onun qeyd etməsinə görə, Ukraynanın inkişaf etmiş hərbi sənaye kompleksi var və bu kompleks Azərbaycanla ikitərəfli münasibətlərdə özünə yer edib:

«Azərbaycan hərbi hava qüvvələrinin formalaşdırılmasında....»

«Azərbaycan hərbi hava qüvvələrinin formalaşdırılmasında, hərbi hava qüvvələrinin təlim bazasının təşkilində Ukrayna Azərbaycana yaxından köməklik göstərir. Digər sahələrdə də əlaqələr uğurludur».

Q.Hüseynli vurğulayıb ki, bəzi sahələr üzrə əməkdaşlıq üçün potensial var və onları inkişaf etdirmək prezidentlərin görüşü zamanı müzakirə olunaraq dəqiqləşdiriləcək.

H.Hacızadə
H.Hacızadə

«Vacib səfərdir»

Başqa bir politoloq Hikmət Hacızadə isə AzadlıqRadiosuna deyib ki, Ukrayna ilə əlaqələr Azərbaycan üçün çox vacibdir: «Ukrayna kiçik ölkə deyil, geniş potensialı var. Ukrayna müstəqil siyasət yeridir. Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. V.Zelenskinin səfəri əlaqələrin genişlənməsi baxımından Azərbaycan üçün çox vacibdir».

H.Hacızadəyə görə, bu səfərdə beynəlxalq əlaqələr məsələlərindən Krım, Qarabağ və, eyni zamanda, ticari əlaqələr müzakirə ediləcək.

«Bu yolu biz də getməliyik»

Politoloqun habelə vurğulamasına görə, Ukrayna elə bir ölkədir ki, Rusiyadan qopub, Avropaya inteqrasiya etmək istiqaməti götürüb: «Biz də baxıb bu yolu izləyirik. Bu yolu biz də getməliyik».

Xatırlatma

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına gəlib.

V.Zelenski dekabrın 17-də prezident İlham Əliyevlə görüşüb. Hələlik, görüş haqqında geniş məlumat yayılmayıb. O, habelə Baş nazir Əli Əsədovla görüşməlidir. V.Zelenski və İ.Əliyev Ukrayna-Azərbaycan biznes forumunun işində də iştirak etməlidirlər.

Həmçinin, cənab Zelenski Azərbaycanın Ukrayna icması ilə görüşməlidir.

XS
SM
MD
LG