Ukraynanın işğal edilmiş ərazilərində övladlarına gizli olaraq ukrayn dilində təhsil verən valideynlərin uşaqlarını onlardan alıb Rusiyaya övladlığa verə və ya rus dilində “təkrar təhsil” üçün Rusiya məktəblərinə göndərə bilərlər.
Bunu Amnesty International beynəlxalq insan haqları təşkilatı bildirib.
Dekabrın 11-də açıqlanmış “Ukrayna: Uşaqların Təhsili Rusiya Təcavüzünün daha bir Qurbanıdır” adlı hesabatda deyilir ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi təkcə ölüm və dağıntı gətirməyib, həm də uşaqları təhsil və başqa hüquqlardan məhrum edib.
Rusiya qüvvələri hələ də Ukrayna ərazilərinin 20 faizinə nəzarət edir və işğal olunmuş ərazilərdə valideynlər uşaqlarının ana dilində təhsilini gizli şəkildə davam etdirirlər.
Ana dilində təhsilin “partizanları”
Amnesty təşkilatının regional direktoru Anna Rayt deyir ki, 23 təhsil işçisindən və 16 ailədən əldə olunmuş informasiyadan Ukraynada uşaqların təhsilində ciddi fasilələrin yarandığı məlum olub:
"Rusiyanın işğal etdiyi ərazilədə hədə və qısnama ailələr, uşaqlar və təhsil işçiləri üçün gündəlik həyat normasına çevrilib. Rusiyanın sonsuz terror kampaniyasından heç kəs sığortalanmayıb”.
Araşdırmada qeyd olunur ki, uşaqlar, valideynlər və müəllimlər bağçalarındakı yeri qazıb kompüter və mobil telefonlarını gizlədən partizanlara çevriliblər. Bu ailələr mobil siqnalları tuta bilmək üçün evlərinin çardaxlarından istifadə edirlər.
Amnesty təşkilatının söhbət etdiyi ukraynalılar bildirirlər ki, Rusiya işğalçıları küçələrdə patrul keşiyi çəkir və tez-tez evlərə soxularaq qəfil axtarışlar aparırlar. İşğal administrasiyası evlərdə ukrayn dilində dərslikləri və ya onlayn təhsilə imkan verən vasitələri axtarırlar.
Uşağı “yetimxanaya” apamaq hədəsi
Adı şərti olaraq “Polina” kimi qeyd edilən iki uşaq anası incidilməkdən çəkinərək uşaqlarının təhsilini ümumiyyətlə dayandırıb. Polinanın uşaqları işğalın son 9 ayı ərzində çox nadir halda küçə çıxıblar. Valideynlər uşaqlarının oğurlanaraq Rusiyaya aparıla biləcəyindən qorxurlar.
Xerson vilayətində işğal olunmuş kəndlərdən birinin sakini olan başqa bir ana Amnety-yə deyib ki, Rusiya əsgərləri onun evinə gələrək uşağını günü sabah məktəbə göndərməyi tələb ediublər. Onlar deyiblər ki, əks təqdirdə uşağı “yetimxanaya” aparacaqlar. Onun oğlu ertəsi gün məktəbə gələndə bütün sinif otaqlarının Rusiya simvolları ilə bəzədildiyini görüb. Məktəbdə isə Rusiya əsgərləri keşik çəkirdilər.
Rusiya işğalı altında olan ərazilərdə məktəblərdə tədrisi davam etdirməkdən boyun qaçıran müəllimlər isə ya gizlənməyə, ya da kəndlərini tərk etməyə məcbur olublar.
Gizli onlayn dərslər
Zaporojye vilayətinin işğal altında olan Berdyansk şəhərində bir müəllim təşkilata deyib ki, məktəblərdə uşaqları rusca təhsil almağa və Rusiya himnini oxumağa məcbur edirlər.
Həmin müəllim hazırda Ukraynanın işğal olunmuş əraziləri üçün internet vasitəsilə dərs deyir.
Bəzi valideynlər hədələrə və mümkün ağır nəticələrə baxmayaraq övladlarını onlayn kurslara yazdırırlar.
Berdyanskdan olan bir ata Amnesty təşkilatına deyib ki, onun oğlu internetdə Ukrayna məktəbindən dərs öyrəndiyi vaxt o çöl qapısında, həyat yoldaşı isə pəncərədə keşik çəkməli olur.
Onlar şübhəli nəsə görsələr bir-birlərinə işarə edirlər, uşaq isə internetdən aldığı bütün materialları təcili qaydada silir.
Xanım Rayt deyir ki, Ukrayna uşaqlarının bugününü və sabahını daha ağrısız etməyin yeganə yolu Rusiyanın işğalına son qopyulmasıdır.