Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:34

Hesabat: Azərbaycanın müdafiə sistemində korrupsiya riski yüksəkdir


Transparency International: Tam məxfilik o deməkdir ki, müdafiə təchizatı dövlət sirri hesab olunur

Korrupsiyaya qarşı beynəlxalq Transparency International təşkilatı noyabrın 16-da özünün 2020-ci il üçün Government Defence Integrity (GDI) adlanan hesabatını açıqlayıb.

Bu hesabatda dünya ölkələrinin müdafiə təsisatlarındakı korrupsiya riski qiymətləndirilib.

Transparency International təşkilatının Defence & Security qolunun hesabatında deyilir ki, müdafiə və təhlükəsizlik sektorlarında korrupsiya ölkələrin özünümüdafiə qabiliyyətini azaldır, habelə ictimai təsisatları zəif salır.

Hesabatda qeyd olunur ki, ölkələrin müdafiə təsisatları və onların maliyyə fəaliyyətləri şəffaf olmalıdır.

Hesabatda müxtəlif ölkələr üzrə korrupsiya riski olan 5 kateqoriya nəzərdən keçirilib.

2020-ci ilin GDI hesabatı 90 ölkəni əhatə edir və bu ölkələr üzrə məlumatlar 2019-cu ilin oktyabrı ilə 2021-ci ilin noyabrı arasındakı müddəti əhatə edir.

Bu da qeyd olunur ki, ayrılıqda hər bir ölkə üzrə hesabat təşkilatın kiçik yerli komandaları tərəfindən tərtib edilib.

6 risk qrupu

GDI hesabatında əsas etibarı ilə 5 risk sferası araşdırılıb. Bunlar maliyyə, əməliyyat, heyət, siyasitəchizat sferalarıdır.

Başqa sözlərlə bu beş sahədə mövcud olan korrupsiya riskləri qiymətləndirilir və hər bir ölkə üzrə yekun nəticə çıxarılır.

Daha sonra bu nəticələrə əsasən ölkələr korrupsiya riskinə görə - çox aşağı, aşağı, orta, yüksək, çox yüksək və kritik olaraq 6 kateqoriya üzrə təsnif edilir.

Son hesabatda müdafiə təsisatlarında korrupsiya riski çox aşağı olan kateqoriyaya yalnız bir ölkə - Yeni Zelandiya daxil edilib.

Əsas Qərb və Avropa ölkələri əsasən sonrakı iki kateqoriyada – aşağı orta risk qruplarında yerləşdirilib.

Rusiya, Ukrayna, Ermənistan, Macarıstan, Yunanıstan kimi ölkələr müdafiə sistemlərində korrupsiya riski yüksək olan qrupa salınıb.

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daha bir neçə başqa ölkələrlə birlikdə korrupsiya riski “çox yüksək” olan kateqoriyaya daxil edilib.

Azərbaycanİran müdafiə təsisatlarında korrupsiya riskləri “kritik” olan ölkələr qrupuna salınıblar.

Bu qrupda Venesuela, Səudiyyə Ərəbistanı, İraqQətər kimi ölkələr var.

Millət vəkillərinin çoxu sirr bilmək istəmir

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, ölkədə müdafiənin idarə edilməsi mexanizmləri zəif, korrupsiya riskləri isə son dərəcə yüksəkdir.

Bu da qeyd olunur ki, ölkədə siyasi plüralizm mövcud deyil və müxalifət partiyalarının hakimiyyətə seçki yolu ilə gəlmək şansı yoxdur.

Hesabatda deyilir ki, 2020-ci ilin parlament seçkisi kütləvi pozuntularla müşayiət olunub və yalnız bir müxalifətçi deputat seçilə bilib.

Bu da qeyd olunur ki, qanunvericilik orqanında müxalifətin yoxluğu parlamentin icra hakimiyyəti və müdafiə təsisatları üzərində nəzarətini qeyri-mümkün edir.

Bildirilir ki, Konstitusiya parlamentə silahlı qüvvələrə nəzarət hüququ versə də, 2017-ci ilin Silahlı Qüvvələr qanununda parlamentin adı nəzarətçi qurumlar arasında çəkilmir.

Hesabatda deyilir ki, hərbi məsələlər hətta parlamentdən də məxfi saxlanır və burada müzakirə olunmur.

Bu da vurğulanır ki, parlamentin bu sahədə nəzarətə malik olmasını bir çox millət vəkillərinin özləri də istəmir, məxfiliyin daha mühüm olduğunu bildirirlər.

Hesabatda deyilir ki, bu, icra hakimiyyətinə parlamentdən istənilən qanunu keçirmək imkanı verir.

Bu da vurğulanır ki, 2007-ci ildə daxili audit barədə qanunun qəbul olunmasına baxmayaraq, Müdafiə Nazirliyində hər hansı auditin olmasını göstərən əlamətlər yoxdur.

Maliyyə şəffaflığı

Hesabatda deyilir ki, Azərbaycan informasiyaya çıxışı tənzimləyən çox detallı qanunlara malikdir və ölkə konstitusiyasında informasiya azadlığı təsbit edilib.

Sənəddə deyilir ki, informasiyaya ictimai çıxışa təminat verən ayrıca qanun müdafiə informasiyasını da nəzərdə tutur, amma müdafiə sisteminə dair məlumatlar həm də dövlət sirləri və təhlükəsizliyə dair qanunlarla tənzimlənir.

Praktikada bu o deməkdir ki, müdafiə sisteminə informasiya azadlığı qanunundan kənarda qalmaq imkanı verilib.

Hesabatda deyilir ki, Azərbaycanda başqa qanunvericilik aktları da məxfiliyin gücləndirilməsinə xidmət edir.

Bu da qeyd olunur ki, belə qanunlar QHT və müstəqil media üçün müdafiə informasiyasına girişi tamamilə bağlamış olur. Bildirilir ki, belə informasiyaların başqa yollarla əldə olunması isə dövlət sirrinin yayılmasına dair ittihamlarla üzləşmək baxımından təhlükəlidir.

Hesabatda deyilir ki, Azərbaycanın son illərdə silahlara milyardlarla dollar xərcləməsinə baxmayaraq bunun büdcədə nə qədər yer tutmasına dair detallı məlumat əldə etmək qeyri-mümkündür.

Qeyd olunur ki, belə detallı məlumatları Maliyyə Nazirliyinin hər rübün axırında dərc etdiyi hesabatlardan da öyrənmək olmur.

Əməliyyat xərcləri

Hesabatda deyilir ki, Azərbaycanın hərbi heyətinin 60 faizi və ya 50 min hərbçi hazırda ön cəbhə əməliyyatlarında xidmət edir.

Hesabata görə Azərbaycanda müdafiə sisteminin əməliyyatlar sferasında da korrupsiya risklərinə müqavimət zəifdir.

Hesabatda iddia olunur ki, Azərbaycan Müdafiə Nazirliyinin antikorrupsiya ilə bağlı hesabatları yoxdur və Azərbaycan hökuməti indiyədək NATO-nun maliyyə təmizliyi proqramına qoşulmaqdan imtina edib.

Bu da vurğulanır ki, əməliyyatlar barədə hər hansı məruzələr hətta parlament üçün də məxfi sayılır.

Hesabatda qeyd olunur ki, nəticə tamamilə qeyri-şəffaf sistem və bütün sahə boyunca yüksək korrupsiya riski deməkdir.

Bu da vurğulanır ki, eyni risklər müdafiə sisteminin təchizatında da var. Tam məxfilik o deməkdir ki, müdafiə təchizatı dövlət sirri hesab olunur.

Hesabatda iddia edilir ki, Azərbaycanda müdafiə təchizatı üçün tenderlərin hamısı müstəsna olaraq qapalı keçirilir və qaliblər çox zaman yüksək vəzifəli rəsmilərin qohumları olur.

Hesabata görə bu, xüsusilə də ona görə narahtlıq yaradır ki, Azərbaycan bütün dünyada müdafiəyə ən çox pul xərcləyən ölkələrdəndir. Bakı 2009 və 2018-ci illər arasında hərbiyyəyə 24 milyard dollar xərcləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG