Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Azərbaycanla Ermənistanda adambaşına müdafiə xərcləri eynidir


Bakıda hərbi parad - 2013

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute of Strategic Studies – IISS) «Hərbi balans-2017» (The Military Balance-2017) adlı yeni hesabatını açıqlayıb.

Hesabat müəllifləri deyirlər ki, bu dəfə diqqəti çəkən bütün dünyada qlobal təhlükəsizliklə bağlı durumun dəyişməməsidir: «Təəccüb hissi – ABŞ seçkilərinin yaratdığı şok, Britaniyanın AB-dən çıxmaqdan ötrü referendum keçirməsi və s. təhlükəsizliklə bağlı ümidsizliyin qalmasına səbəb olub. Yeganə parlaq şey Kolumbiyada sülh razılaşmasının əldə edilməsidir».

ÜDM-İN 4%-İ

Hesabatda hərbi texnologiyalara və qabiliyyətlərə yiyələnmə, sosial və texnoloji dəyişiklər, kiber hücumlardan istifadə nəticəsində dünyanın yeni təhlükəli sınaqlarla üz-üzə gəldiyi deyilir. Rusiyanın, Çinin, eləcə də bəzi Körfəz ölkələrinin ara-sıra hərbi gücündən istifadə etdiyi, bunun isə beynəlxalq gərginliyi artırmaqla yanaşı, hərbi qarşıdurma təhlükəsi yaratdığı vurğulanır. Mütəxəssislər Rusiyanın hərbi fəaliyyəti nəticəsində NATO-nun müdafiə xərclərini artırdığını, alyansa üzv ölkələrin döyüş qabiliyyətini nəzərdən keçirməli olduqlarını qeyd edirlər. Şimali Koreyanın nüvə sınaqları da beynəlxalq ictimaiyyəti əndişələndirib.

Buna da bax-Azərbaycan və Ermənistan orduları: müqayisə [infoqrafika]

Hesabatda 171 ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın hərbi potensialı, sənayesi qiymətləndirilir. Azərbaycanda da, Ermənistanda da 2016-cı ildə ÜDM-in 4%-nin müdafiə və təhlükəsizliyə xərcləndiyi bildirilir.

Yerevanda hərbi parad - 2016
Yerevanda hərbi parad - 2016

Azərbaycanın müdafiə xərcləri 2016-ci ildə öncəki illərə nisbətən azalıb, 1 milyard 438 milyon dollar olub (keçən il bu rəqəm 1 milyard 750 milyon, 2014-cü ildə 2 milyarddan çox idi). Müqayisə üçün deyək ki, Ermənistanın müdafiə xərclərinin ötən il 428 milyon dollar olduğu göstərilir. Amma Azərbaycan əhalisi çox olduğundan, adambaşına düşən müdafiə xərcləri Ermənistanınkından fərqli deyil, Azərbaycanda 146 dollar, Ermənistanda 141 dollardır.

HƏRBİ BALANS 20% ARTIB

Hərbi balans – 2017-də Azərbaycanın fəal hərbi qüvvələrinin sayının 67 min olduğu deyilir. Ermənistan üçün bu rəqəm 45 mindir. Ehtiyatda olan qüvvələr Azərbaycanda 300 min, Ermənistanda 210 mindir.

Hesabatda müdafiə xərclərini azaltsa da, Azərbaycanın hərbi balansını 2015-2016-cı illərdə 20%-dən çox artırdığı göstərilir. Gürcüstan və Ermənistanda artım 3%-dən 10%-ə qədər olub.

Buna da bax-'Stratfor' Ermənistanla bağlı fikir ayrılığına toxundu

Buna baxmayaraq, sənəddə Azərbaycanın hərbi hava qüvvələrinin təlim və təminat sarıdan korluq çəkdiyi, ordunun ölkə xaricinə çıxmaq gücündə olmadığı bildirilir. Neft gəlirləri daha çox xərcləməyə imkan versə də, Azərbaycan ordusunun Sovet dövrü modelindən yaxa qurtara bilmədiyi vurğulanır.

Dağlıq Qarabağda erməni qüvvələri.
Dağlıq Qarabağda erməni qüvvələri.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanda müdafiəyə ayrılan pullar, əsasən, yeni texniki vasitələrə xərclənib. Moskvayla 1 milyard dollarlıq müqaviləsinin bir hissəsi olaraq Azərbaycan «TOS-1A» çoxsaylı raket atıcı batareyaları, zirehli nəqliyyat növləri əldə edib. İsrailin UAV-ları hesabına hərbi qüvvələrinin nəzarət qabiliyyətini artırıb.

HƏRBİ QÜVVƏLƏR MÜDAFİƏYƏ KÖKLƏNİB

Sənəddə həmçinin, ötən il Dağlıq Qarabağda baş verənlərə görə Ermənistanın da, Azərbaycanın da hərbi qüvvələrinin müdafiəyə kökləndiyi deyilir.

Buna da bax-Erməni ekspertlər aprel döyüşlərini təhlil edirlər

Müəlliflər 2016-cı ildə Rusiyanın Qafqazda mövqeyini möhkəmlətməyə çalışdığını qeyd edirlər. Aprel ayında Qarabağda münaqişə qızışandan sonra Rusiyanın Ermənistandakı bazalarıyla bağlı danışıqların intensivləşdiyini, müdafiə zamanı qüvvələrdən birgə istifadəni nəzərdə tutan razılaşmanın əldə edildiyini vurğulayırlar.

«Hərbi balans-2017»də Azərbaycanın Ankara ilə sıx əməkdaşlıq etdiyi, NATO ilə əməkdaşlığı davam etdirdiyi, 2016-cı ildə ölkənin NATO ilə birgə fəaliyyət planının 4-cü dövrünə qədəm qoyduğu qeyd olunur.

Sülhməramlı fəaliyyətinə gəlincə, ötən il Azərbaycanın Əfqanıstanda 100-ə yaxın əsgər göndərdiyi deyilir.

DAĞLIQ QARABAĞDA 20 MİN SİLAHLI QÜVVƏ

NATO ilə birgə fəaliyyət planının yerinə yetirilməsində Ermənistanın fəal olduğu deyilir. Ermənistan hökuməti ölkənin sülhməramlı kontingentini NATO standartlarına uyğunlaşdırmağa çalışır. Üstəlik, NATO ilə hərbi təhsilin gücləndirilməsi, təhsildə islahatlarla bağlı danışıqlar aparılır. Hesabatda keçən ilin yanvarında Ermənistanda Milli Müdafiə və Tədqiqat Universitetinin açıldığı qeyd olunur.

Hesabatda Dağlıq Qarabağ ərazisindəki silahlı qüvvələrin 20 minə qədər olduğu deyilir. Ərazidə 200-300 tank saxlandığı, digər hərbi nəqliyyat vasitələrinin və artilleriyanın da təxminən bu qədər olduğu bildirilir. Təchizatın bir hissəsinin Ermənistana aid olduğu vurğulanır.

Qeyd edək ki, hesabatda Azərbaycan haqda bilgilər ötən ilkilərdən bir o qədər fərqlənmir.

Azərbaycan rəsmiləri hesabatla bağlı fikirlərini, hələ ki, bildirməyiblər.

XS
SM
MD
LG