Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

Amerikanın iki ədəbiyyat nəhəngini müharibə necə dost elədi?


6 iyun 1944, Amerika qoşunları Normandiya sahillərinə çıxır
6 iyun 1944, Amerika qoşunları Normandiya sahillərinə çıxır

1944-cü ilin avqustunda müttəfiq qüvvələrin Parisi geri çəkilən nasistlərdən alacağı aydın olanda, bir amerikalı, şəhərin ən məşhur nöqtələrindən birini almanlardan geri almağı şəxsən öz üzərinə götürmüşdü.

Amma nə Ritz mehmanxanası əsl hərbi hədəf, nə də 45 yaşlı Ernest Hemingway əsl əsgər idi. Lakin bu otel yazıçının məşhur içki oylaqlarından biriydi və o qərara gəlmişdi ki, Fransanın azad edilməsinə dair reportajlarını məhz burada yazacaq.

Amerikanın “Ozy” internet jurnalında dərc edilmiş məqalədə daha sonra oxyuruq:

Beləliklə, Hemingway özünün “qeyri-nizamilər” adlandırdığı və bir aşpaz, bir fotoqraf, bir tarixçi, bir ictimai əlaqələr katibindən ibarət vzvodu ilə şotland viskisi ilə silahlanaraq doğrudan da Ritz otelini “ələ keçirmişdi”.

Amerika yazıçısı və hərbi jurnalisti Ernest Miller Hemingway (solda)
Amerika yazıçısı və hərbi jurnalisti Ernest Miller Hemingway (solda)

Burada Hemingway və onun dəstəsi başqa bir amerikalı ilə rastlaşacaqdı. Bu amerikalı əsl əsgər idi və Parisdə bədii qəhrəmanlarını yox, nasistlərə əlaltılıq edənləri axtarırdı.

Amerikanın iki böyük yazıçısının - Ernest Hemingway və J.D. Salinger-in dostluğunun təməli İkinci Dünya Müharibəsinin qızğın vaxtında Parisin Ritz otelində qoyulacaqdı.

Serjant Jerome Salinger-in alayı Parisə gəlib çıxanadək döyüşçülər cəhənnəm alovundan keçmişdilər.

Onlar iyun ayında Normandiya sahillərinə desant çıxarılandan sonra Şerburq şəhərini almanlardan küçəbəküçə döyüşərək geri almışdılar.

J.D. Salinger: Həyatı (J.D. Salinger: A Life) adlı salnamə kitabın müəllifi Kenneth Slawenski yazır ki, Salinger Normandiya sahillərinə çıxandan bəri bir nə çimməyə, nə də paltarlarını dəyişməyə macal tapmışdı. Onunla birlikdə desant əməliyyatında iştirak etmiş 3 min əsgərin yalnız üçdə biri sağ qalmışdı. Amma bu döyüşlərdən sağ çıxanları Parisin küçələrində gül-çiçəklə qarşılamışdılar.

Parisdə keçirdiyi üç gün, sonralar özünün yazdığına görə onun həyatının ən xoşbəxt günləri olacaqdı.

Paris bu gənc yazıçını çoxdan pərəstiş etdiyi ədəbiyyat nəhəngi ilə görüşdürəcəkdi.

J. D. Salinger
J. D. Salinger

Əks-kəşfiyyat korpusunun əsgəri olan Salinger Collier’s jurnalının hərbi müxbiri Hemingway-in Parisdə olduğu xəbərini alan kimi hərbi cipə minərək düz Ritz otelinə gəlmişdi.

Beləcə iki yazıçı otelin barında içki məclisində bir xeyli söhbət etmişdilər. Bu görüşdən sonra Salinger öz naşirinə məktubunda Hemingway haqqında “o doğrudan da qiyamət oğlandır” yazmışdı. Salinger Hemingway-lə söhbətindən sonra əmin olmuşdu ki, o zəhmli reputasiyasına baxmayaraq əslində çox həlim bir adam idi.

Hemingway Salinger-ə demişdi ki, onun bəzi hekayələrini oxuyub və çox bəyənib. Salinger Ritz otelini yüksək əhvalda tərk etmişdi. O müharibənin ilk illərində döyüşlər arasındayazıçılığını davam etdirməyə çalışmışdı, amma indi Hemingway-lə görüşdən sonra yazmaq əzmi ikiqat artmışdı.

Slawenski yazır ki, yazmaq Salinger-ə müharibənin dəhşətlərini az da olsa unutmaq və ruhunu müalicə etmək üçün lazım idi.

Parisdən sonra müharibənin dəhşətləri yenidən başlanmışdı. Salinger-in əsgəri olduğu divizya Almaniyaya ilk daxil olan Amerika qoşun birliyi idi. Orada əsgərlər müharibənin ən qanlı epizodlarından biri olan Hürtgen meşəsi döyüşündən keçmişdilər.

Salinger-in əsgərlik dostlarından Werner Kleeman öz xatirələrində yazırdı ki, “bir axşam o mənim yaxamdan yapışıb dedi: Gəl gedib görək Hemingway haradadır.”

İki əsgər Hemingway-i oradan iki kilometr aralıda, balaca bir fermada tapmışdı. Onlar burada qəhvə fincanlarında sampan içmişdilər.

Salinger Hemingway kimi nəhəng bir yazıçı ilə ünsiyyətindən fəxr duyurdu. Lakin onun alayını Hürtgen meşəsindəki döyüşdən daha ağır döyüşlər və faciələr gözləyirdi. O hələ Arden hücumundan Daxau ölüm düşərgəsinin azad edilməsinədək qanlı yollardan keçəcəkdi.

Müharibənin sonlarına yaxın Salinger artıq “döyüş üzgünlüyü” deyilən xəstəlikdən əzab çəkirdi. Slawenski yazır ki, müharibənin stresindən çıxaraq əməlli-başlı yazı-pozuya başlamaq üçün Salinger-ə illər lazım gələcəkdi.

Salinger Hemingway-ə məktublarında etiraf edirdi ki, “mən tam bir ruh düşkünlüyü vəziyyətindəyəm”.

O yazırdı ki, bir gün təzə dostu ilə Nyu Yorkda görüşəcəyinə ümid edir: “Mənim sizinlə söhbətlərim bütün bu müsibətin içində ən ümidli dəqiqələr idi”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG