Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 21:05

HƏMAS neçə İsrail girovunun hələ də sağ olduğunu bilmədiyini deyir     


Bibas ailəsinin fotoları
Bibas ailəsinin fotoları

ABŞ-da və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan Fələstin qruplaşması – HƏMAS Qəzza zolağında saxlanan girovlardan neçəsinin sağ olduğunu bilmir.

Bunu CNN telekanalına təşkilatın Livandakı mətbuat katibi Osama Həmdan deyib.

Həmdan bunu da bildirib ki, son atəşkəs təklifi, habelə ABŞ prezidenti Co Bayden tərəfindən verilmiş təkliflər HƏMAS-ı qane etmir.

CNN-nin Qəzzada saxlanan girovlara dair sualına cavab verən mətbuat katibi deyib ki, onlardan neçəsinin hələ də sağ olduğunu heç kəs bilmir.

O əlavə edib ki, girovların mümkün aşağılanmaya məruz qalmasına görə İsrail özünü günahlandırmalıdır.

HƏMAS “günah İsraildədir” deyir

CNN bildirir ki, Həmdana bu yaxınlarda azad edilmiş girovların səhhəti ilə bağlı İsrail həkimlərinin verdiyi məlumatlar göstərilib.

Həkimlər təsdiq ediblər ki, girovların bədənlərində döyülmə izləri var, onlar habelə aclıqdan əzab çəkiblər.

HƏMAS nümayəndəsi bununla bağlı deyib:

"Düşünürəm ki, onların psixika ilə bağlı problemləri varsa, bu İsrailin Qəzzada etdiklərinə görədir”.

Məlumata görə HƏMAS təşkilatının əsirliyində ötən ilin 7 oktyabrında oğurlanmış 250 girov var.

İsrail Milli Birlik partiyasının sədri və hərbi kabinetin keçmiş üzvü Beni Qants Kan telekanalına müsahibəsində deyib ki, İsrailin girovların durumu barədə məlumatı var.

Söhbət xüsusilə də iki azyaşlı uşağı ilə oğurlanmış Bibas ailəsindən gedir.

Qants deyib ki, onlar barədə məlumat, bunun üçün “münasib vaxt olanda” veriləcək.

Bibas ailəsinin qohumları Qantsın bəyanatını “məsuliyyətsiz” adlandırıblar.

8 iyun əməliyyatı

HƏMAS silahlılarının ötən ilin oktyabrında İsrailə hücumu nəticəsində 1200-dən çox ölən olub.

Onlar habelə 250 nəfəri girov götürərək Qəzzaya aparıblar. Bunların arasında israillilərlə yanaşı, başqa ölkələrin də vətəndaşları da var.

Ötən noyabrda onların bir qismini danışıqlar yolu ilə İsrail həbsxanalarında olan fələstinlilərlə dəyişmək mümkün olub. Bəzi girovların artıq həyatda olmadıqları təxmin edilir.

Son məlumata görə qruplaşmanın əlində daha 100 girov qalır.

İyunun 8-də İsrailin keçirdiyi əməliyyat nəticəsində daha dörd girov azad edilib.

Fələstin nümayəndələri bildirirlər ki, 8 iyun əməliyyatının gedişində 200-dən çox yerli sakin öldürülüb.

HƏMAS iddia edib ki, ölənlərdən üçü, bir ABŞ vətəndaşı da daxil girov olub.

Bu məlumat müstəqil qaydada təsdiq edilməyib.

XS
SM
MD
LG