Şri Lankanın azı 22 sakini Rusiya ordusundan fərarilik edərək vətənə qayıdıb.
Bu barədə məlumatı Şri Lankanın müdafiə naziri Allen Hit verib.
Onun sözlərinə görə bu adamlara Rusiyada adi iş, yüksək maaşlar və Rusiya vətəndaşlığı da daxil güzəşt və imtiyazlar vəd olunub, amma onlar Rusiyaya çatan kimi Ukrayna müharibəsinə göndəriliblər.
Rusiyadan qayıdanlardan biri, 37 yaşlı Anil Madusanka mediaya deyib ki, Rusiyada ona sürücü işi vəd olunsa da, bunun əvəzində silah verərək cəbhə xəttinə göndəriblər.
Madusanka orada hər iki ayağından qəlpə yarası alaraq xəstəxanaya düşüb, oradan isə özünü Şri Lanka səfirliyinə çatdıra bilib.
Şri Lanka maaşlarından 13 dəfə çox
Rusiyaya qazanc üçün gedənlərin qohumları deyirlər ki, onlar “yaxşı gəliri olan qeyri-döyüş” işinə ümid edirdilər.
Hazırda Rusiya ordusunun heyətində Ukrayna müharibəsində iştirak edən çox sayda Şri Lanka vətəndaşının vətənə qayıtmağa can atdığı xəbər verilir.
49 yaşlı qadın – Renuka Karunaratne deyir ki, onun ərini bir Rusiya agenti aldadaraq Rusiyaya aparıb. Ailə Rusiyada vəd olunmuş işə görə agentə 10 min dollar da ödəyib.
Bu pulu ödəmək üçün Renuka və əri bütün ev əşyalarını satmalı, evin bir hissəsini girov qoymalı olublar.
Media xəbərlərində deyilir ki, WhatsApp vasitəsilə yayılan reklamlarda Şri Lanka sakinlərinə ayda 2100 dollar maaş və torpaq sahəsi vəd olunur. Bu da qeyd edilir ki, vəd edilən maaş Şri Lanka maaşlarından 13 dəfə çoxdur.
Dəqiq sayları bilinmir
Şri Lanka hökumətinin təxminlərinə görə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə indiyədək 280 lankalı cəlb olunub. Rusiya ordusundakı Şri Lanka sakinlərinin dəqiq sayı məlum deyil.
Hökumət bildirir ki, onda olan məlumata görə onlarca lankalı habelə hərbi əsir kimi Ukraynada saxlanır.
Ötən may ayında Şri Lanka prezidenti Ranil Vikremesinqh Rusiyaya xüsusi nümayəndə heyəti göndərəcəyini bildirib.
Xarici işlər naziri Taraka Balasuriya deyb ki, bu xüsusi nümayəndə heyəti Şri Lanka vətəndaşlarının Rusiya ordusuna cəlb olunması hallarını təhqiq etməlidir:
"Bizə məlum olub ki, insan qaçaqmalçıları adamları, onlara Rusiya vətəndaşlığı veriləcəyinə dair vədlər də daxil yalan yolu ilə Rusiyaya göndəriblər”.
Nazir bildirib ki, Şri Lanka hökuməti bu halları insan alveri kimi qiymətləndirir.
Lavrovun nəzərinə çatdırılıb
Şri Lanka XİN-in məlumatında deyilir ki, Kolombo bu məsələni BRICS xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən sammitində Sergey Lavrovla müzakirə edib.
Məlumatda bildirilir ki, bu görüşdə Şri Lanka sakinlərinin Rusiyaya səfərbər edilməsi kampaniyasına son qoyulmasına dair razılaşma əldə olunub.
Bəzi məlumatlara görə 2 minədək Şri Lanka vətəndaşının Ukrayna müharibəsinə göndərildiyi təxmin edilir.
Bundan əvvəl Nepal və Hindistan hökumətləri də öz ölkələrindən Rusiya ordusuna çox sayda vətəndaşın səfərbər edilməsindən narahatlıq ifadə etmişdilər. Bu da qeyd olunurdu ki, bu işlə məşğul olan bir neçə araçı həbs edilib.
Bloomberg xəbər verir ki, Rusiya hakimiyyəti Ukrayna müharibəsində iştirak üçün habelə Afrika ölkələrində səfərbərlik işi aparır.