Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 01:39

Həkim barədə cinayət işi başlanıb


İllüstrasiya fotosu

İyunun 28-də xəstəxanada intihara cəhd etmiş və bir gün sonra vəfat etmiş Mingəçevir şəhər sakini İmamverdi İsmayılovun ölümü ilə bağlı cinayət işi başlanıb. Həmin gün mərhumun övladına xidmət göstərən həkim Elxan Cəfərov isə istintaq müddətində işindən uzaqlaşdırılıb. Bu haqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iyulun 2-də yaydığı məlumatda deyilir.

Qurum hadisənin araşdırılması üçün komissiya yaradıb.

Agentlik həmin gün baş verənlərə də toxunub. Qurumun açıqlamasına görə, mərhumun 4 yaşlı övladının hərarəti yüksəldiyi üçün iyunun 26 və 27-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə müraciət edilib, xəstədə yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu müəyyən olunub.

“Xəstəliyin stasionar müalicəyə göstərişi olmadığına görə, uşağa ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu təsdiqini tapıb və valideynlərinə lazımi məsləhətlər verilərək evə göndərilib”, - açıqlamada qeyd olunur.

Daha sonra deyilir ki, körpə iyunun 28-i gecə 37.7 dərəcə qızdırma ilə təkrar xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib, ona ilkin tibbi yardım göstərilib, uşağın həyatına təhlükə yarada biləcək hər hansısa problem müəyyən edilmədiyi bildirilib.

XATIRLATMA

İyunun 28-i gecə saatlarında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində intihara cəhd olub, Agentlik bu faktı təsdiqləmişdi.

Hadisə şahidləri intihara səbəb kimi həmin şəxslə Mərkəzi Xəstəxana həkimlərindən biri arasında mübahisə olduğunu göstərmişdilər. Deyilirdi ki, övladı epilepsiya xəstəsi olan İmamverdi İsmayılov gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. O, çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, bir gün sonra vəfat edib.

Mərhumun yaxınları isə yerli mətbuata həkimin növbəsi bitdiyi üçün uşağı müayinə etmək istəmədiyini, övladının vəziyyətinin pisləşdiyini görən atanın əvvəlcə mübahisə etdiyini, daha sonra özünü yandırdığını söyləyiblər.

Ötən həftə Agentlikdən bildirmişdilər ki, vətəndaşın bu addımı atmasının səbəbləri barədə malumata malik deyillər, bununla bağlı az sonra açıqlama veriləcək.

XS
SM
MD
LG