Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:43

“Səhər saat 9-dan 18.00-dək qaz olmayacaq...”. Ardınca da yaşayış məntəqələrinin adları sıralanır.

Son vaxtlar "Azəriqaz" İstehsalat Birliyinin belə elanları tez-tez diqqət çəkir. Səbəb kimi də, bir qayda olaraq, aparılan təmir işləri, üstəlik, bu təmirin əlavə yaşayış məntəqələrindən yan ötməyəcəyi də göstərilir. Bir neçə il əvvəllə müqayisədə təkcə uzaq rayonlardakı kəndlər deyil, şəhərin mərkəzi rayonları da günün əsas hissəsini qazsız başa vurur.

"Təmir olanda, bütün gün qaz gəlmir, olmayanda da elə zəif gəlir ki... Düzü, nə oyundur, başa düşmürəm. Bir də görürsən həftəsonları da qaz olmur".

Mərkəzdən kənarda, Əhmədli qəsəbəsində yaşayan Gülarə Əliyeva deyir ki, bu üzdən evində həmişə ehtiyat qaz balonu saxlayır.

Buna da bax:​ 'Qazı parniklərə verirlər, bizi isə dondururlar'

Statistikaya görə də, məntiqə görə də qaz varmış

Neft-qaz məsələləri eksperti İlham Şaban deyir ki, statistikadakı rəqəmlər əhalinin normal qazla təmin olunmasına imkan verir. Ancaq müstəqillik illərində ilk dəfədir ki, bu qədər təmir getməsiylə rastlaşılır. Ekspert deyir ki, mənzillərə qazın gəlməməsi birbaşa təmir işləri ilə bağlıdır:

İlham Şaban, “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri

İlham Şaban, “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri

"Həm statistikaya, həm də məntiqə görə qaz var. “Qaz yoxdur, qazı Gürcüstana verirlər” deyənlər məntiqsiz danışırlar. Gürcüstan bizdən artıq həcmdə qaz almır ki. Qazın olmaması təmir işləri ilə bağlıdır".

İlham Şaban deyir ki, sözügedən təmir 2018-ci ilədək sürəcək.

Buna da bax: 'Azəriqaz' smart sayğaclarına limit tətbiq etdi

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, 29,367 milyard kubmetr mavi qaz istehsal edən Azərbaycanda əhalinin qaza 2,75 milyard kubmetrlik tələbatının çətin ödənməsi anlaşılan deyil: "Halbuki yalnız SOCAR-ın illik hasilatı 6,266 milyard kubmetrdir. Bu isə əhalinin mavi qaza tələbindən 2 dəfədən çox artıqdır. Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmasa da, yenə də qaz təminatında problemlərin qalması o deməkdir ki, bu sahədə struktur islahatlara ehtiyac var. Digər tərəfdən, qaz təchizatında itki həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha da aktuallaşdırır.

Vüqar Bayramov

Vüqar Bayramov

Mütəxəssislər nə deyir?

Bu sahənin mütəxəssisləri nə deyirlər? Niyə bütöv yaşayış məntəqələri günboyu qazsız qalır?

Vaqif Cəfərov uzun müddət "Azəriqaz" İstehsalat Birliyində baş mühəndis çalışıb. O da deyir ki, fasilələr təmirlə bağlıdır və son vaxtlardakı kimi təmir işləri əvvəllər olmayıb:

"Təmir işləri gedəndə, təhlükə olmasın deyə, müəyyən yerlərdə qaz kəsilir. Biz həm istəyirik qaz fasiləsiz olsun, təhlükə olmasın, qaz sızmaları olmasın, həm də deyirik qaz kəsilməsin. Bu, təbii olan şeydir. Təmir işləri olmalıdır ki, qaz normal təzyiqdə getsin. Olmayanda, normal təzyiq alınmır, axı. Bir də ki, bu cür təmirlər axırıncı aylarda olub, əvvəl olmayıb".

Buna da bax:​ Məcburi köçkün: İndi yolu bağlayırsan da, gələn olmur

Bakının qaz təchizi məşğul olmuş, Bakı Qaz İstehsalat Birliyi rəisinin müavini işləmiş Nüsrət Qasımov Bakıda qazlaşdırmanın ötən əsrin 30-cu illərində başlandığına diqqət çəkib:

"Həmin vaxt da yüksək texnologiya olmayıb. Qaz kəmərləri də, bir qayda olaraq, asfalt təbəqələrin altında yerləşir. Bu da daimi profilaktik xidmət tələb edir. Elə qaz kəmərləri var ki, qaydalara görə, gündə iki dəfə - axşam və səhər yoxlanılmalıdır. Təmir işləri zamanısa qaz kəmərləri bağlanmalıdır. Həm də yeni tikililər olduğundan, intensiv qazlaşdırma gedir. Yeni tikililərin qaz kəmərlərinə qoşulması üçün mütləq qaz verilişi dayandırılmalıdır. Bundan başqa, əsaslı təmir işləri gedir".

Nüsrət Qasımov

Nüsrət Qasımov

“Belə şey ola bilməz”

Son vaxtlar belə fikirlər də dolaşır ki, Bakının bir çox yerlərində qazın təzyiqinin kəskin azalması daha çox gəlir üçün mavi yanacağın xaricə dollarla satılmasından və daxili təchizatın azaldılmasından qaynaqlanır. Nüsrət Qasımov deyir ki, bu fikirdə olanlar yanılırlar:

"Xaricə satılan qaz milyardlarla kubmetrdir. Bakı şəhərinin gündəlik qaz tələbatı isə 10-15 milyon kubmetrdir. Elə də böyük rəqəm deyil ki, deyəsən xaricə satırlar. Köhnə təsərrüfatdır, plansız, layihəsiz çəkilən qaz kəmərləri var".

Nüsrət Qasımovun sözlərinə görə, ən böyük problem mənzillərin istilik sisteminin çalışmamasıyla bağlıdır. Evi soyuq olan adam bütün yükü qazın üstünə qoyanda, təzyiq də azalır.

Buna da bax:​ 'Qaynar xətt'lər: 'Xahiş edirik, bir qədər də gözləyəsiniz...'

"Azəriqaz": “12 min kilometrdən çox qaz xətti yenilənəcək”

"Azəriqaz" İstehsalat Birliyindən bildirirlər ki, hansı əraziyə qaz verilmirsə, bu aparılan təmir-bərpa işləriylə bağlıdır. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyir ki, köhnə xətlər yeniləri ilə əvəzləndiyindən arada fasilələr olur:

"Yay aylarından fərqli olaraq, qışda qaza tələbat 2-3 dəfə artdığından, qaz xətlərində yüklənmələr olur. Bakıda və Abşeronda, əsasən, sovet dövründən qalma şəbəkədir. Ona görə də min kilometrlərlə qaz xətləri yenilənir. Daxili təchizatda hər hansı problem yoxdur. Əhali tələbata uyğun mavi yanacaqla təmin edilir".

"Azəriqaz"ın sözçüsü qaz xətlərinin yenilənməsinin böyük layihə olduğunu vurğulayır. Plana görə Bakı və Abşeronda 12 min kilometrdən çox qaz xətti yenilənməlidir.

Buna da bax: 'Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərinə istilik vermir'

"Tonqaldan qopan istilik bu gün əhaliyə bəs edəcək"

Evi qazsız qalan əhalinin bir şikayəti də “Azəriqaz"ın “Qaynar Xətt”inə edilən zənglərin cavabsız qalmasındandır. Qurumun sözçüsü bununla razılaşmır və mərkəzin 24 saat işlədiyini deyir. Ancaq AzadlıqRadiosu-nun müxbiri də iki gün dalbadal bu mərkəzə zəng edib və dəstəyi qaldıran olmayıb. Elə “Qaynar Xətt”in sosial şəbəkədəki ünvanına yazılan şərhlərin də çoxu şikayətlərə cavab verilməməsiylə bağlıdır. İstifadəçilərdən biri yazır: "Bura “Qaynar Xətt”dən çox soyuq xəttə oxşayır. Arada telefonlara da cavab verin".

Evi qazsız qalan başqa bir istifadəçi isə çərşənbə günü (martın 8-də) “Azəriqaz”ın səhifəsinə belə bir şərh yazıb: "Bu gün od çərşənbəsi olduğu üçün hər yerdə tonqalların yandırılacağını bilən uzaqgörən və hər zaman xalqı düşünən "Azəriqaz" yenə də qazın verilişini dayandırıb. Səbəbi çox sadədir. Tonqaldan yaranmış istilik bu gün əhaliyə bəs edəcək".

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG