Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 04:30

Hansı dieta daha yaxşıdır?


Dieta
Dieta

Səhər qəlyanaltısına nə yeməli? Kolbasa və qara qəhvə, yoxsa yulaf və banan?

2019-cu ildə arıqlamağa çalışacaqsınızsa, internetdə dost-tanışınızdan bunu etməyin ən yaxşı yolları haqda məsləhətlər eşidəcəksiniz. Sanki hər kəsin bu mövzuda öz fikri var.

Ötən il aparılan iki əsas tədqiqat karbohidratların bizi kökəltməsi mövzusunda odun üstünə bir az da yağ töküb. Ancaq heç alimlər də hansı dietanın hamı üçün yararlı olacağını deyə bilmirlər.

Qidalanma sahəsində araşdırmalar son dərəcə mürəkkəbdir. Ən nüfuzlu araşdırmalar belə dəqiq cavablarla nəticələnmir. İnsanlar o qədər fərqlidir ki, uzun müddət təsirli ola biləcək üsulları göstərmək çox çətindir.

Ötən il bu sahədə öyrənilənlərə qısa nəzər salaq:

Azkarbohidratlı dieta məktəbi geri qayıdır. Artıq ona «Atkins dietası» demirlər. Ancaq əsas ideya ondan ibarətdir ki, rafinə edilmiş karbohidratlar orqanizmdə qısa zamanda şəkərə çevrilir, bu isə enerji səviyyəsində sıçramalara və aclığa yol açır.

İddia olunur ki, karbohidratları azaltmaq çəkini azaltmağa kömək edir. Belə ki, bu halda orqanizm bədəndəki yağları yandırır və özünü daha az ac hiss edir.

Aparılan tədqiqatlardan birinin məqsədi karbohidrat səviyyəsinin dəyişməsinin orqanizmin enerjidən istifadəsinə necə təsir etdiyini öyrənmək olub. Əldə olunan nəticələrə görə, az karbohidrat qəbul edən adamlar çox karbohidrat qəbul edənlərə nisbətən daha çox kalori yandırır.

Araşdırmanın nəticələrində az karbohidrat qəbul edənlərin daha çox arıqladığı deyilmir. Araşdırmada bu göstərici ölçülməyib. Yemək və qəlyanaltılar hər kəsin çəkisinin sabit qalması üçün yaxından izlənilib və tənzimlənib.

Məqalənin müəlliflərindən olan Boston Uşaq Xəstəxanasının tədqiqatçısı Devid Lüdviq deyir ki, karbohidratları azaltmaq artıq çəki atmış adamlara yenidən kökəlməməkdə yardım edə bilər. Onun sözlərinə görə, bu yanaşma diabetdən əziyyət çəkən və ya diabetin astanasında olan adamlara kömək edə bilər.

Lüdviq qeyd edib ki, araşdırmanın məqsədi uzunmüddətli təsirləri və ya insanların özlərinin öz yeməklərini hazırladıqları real ssenariləri sınamaq olmayıb. O həm də deyib ki, nəticələrin etibarlı olması üçün onları təkrarlamağa ehtiyac var.

Boston Universitetinin Tibb Məktəbindən Karolayn Apovian isə hesab edir ki, alınan nəticələr elm icması üçün çox maraqlı olsa da, arıqlamaq istəyən orta statistik insan üçün məsləhət kimi qəbul oluna bilməz.

Yağ yeməsək, arıqlayarıqmı?

İllərlə insanlara yağ qəbulunu azaltmaq tövsiyə edilib. Söhbət ət, qoz-fındıq, yumurta, kərə yağı və bitki yağlarından gedir. Yağları azaltmaq çəkiyə nəzarətin əsas üsullarından biri hesab olunub. Məlum olduğu kimi, bir qram yağda bir qram karbohidrat və ya proteində olduğundan (4.5 kkal) iki dəfə çox (9.1 kkal) kalori var.

Bir çoxları bu tövsiyənin işə yaramadığını, bunun əvəzində insanların «yağsız» qurabiyələri və digər bol karbohidrat, şəkərli qidaları yeməkdə özlərinə sərhəd qoymadığını deyir.

Qida mütəxəssisləri tədricən bu tövsiyədən uzaqlaşdılar. Yağlar bizim özümüzü doymuş hiss etməmizə cavabdeh olan maddələrin həzmi üçün zəruridir. Ancaq bu o demək deyil ki, siz sağlam olmaq üçün hər gün kərə yağında bişmiş yağlı steyk yeməlisiniz.

Cons Hopkins Universitetinin beynəlxalq səhiyyə professor Bryus Y. Li deyib ki, insanlar daim asan yol axtarışındadırlar. O, çəkisinə nəzarət etmək istəyənlərə ifrata varmamağı tövsiyə edib.

Ancaq ötən il aparılan daha bir araşdırma azkarbohidratlı və azyağlı dietaların çəkini azaltmaq üçün eyni dərəcədə effektli olduğu qənaətinə gəlib. Nəticələr adamdan-adama dəyişsə də, bir ildən sonra hər iki qrupda insanların atdığı çəki orta hesabla 5-6 kiloqram olub.

Təcrübə iştirakçılarına emal olunmamış qidalardan, yəni evdə bişən ət və meyvə-tərəvəzdən yararlanmaq tövsiyə edilib. Hər kəsə şəkər və rafinə edilmiş unun miqdarını azaltmaq tapşırılıb.

«Əgər bu əsaslara əməl edilsə, çoxları üçün bu, nəhəng dəyişiklik olar», – araşdırmanın müəlliflərindən biri, Stenford Universitetinin əməkdaşı Kristofer Qardner deyib.

XS
SM
MD
LG