Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:22

Ekspertlər hamilə qadınları ‘mütləq’ vaksin olunmağa çağırırlar


Ekspertlər: Koronavirus infeksiyası hamilə qadınları kəskin fəsad və hətta ölüm təhlükəsi qarşısında qoyur

ABŞ-da iki aparıcı mamalıq qrupu bütün hamilə qadınların COVID-19-a qarşı vaksinasiya edilməsinə çağırıb.

Amerikanın Mamalıq və Ginekologiya Kolleci və Analıq-Döl Təbabəti Cəmiyyəti iyulun 30-da verdikləri bəyanatda bildirirlər ki, son aylar ərzində on minlərlə hamilə qadın COVID-19 vaksinlərinin təhlükəsiz olduğunu isbat edib.

Koronavirus infeksiyası hamilə qadınları kəskin fəsad və hətta ölüm təhlükəsi qarşısında qoyur.

Lakin ABŞ hökumət statistikasına görə hamilə qadınların yalnız 22 faizi vaksinin bir və ya iki dozası ilə peyvənd olunub.

Halbuki, ümumilikdə ölkə əhalisinin 70 faizinə bir və ya iki doza vaksin vurulub.

Analıq-Döl Təbabəti Cəmiyyətinin prezidenti doktur Uilyam Qrobman deyib ki, ana və döldə COVID-19 infeksiyası fəsadlarının qarşısının alınması üçün ən effektli yol vaksinlənmədir.

Delta variantı təhlükəni artırıb

Bu iki qrup bundan əvvəl bəyan etmişdilər ki, hamilə qadınlar əhalinin vaksinlənməsi proqramından kənarda qalmamalıdırlar.

Amma indi koronavirusun daha yoluxucu Delta ştammının yayıldığı bir vaxtda sözü gedən iki tibb qrupu hamilə qadınların vaksinlənməsini “israrla tövsiyə edən” bəyanatla çıxış edib.

Amerika Mamalıq və Ginekologiya Kollecinin professoru Martin Taker deyib ki, həkimlər öz hamilə pasientlərini vaksinlənmənin vacibliyinə inandırmalıdırlar:

"Bu isə o deməkdir ki, qadınlara bir tərəfdən vaksinlərin təhlükəsizliyi və digər tərəfdən COVID-19-un hamiləlik dövründə ölüm də daxil kəskin fəsadları izah olunmalıdır. Burası da var ki, hamilə qadın vaksin seçimi qərarında qətiyyətli olmalı, mama və ginekoloqlar isə onlara vaksinlənmə ilə vaksinlənməmə arasındakı əhəmiyyətli fərqi izah etməlidirlər”.

Reanimasiya və erkən doğuş

Britaniya mediasının xəbərlərində deyilir ki, xəstəxanaya COVID-19 yoluxması ilə gətirilən hər 10 hamilə qadından biri reanimasiyaya düşür, hər 5 qadından birində isə erkən doğuş baş verir.

Bu rəqəmləri İngiltərənin Oksford Universiteti açıqlayıb.

Universitetin araşdırma hesabatında deyilir ki, vaksinin hər iki dozası ilə peyvənd olunmuş heç bir hamilə qadın iyul ayı ərzində təcili qaydada xəstəxanaya gətirilməyib.

Professor Marian Nayt deyib ki, təkcə ötən həftə xəstəxanalara COVID-19-a yoluxmuş 200-dək hamilə qadın qəbul olunub.

Doktor Nayt deyib ki, hamilə qadınlar həm özlərinin, həm də dünyaya gətirəcəkləri körpələrin həyatı naminə peyvənd olunmalıdırlar.

İbrətamiz statistika

Hesabatda deyilir ki, təcili qaydada xəstəxanaya gətirilən hamilə qadınların 99 faizi vaksinsiz olub.

Bu da təssüflə vurğulanır ki, vaksinsiz hamilə qadınların sayı artmaqda davam edir.

Pandemiyanın birinci dalğası zamanı xəstəxanalara gətirilmiş qadınların 24 faizində kəskin simptomlar var idisə, Delta ştammı bu rəqəmi 45-ə çatdırıb.

Hesabatda deyilir ki, son üç ayda xəstəxanaya COVID-19 yoluxması ilə gətirilmiş hamilə qadınların 33 faizinə süni nəfəs aparatı qoşmaq lazım gəlib. Onlardan 37 faizində pnevmoniya yaranıb, daha 15 faizi isə reanimasiyaya yerləşdirilib.

İngiltərədə fevral ayından bəri xəstəxanalara gətirilmiş 742 hamilə qadından yalnız 4-ü bir doza vaksinlə peyvənd olunmuşdu.

XS
SM
MD
LG