AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Xüsusi İstintaq Xidmətinə istinadən xəbər verir ki, hakim David Grigoriana xidməti saxtalaşdırma ittihamı ilə cinayət işi açılıb.
İyulun 30-da Baş Prokurorluq bu hakimə qarşı cinayət işinin niyə açıldığına dair izahat vermişdi.
Baş Prokurorluğun məlumatında deyilirdi ki, təcrübəli hakim kimi tanınan Grigorian eyni gündə və eyni saatda iki məhkəmə iclası keçirildiyinə dair saxta protokollar tərtib edib.
Baş Prokurorluq hakimin guya keçmiş prezident Robert Kocharian-ı azadlığa buraxdığına görə hədəfləndiyi barədə iddiaları qətiyyətlə rədd edib.
İyulun 30-da David Grigorianın vəkili Yervand Varosyan Azatutyuna deyib ki, onun müştərisi özünü təqsirli bilmir. Onun sözlərinə görə, hakim istintaq xidmətinə bildirib ki, böyük bir ehtimalla burada söhbət başqa iş üzrə iki qərardan gedir.
Azatutyunun “o bu sözlərlə Robert Kocharian işi üzrə qərarınımı nəzərdə tutub” sualına vəkil belə cavab verib:
“Əgər məndən soruşursunuzsa, mənimçün burada söhbətin məhz bu iş üzrə qərarlardan getdiyi aşkardır”.
Vəkil daha sonra bildirib ki, hakim Grigorian heç bir xidməti saxtalaşdırmaya yol verməyib. Onun fikrincə buna görə hakimə qarşı heç inzibati tədbir də görülməməliydi.
Varosyan bildirib ki, hazırda prokurorluq bu iş üzrə obyektiv araşdrıma aparmaq niyyətində deyil və bunu yalnız “təqib” adlandırmaq olar.
Vəkilin sözlərinə görə Grigorianın Robert Kocharian işi üzrə qəbul etdiyi iki qərarda heç bir saxtalaşdırma olmasa da, bu qərarlardan üç gün sonra hakimə qarşı cinayət işinin açılması ideyası yaranıb.
Xatırlatma
Kocharian 2008-ci il martın 1-də Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Həmin hakim mayın 20-də Kocharian-ın cinayət işinə xitam vermiş və işin konstitusiya baxımından legitimliyinə qiymət verilməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərmişdi.
Başqa sözlərlə, hakim Grigorian keçmiş prezidentə qarşı konstitusiya quruluşuna qəsd ittihamının qanuniliyini şübhə altına almışdı.
Ermənistanın keçmiş prezidenti Robert Kocharian iyunun 25-də Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin, yəni sözü gedən hakim Grigorian-ınqərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.