Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 00:36

ABŞ rusiyalı və ukraynalı reketçilərə qarşı ittiham irəli sürüb


Baş prokuror Merik Qarland noyabrın 8-də deyib ki, Birləşmiş Ştatlar rusiyalı reketçi Yevgeni Polyanindən qanunsuz əldə olunmuş 6.1 milyon dolları müsadirə edib

ABŞ Ədliyyə Nazirliyi Floridada mənzillənmiş Kaseya firmasına haker reket hücumuna görə ittiham irəli sürüb.

Bu hücum bütün dünya boyunca 1500-dək biznesi təsirləndirmişdi.

Baş prokuror Merik Qarland noyabrın 8-də deyib ki, Birləşmiş Ştatlar rusiyalı reketçi Yevgeni Polyanindən qanunsuz əldə olunmuş 6.1 milyon dolları müsadirə edib.

Polyanin özü azadlıqda qalır.

Digər reketçi, ukraynalı Yaroslav Vasinski ötən asy Polşada həbs olunub. ABŞ onun ekstradisiya olunmasını rica edib.

Vasinskiyə qarşı REvil və Sodinokibi adlı ziyanlı proqramdan istifadəyə görə ittiham irəli sürüləcək.

Sözü gedən proqramlardan ABŞ şirkətlərinə və rəsmi qurumlarına hücum üçün istifadə olunub.

Böyük mükafat

ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu iki nəfərə və Chatex valyuta mübadiləsi firmasına sanksiyalar elan olunub.

Nazirliyin bəyanatında deyilir ki, Chatex kimi məsuliyyətsiz valyuta mübadiləsi şirkətləri çirkli pulların yuyulmasına və kriminalların qanunsuz gəlir əldə etməsinə şərait yaradır.

ABŞ Dövlət Departamenti habelə Sodinokibi/REvil cinayətkar qrupunda lider mövqeyində olan şəxs barədə informasiyaya 10 milyon dollar mükafat təyib edib.

Dövlət Departamenti habelə bu qruplaşmanın hər hansı üzvünün həbsinə gətirib çıxaracaq informasiya üçün 5 milyon dollar mükafat vəd edib.

Rusdilli hakerlərdən ibarət qruplaşma böyük şirkətlər üzərinə silsilə hücumları ilə tanınır.

Bu qrup əvvəlcə hər hansı şirkətin kompüter sisteminə müdaxilə edib onu kilidləyir və daha sonra açılması üçün reket pulu tələb edir.

Son illərdə bir çox ölkələrdə bu sayaq hücumlar hökumətlər üçün böyük problemə çevrilib.

590 milyon dollar

ABŞ Maliyyə Nazirliyinin təxminlərinə görə təkcə bu il reketçilərə 590 milyon dollar ödənib. Ötən il bu rəqəm 416 milyon dollar idi.

Bundan bir qədər əvvəl noyabrın 8-də Rumıniya polisi hakerlikdə şübhəli bilinən iki nəfəri həbs edib.

Bu iki nəfərin də Revil qrupunun ziyanlı proqramından istifadə etdikləri bildirilir.

REvil GandCrab adlı başqa bir ziyanlı proqramın yeni versiyasıdır.

17 ölkənin polisi Interpolla birlikdə artıq bir aydır ki, hakerlərə qarşı “GoldDust” əməliyyatı keçirir.

Interpol bildirib ki, son aylarda REvil/Sodinokibi qruplaşmasına daxil üç şübhəli də həbs edilib.

Onlar Cənubi Koreyada, Avropada və Küveytdə həbs ediliblər.

Avropol bildirir ki, Rumıniyada həbs olunan iki nəfər 5 minədək haker hücumu edib və 580 min dollar ələ keçirib.

Avropol deyib ki, sözü gedən bütün həbslər koordinasiya edilən eyni əməliyyat zamanı baş tutub.

Ötən iyulda üzə çıxmış REvil qruplaşması ələ keçməmək üçün “qara internetdən” yoxa çıxmışdı.

XS
SM
MD
LG