Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 07:53

ABŞ haker haqqında məlumat üçün 10 milyon dollar mükafat elan edir


Mükafat DarkSide adlı kibercinayət qruplaşmasında “əsas lider” olan şəxsin yerinin aşkarlanması ilə nəticələnəcək hər hansı informasiya üçün veriləcək

Birləşmiş Ştatlar DarkSide adlı kibercinayət qruplaşmasında “əsas lider” olan şəxsin kimliyinin və ya onun yerinin aşkarlanması ilə nəticələnəcək hər hansı informasiya üçün 10 milyon dollar mükafat elan edib.

Bu kibercinayətkar qrupun Rusiyaya bağlı olduğu düşünülür.

Dövlət Departamentinin noyabrın 4-də açıqladığı bəyanatda deyilir ki, daha 5 milyon dollar mükafat DarkSide qrupuna bağlı bu ilin əvvəllərində baş vermiş reket insidenti ilə əlaqəsi olan hər hansı şəxsin həbsinə imkan verəcək informasiyaya veriləcək.

Federal Təhqiqatlar Bürosu (FTB) Birləşmiş Ştatlarda indiyədək ictimaiyyətə açıqlanmış ən böyük kiberhücumun arxasında məhz DarkSide sindikatının dayandığını müəyyənləşdirib.

Bu kiberqrup ABŞ-da ən böyük yanacaq kəməri Colonial Pipeline üzərinə reket hücumundan sonra ələ keçməmək üçün özünü buraxıb.

Bu ilin mayında edilmiş bu hücuma görə ABŞ-ın Şərq Sahilində yanacaq təchizatı bir həftə müddətində pozulmuşdu.

Colonial Pipeline rəsmiləri nəhayət hakerlərə 4 milyon dollar reket pulu ödəməli olmuşdular.

Ədliyyə Nazirliyi bildirmişdi ki, kriptovalyuta ilə ödənmiş bu pulun əksər hissəsini geri qaytarmaq mümkün olub.

Kriminallar Rusiyada yaşayırlar

O vaxt prezident Co Bayden demişdi ki, ABŞ rəsmiləri haker hücumunda Rusiya hökumətinin iştirakına inanmırlar.

Lakin prezident əlavə etmişdi:

“Bizim inanmağa çox güclü əsasımız var ki, bu hücumu həyata keçirən kriminallar Rusiyada yaşayırlar. Hücum ordan edilib”.

Dövlət Departamenti bildirib ki, bu mükafatı təyin etməklə ABŞ dünya boyunca reket qurbanlarını kibercanilərdən qorumaq öhdəliyinə sadiqliyini nümayiş etdirir.

Kartınızdan pulu bu üsullarla oğurlayırlar: 'Məlumatları öz əlimlə verdim'
Gözlə

No media source currently available

0:00 0:06:48 0:00

Bəyanatda bu da deyilir ki, ABŞ kibercinayətkarları himayə edən ölkələrin irəli çıxıb onları ələ verəcəklərini gözləyir.

Sentyabr ayında Rusiyaya bağlı olduqları düşünülən kiberreketçilər ABŞ-ın Ayova ştatındakı qarğıdalı və soya fermerlərini hədəfləmişdilər.

Bu hücumun BlackMatter adlı qrup tərəfindən həyata keçirildiyi bildirilirdi.

Bu da ehtimal olunur ki, BlackMatter özünü buraxmış DarkSide sindikatının yeni qruplaşmasıdır.

XS
SM
MD
LG