Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Aslan İsmayılov 1500 manat cərimələnib


Aslan İsmayılov
Aslan İsmayılov

Aslan İsmayılov: "Bu hökm göstərdi ki, ölkədəki hakimiyyət Hafiz Hacıyevə layiqdir"

İyulun 4-də Səbail Rayon Məhkəməsində Vəkillər Kollegiyasının keçmiş üzvü Aslan İsmayılov haqqında hökm çıxarılıb.

Hakim Azər Tağıyevin çıxardığı hökmə əsasən, hüquqşünas Aslan İsmayılov 1500 manat cərimələnib.

Hökm Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Hafiz Hacıyev Aslan İsmayılovun böhtan və təhqirə yol verdiyi üçün təqsirli bilinib, 3 il azadlıqdan məhrum edilməsini, üzr istəməsini və ona dəymiş mənəvi ziyana görə 100 min manat təzminat ödəməsini tələb edirdi.

“Mən 110 minlik partiyanın sədriyəm”

Hafiz Hacıyev iddia edir ki, Aslan İsmayılov Facebook səhifəsində paylaşdığı yazılarında onun ünvanına “canlı”, “məxluq” kimi ifadələr işlətməklə onu təhqir edib, vəzifəli şəxsləri şantaj edərək, pul aldığını yazmaqla ona böhtan atıb.

Aslan İsmayılov bu adamın adını çəkməyi belə özünə yaraşdırmadığından, onu "canlı" adlandırdığını deyir.

İyulun 4-də məhkəmədə hökm elan olunmazdan öncə hakim bəzi dəqiqləşmələrə ehtiyac olduğunu söyləyib.

Bu səbəblə məhkəmə istintaqı təzələnib. Hafiz Hacıyev və vəkilindən 100 minlik təzminat tələbini əsaslandırmaq istənilib.

Hafiz Hacıyev bildirib ki, onun nüfuzuna dəymiş zərbəyə görə 100 min manat çox aşağı məbləğdir: "Mən 110 minlik partiyanın sədriyəm, dörd dəfə prezidentliyə namizəd olmuşam. Mənə atdığı böhtanlarla, təhqirlərlə vurduğu ziyan ən ağır cinayətdir".

“Bu qərar tarixdə qalacaq”

Aslan İsmayılov isə son sözündə deyib ki, olmayan nüfuza zərbə də vurula bilməz: "Qərarı çıxaranda nəzərə alın ki, bu qərar tarixdə qalacaq. Sizə təqdim etdiyim sənədlərdə mənim haqqımda işlətdiyi söyüşləri də nəzərə alın. Mən bu canlı ilə hətta bir otaqda da olmaq istəmirəm".

Bir neçə dəqiqəlik müşavirədən sonra elan olunan hökmə əsasən, CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə Aslan İsmayılova bəraət verilib. CM-in 148-ci (təhqir) maddəsiylə isə o, 1500 manat cərimələnib. Hafiz Hacıyevin 100 min manatlıq mülki iddiası təmin olunmayıb.

Hökm tərəflərdən heç birini qane etməyib. Hafiz Hacıyev jurnalistlərə bildirib ki, hökmdən narazı qalıb.

Aslan İsmayılov da apellyasiya şikayəti verəcəyini söyləyib: "Bu hökm göstərdi ki, ölkədəki hakimiyyət Hafiz Hacıyevə layiqdir".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG