«Mən ömrümü bu hakimiyyətin yolunda qoymuşam. Biz İlham Əliyevin siyasi kursunu həmişə dəstəkləmişik, indi də dəstəkləyirik...», – reketçilikdə suçlanan Habil Vəliyevin sözləridir.
O, «Gündəlik Bakı» qəzetinin baş redaktoru olub. İttihama görə, qəzetində rüsvayedici məlumat yaymaq təhdidiylə adamları şantaj edərək, onlardan pul alıb. Zərərçəkənlər arasında icra başçısından tutmuş, ayrı-ayrı rayonların təhsil, maliyyə şöbələrinin rəhbərlərinədək müxtəlif vəzifə sahibləri olublar. Onlar məhkəmədə H.Vəliyevə pul verdiklərini təsdiqləsələr də, əksəriyyəti artıq ondan şikayətçi olmadığını da söyləyib.
H.Vəliyevin özü ittihamları qəbul etmir. O, fevralın 16-da keçirilən məhkəmədə ifadə verərkən belə deyib:
«Seçki komissiyasının üzvü olmuşam, özümü iqtidar saymışam».
«Siz də iqtidarsınız, mən də»
Zərərçəkənlər arasında 2007-2013-cü illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olmuş R.Cəbrayılov da var. O, icra başçısı çalışdığı dövrdə H.Vəliyevin onu şantaj etdiyini, nəticədə 15 min manat göndərməyə məcbur qaldığını söyləyib.
***Buna da bax-Laçının keçmiş icra başçısı: 'Abrıma sığınıb 15 min göndərdim…'
İcra başçısının ona böhtan atdığını deyən baş redaktor sözlərinə bunu da əlavə edib:
«Mən cinayətkar deyiləm. Seçki komissiyasının üzvü olmuşam. İki dəfə deputat, prezident və bələdiyyə seçkiləri keçirmişəm. YAP-ın Təşkilat şöbəsində iştirak etmişəm. Özümü bu ölkədə iqtidar saymışam. Siz də iqtidarsınız, mən də, məni tutanlar da. Buna təəssüf edirəm. Mən bu ölkənin torpaqlarının qorunmasında iştirak etmişəm. İttihamların heç birinin mənə aidiyyəti yoxdur».
H.Vəliyevi 2016-cı ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Bu fakta baş redaktorun münasibəti belə olub: «Nə olsun ki, məni həbs ediblər, çox peşəkardırlar. Onları yox, şikayət verənləri qınamaq lazımdır».
İş üzrə məhkəmə istintaqı başa çatıb. Fevralın 27-də prokuror H. Vəliyevə cəza istəyəcək.