Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:19

H.Abdullayev: 'İsveçrə və Almaniyadakı hesablarımın bura nə dəxili var?'


H.Abdullayev
H.Abdullayev

«Mənə ittiham verilib ki, guya 2000-ci ildən metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bir nəfər gətirin, desin ki, məndən 1 kilo metal alıb, ya da mən ondan 1 kilo metal almışam. Əgər olsa, mən günahkaram...», – keçmiş deputat Hüseyn Abdullayev belə deyir.

H.Abdullayevə 4 müxtəlif epizod üzrə vergidən yayınma ittihamı verilib.

Bunlardan biri H.Abdullayevin idarə etdiyi, amma anası Zeynəb Abdullayevanın adına olan «Araz» MMC ilə bağlı 1 milyon 269 min manatlıq ittihamdır. İddia olunur ki, şirkət fəaliyyəti dövründə bu qədər vergidən yayınıb.

Vergidən yayındığı iddia olunan daha bir şirkət «Kənan S» MMC-dir. İttihama əsasən, bu şirkət 1802 manatı vergidən yayındırıb.

H.Abdullayev bu iddiaları əsassız sayır, deyir ki, onun heç vaxt «Kənan S» adlı şirkəti olmayıb: «Bu şirkət kimindir, heç xəbərim yoxdur. «Araz»la bağlı ittiham da uydurmadır. Vergi o pulu alıb, amma rəsmiləşdirməyib».

Z.Abdullayeva da «Araz» MMC-nin vergi borcunu tam ödədiyini deyir.

Vergidən yayınma ilə bağlı digər iki ittihama gəlincə, biri budur ki, Abdullayevlər Şıx qəsəbəsində onlara məxsus 13.8 hektarlıq ərazinin torpaq vergisini ödəməyiblər. Bu da 2011-2017-ci illər üçün ümumilikdə 171 min 500 manat edib.

«Bütün bunlar 2013-cü ildən sonra başladı»

H.Abdullayev özü isə fiziki şəxs kimi 22 milyon 246 min manat vergidən yayınmaqda suçlanır. İddia olunur ki, o, ölkə daxilindəki biznesdən qazandığı 110 milyon manatın 20 faizini vergi ödəməli olduğu halda, bunu etməyib.

H.Abdullayev məhkəmədə Vergilər Nazirliyinin əməkdaşı Xəyal Əhmədovun səsləndirdiyi bu iddialara etiraz edib. Deyib ki, Şıx çimərliyi yaxınlığında onlara məxsus torpaq sahəsi 13.8 yox, 4.3 hektardır: «Həmin torpaq bizim olub. Bizdə olan vaxta qədər də vergisi ödənilib. 2013-cü ildə torpağı zəbt ediblər. İndi orada yük maşınları saxlanılır. Gedib araşdıra bilərlər. Bizim olmayan torpağa görə vergi ödəməli idik? Həm də 13.8 hektar haradan oldu? Bunu kim ölçüb? Rəsmi sənədlər var. Necə oldu ki, bütün bu işlər 2013-cü ildən sonra başladı. Mən Almaniyada siyasi sığınacaq alandan sonra bu cür təzyiqlər başladı».

Özünün fiziki şəxs kimi, 22 milyonluq vergidən yayınma ittihamı haqda ayrıca danışan sabiq deputat deyir ki, onu xaricdəki biznesinə görə suçlayırlar. Azərbaycanda ancaq deputat olana qədər bizneslə məşğul olduğunu deyən H.Abdullayevin sözlərinə görə, cinayət işindəki rəqəmlər uydurmadır: «Burada utopik rəqəmlər, fikirlər var. Başa düşmürəm ki, bu rəqəmlər haradan çıxıb? Mənim xaricdəki biznesimlə bağlı mənə ittiham verilib. Xaricdə qazanıramsa, ölkədəki vergidən yayınıram? Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələrinin hamısını üst-üstə gəlib, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxili var?».

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Anası Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.

Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG