Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:29

'Hər şey 'Susma' mahnısından sonra başladı'


H.Abdullayev

Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsində dindirilib. Çünki Bakının mərkəzində - Üzeyir Hacıbəyov küçəsində yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik obyekt öncə üç nəfərin adına alınıb, daha sonra deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilib. Həmin üç nəfərdən biri də müğənni G.Məmmədova olub.

Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdurlar. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına formal alqı-satqı olub.

H.Abdullayevin anası Zeynəb Abdullayeva məhkəmədə deyib ki, Hökumət Evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.

«Bunlar oturub mənə gələn pulları sayıblar»

Abdullayevlər ailəsinə məxsus zavodun səhmlərində pay sahibi olan şəxslər H.Abdullayev və anası haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Məsələn, Vəzir Rəcəbov ona görə zərərçəkən sayılıb ki, onun səhmi olsa da, uzun müddət ona düşən payı almayıb. Amma özü deyir ki, şikayət və tələbi yoxdur: «Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi. O pulum ödənildi».

Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev də məhkəmədə dindirilib. Onun istintaqa ifadəsində bibisi və onun oğlunun 60-a yaxın mülkü, onların yerləşdiyi ərazilər barədə fikirlər yer alıb. Ancaq məhkəmədə bildirib ki, elə ifadə verməyib: «Bibim Zeynəb Abdullayeva Naxçıvanda olan evini mənə bağışlamışdı. Mən də sonradan şəxsi problemlərimə görə evi satdım. Məndən istintaqda ancaq həmin ev haqqında soruşublar. Mən başqa ev, obyekt barədə heç nə deməmişəm. Çünki heç nə bilmirəm. Mən Bakıda heç bir il qalmamışam. Küçə adlarını bilmirəm, onları necə sadalaya bilərdim?».

Z.Abdullayeva da istintaqın bu cür aparılmasına etirazını bildirib: «Bunlar oturub mənə gələn pulu sayıblar. Mən 7 yetim saxlamışam, toy eləmişəm, ev almışam. Mənə gələn pullar həmişə xeyriyyə işlərinə xərclənib. Mən ətrafımda olanlardan kimə kömək etməmişəm ki? Bir bunu da araşdırardılar».

«Vergilər Nazirliyi hər kvadratmetrə görə pul alırdı»

Abdullayevlər ailəsinin şirkətlərində mühasib işləmiş Azadə Cəfərova Bakıda Nəriman Nərimanovun heykəlinin yanında tikilən çoxmərtəbəli bina haqqında danışıb. Deyib ki, o binaya görə vergidən yayınma ittihamı doğru deyil, çünki 1.8 milyon manat vergi ödənilib: «Hüseyn müəllim deputat seçiləndən sonra işləri Zeynəb xanım idarə etməyə başladı. Bundan sonra bircə iş görüldü - Nərimanovun heykəlinin yanında bina inşa edildi. Başqa şirkətlərdən fərqli olaraq, biz bina hazır olmadan ev satmadıq. 2008-ci ildə bina təhvil verildi, satışa başladıq. O vaxt Vergilər Nazirliyi mənzilin hər kvadratmetrinə görə vergi alırdı. Müştəri pulu banka ödəyirdi, biz də qəbz verirdik. Bütün bunlara da Zeynəb xanım nəzarət edirdi. Bu binaya görə vergi ittihamı 2013-cü ildən sonra ortaya çıxdı. Hər şey «Susma» mahnısı ilə başladı. 1.8 milyonluq ittiham veriləndə Zeynəb xanım da ödədi».

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb. Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib. Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur QuliyevPərviz Kazımov əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

XS
SM
MD
LG