Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:13

Həbsdəki tələbə döyüldüyünü bildirib


Polis Təhsil Nazirliyi önündə etirazı dağıtdı
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Polis Təhsil Nazirliyi önündə etirazı dağıtdı

Ali məktəblərdə ikinci semestr üçün imtahanların və ödənişin ləğvini istəyən "Tələlə tələbi" adlı hərəkatın sədri Rüstəm İsmayılbəyli iyunun 8-də yenidən məhkəmə önünə çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onun 15 günlük inzibati həbsi barədə qərardan verilən şikayətə baxılıb.

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olan R.İsmayılbəyli iyulun 1-də bir qrup tələbə və fəalla bir yerdə Təhsil Nazirliyinə öz tələblərinin əks olunduğu petisiyanı təqdim edərkən daha 6 nəfərlə birlikdə saxlanılıb. Digərləri 100-200 manat cərimələnsə də, R.İsmayılbəyliyə 15 sutka həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Apellyasiya şikayəti də həmin qərardan verilib.

"Məni hansı formada maşına mindiriblər"

R.İsmayılbəyli ittihamları qəbul etməyib. O bildirib ki, Təhsil Nazirliyinin qarşısında maskada olublar, ara məsafəsini gözləyiblər. Amma hazırda inzibati qaydada həbs cəzası alanların saxlandığı təcridxanada 6 nəfərlik kamerada qalır, onlara heç bir qoruyucu vasitə də verilməyib: "İndi görək karantin rejimi qaydasının pozulması budur, yoxsa biz elədiyimiz?".

R.İsmayılbəyli deyir ki, Təhsil Nazirliyinə Nərimanov rayonu, 18-ci polis bölməsinin rəisinin özü gəlmişdi. O, digər tələbələr - Zərifə Novruz və Allahverdi Həsənovla birlikdə nazirlikdən qəbuldan çıxanda birbaşa "Hyundai Sonata" markalı maşına zorla mindirib aparıblar. Tələbə 18-ci polis bölməsində döyüldüyünü də vurğulayıb: "Kamera görüntüləri varsa, gətirilib göstərilsin ki, məni hansı formada maşına mindiriblər".

Vəkili Zibeydə Sadıqova həm Rüstəmə fiziki təzyiq şikayəti, həm də ona qarşı ittihamların araşdırılması üçün kamera görüntülərinə baxış, polislərin dindirilməsi və s. haqda 10-a qədər vəsatət qaldırıb. Amma heç biri təmin olunmayıb.

Hakim Vaqif Mursaqulov R.İsmayılbəylinin 15 günlük həbs qərarından şikayəti də təmin etməyib. Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

"Bu iş burada bitməyəcək"

Tələbənin atası Hüseyn İsmayılbəyli AzadlıqRadiosuna bildirib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndərəcəklər: "Bu iş burada bitməyəcək. Biz bu qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik".

Tələbələr hesab edir ki, mart ayından pandemiya ilə əlaqədar ali məktəblərdə normal qaydada dərs keçilmədiyindən, bir çox tələbələr və valideynləri iş yerlərini itirdiyindən ikinci semest üzrə təhsil haqqı və imtahanlar ləğv olunmalıdır.

Təhsil Nazirliyi isə bu tələbləri qəbul etmir. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər təhsil müəssisələrinin təşkil etdiyi məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən, nəticədə imtahanda iştiraka hazır olmayan tələbələr varsa, onlar üçün də avqust ayı ərzində 3-4 həftəlik mühazirələr təşkil olunacaq.

Daxili İşlər Nazirliyi isə indiyədək, bir qayda olaraq, inzibati qaydada həbs olunanların saxlanarkən və ya sonradan təcridxanada fiziki təzyiqə məruz qalması barədə iddiaları təkzib edib.

XS
SM
MD
LG