Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Həbsdəki müsavatçı: 'Mənim əvəzimə həbsdə bu olmalıdır...'


A.Həsənov
A.Həsənov

Bakıda həbs olunmuş Müsavat fəalı Azad Həsənovun əleyhinə ifadə vermiş polislərin ifadələri sözbəsöz, nöqtə-vergülünə qədər eynidir. Siyasi mühacir kimi Litvada yaşayan, Bakıya - xərçəng xəstəsi olan atasına baş çəkməyə gələn fəal elə həmin gün həbs olunmuşdu.

Söhbət A.Həsənovun həbsində iştirak edib, daha sonra istintaqa onun cibindən narkotik tapılması barədə ifadə verən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Elvin KazımovNaib Ömərovdan gedir. Onlar A.Həsənovun işi üzrə bundan öncə də məhkəmədə ifadə veriblər. Amma ifadələrin eyniliyinə görə vəkilin vəsatəti əsasında aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bir daha dindiriliblər.

«Narkotiki bunlar qoyub cibimə»

«Mənim əvəzimə həbsdə bu olmalıdır. Mənim cibimdə narkotik olmayıb. Narkotiki bunlar qoyub cibimə...», - polis əməkdaşı E.Kazımov dindiriləndə A.Həsənov belə deyib.

Şahid polis isə onun əməliyyat məlumatı əsasında saxlandığını, narkotiki idarədə özünün çıxarıb stolun üstünə qoyduğunu deyib: «İndi məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr uydurur».

A.Həsənov polisin dediklərinə etiraz edib, həmin narkotiki cibinə polislərin atdığını söyləyib və bunu edənlərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Bu da polis əməkdaşının acığına gəlib.

«Azad Həsənov konkret sizi demir. Narkotiki cibinə atan, atılmasında iştirak edən adamları deyir, siz niyə özünüzə götürürsüz?», – vəkil polis əməkdaşını sakitləşdirməyə çalışıb.

Hakim səslənən ifadələrə görə A.Həsənova xəbərdarlıq edib, hətta belə davam etsə, prosesin onun iştirakı olmadan davam etdirilə biləcəyini deyib. Təqsirləndirilən fəal belə cavab verib: «Mən belələrinə görə 6 aydır heç bir günahım olmadığı halda, həbsdəyəm. Necə sakit dayanım?».

Polislər istintaqdakı ifadələrinin eyni olmasını hər ikisinin eyni şəxs və eyni hadisə barədə danışmalarıyla izah ediblər.

Məhkəmə aprelin 16-da davam edəcək.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 10-da səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG