Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:24

Həbsdə olan jurnalistin xanımı: 'Ağır vəziyyətdəyik, iki uşaq, biri də autizmli...'


N.İsbatov
N.İsbatov

Məşğulluq İdarəsinin qarşısında ağlaya-ağlaya iki uşağının evdə acından ölmək təhlükəsiylə üzləşdiyini, amma qəbula düşə bilmədiyini deyən gənc qadının videosu müzakirələrə səbəb oldu. O görüntülərdən sonra Aygün adlı həmin anaya yardım edənlər oldu, hətta İctimai Televiziya da onu tapıb, evindəki ağır durumu ictimaiyyətə çatdırdı.

Məşğulluq İdarəsinin qarşısında ilk dəfə ondan müsahibə almış jurnalist Natiq İsbatov isə bu çəkilişdən iki gün sonra həbs edilib. 7gun.az saytının əməkdaşı olan N.İsbatovun həyat yoldaşı Rəqsanə xanım AzadlıqRadiosuna danışır ki, indi onun özünün ailəsi ağır durumdadır. İki azyaşlı övladından biri ağır xəstəlikdən - autizmdən əziyyət çəkir. Nəinki həbsdə olan həyat yoldaşına baş çəkmək, hətta uşaqları qoyub, nəsə almağa da çıxa bilmir: "Ən çox ondan narahatam ki, yanına gedən də yoxdur. Ailəsi kimi mən getməliyəm, mən də gedə bilmirəm. Ağır vəziyyətdəyəm, iki körpə uşaq, biri də xəstə... Elə bir adam lazımdır ki, o uşağa baxsın. Yardım edəcək kimsə də yoxdur".

"Onu tuta biləcəkləri ağlıma gəlməmişdi"

N.İsbatov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası alıb. Amma həyat yoldaşı onun polisə müqavimət göstərdiyinə inanmır. Hesab edir ki, onu həbsindən iki gün öncə Məşğulluq İdarəsinin qarşısında çəkdiyi videoya görə cəzalandırıblar: "Mənim yoldaşım başqa jurnalistlərlə birlikdə ehtiyacı olan ailələrə yardım paylanmasına da kömək edirdi. Həbs olunan gün də evdən buna görə çıxmışdı. Vəsiqəsi də üstündəydi. Uşaqlara başım qarışdı, xəbərim olmadı, bir də axşam saat 8-ə işləmiş anamgil rayondan zəng elədi ki, internetdə yazılanlardan xəbərin var? Facebook-a baxanda öyrəndim ki, Natiqi tutublar. O, qaydanı pozan adam deyildi. Özü də vəziyyəti bilir axı... Ağır xəstəlik yayılan vaxtda onu tuta biləcəkləri ağlıma gəlməmişdi".

R.İsbatovanın dediyinə görə, həmin gün həyat yoldaşının yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxlasa da, heç bir məlumat ala bilməyib. Sonradan eşidib ki, N.İsbatovu azel.tv saytının əməkdaşı Sevinc Sadıqova ilə birlikdə çəkiliş apararkən saxlayıblar.

'İki gün sonra evin qarşısından tutub apardılar'

S.Sadıqova bildirib ki, onlar Xırdalanda sosial durumla əlaqədar narazılıqlarını ifadə edən vətəndaşlardan videomüsahibə alarkən saxlanılıblar: "Çəkiliş aparanda polislər tutub Abşeron Rayon Polis Şöbəsinə gətirdilər. Orada jurnalist vəsiqələrimizi təqdim etdik. Mənə şifahi xəbərdarlıq edib sərbəst buraxdılar. Natiq İsbatovu isə saxladılar".

N.İsbatov ötən ilin iyulunda da polisə müqavimət ittihamıyla 30 gün inzibati həbsdə olub. Həmin ərəfədə o, ailəsiylə birlikdə Niderlanddan yenicə deportasiya edilib Azərbaycana göndərilmişdi.

N.İsbatov küçədə söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmamaqda suçlanıb cəzalandırılsa da, həyat yoldaşı deyir ki, əslində, başqa cür olub: "Mənim yoldaşım heç vaxt polisə müqavimət göstərməz. Bizi Hollandiyadan deportasiya etmişdilər. Buradakıların məlumatı vardı ki, uşaq xəstədir. Bəlkə buna görə gələndə ailənin yanında heç nə eləmədilər. İki gün sonra evin qarşısından tutub apardılar. Su motoru xarab olmuşdu, usta üçün evdən çıxıb gedəndə tutub, polisə müqavimət ittihamıyla 30 sutka vermişdilər".

Xatırlatma

N.İsbatov aprelin 9-da saxlanıb, ertəsi gün Abşeron rayon Məhkəməsinin qərarıyla 30 gün inzibati həbsə göndərilib.

Son bir neçə ayda dünyada koronavirusdan 114 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 24-dən etibarən Azərbaycanda da xüsusi karantin rejimi elan edilib. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları (kütləvi informasiya vasitələri təmsilçiləri də istisna olunmaqla) yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG