Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:27

Hüseyn Abdullayev: 'Məni İstanbulun mərkəzində faktiki oğurlamışdılar'


H.Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev deyir ki, ona verilmiş 6 illik həbs cəzası birmənalı siyasi sifarişin nəticəsidir. Bu barədə o, dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində son sözündə danışıb.

Sabiq deputatın sözlərinə görə, onun haqqındakı hökmdə 2018-ci il aprelin 22-də tutulub, Hava Nəqliyyatındakı polis idarəsinə təhvil verildiyi yazılıb: «Halbuki, məni aprelin 21-də İstanbulun mərkəzində Türkiyənin Terrorla Mübarizə şöbəsinin 15 nəfər əməkdaşı qanunsuz saxlayıb. Məni faktiki oğurlamışdılar. Bir gün sonra da bütün beynəlxalq hüquq və prinsiplərə zidd şəkildə «Atatürk» hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər. Əgər Baş Prokurorluq və haqqımda qanunsuz hökm çıxaran hakimlər özlərinə əmindirlərsə, Bakıya gətirilməyimi qanuni hesab edirdilərsə, bunu niyə hökmdə göstərməyiblər? Çünki onlar yaxşı bilir ki, mən Almaniyadan siyasi mühacir statusu almışam, o dövlətin pasportunu daşıyıram. Almaniya mənim ikinci vətənimdir».

«Hakimiyyət mənim fiziki məhvimi istəyir»

Məhkəmə zalındakı şüşə kabinə arxasından Almaniyanın Bakıdakı səfirliyinin əməkdaşlarına üz tutan H.Abdullayev həyatının təhlükə altında olduğunu, basqılara məruz qaldığını vurğulayıb: «İnanıram ki, mənə qarşı qeyri-insani münasibətlərə göz yummayacaqsınız. Hakimiyyət mənim fiziki məhvimi istəyir».

Sabiq deputat iddia edir ki, onunla bağlı baş verənlərin məqsədi tənqidi fikirlərinə görə ondan intiqam almaq, özünün və ailəsinin əmlaklarını ələ keçirib, onları müflis etməkdir.

H.Abdullayev deyir ki, Azərbaycan hakimiyyətinin ona qarşı münasibəti barədə çox fikirləşir. Bu zaman özünün etdiklərini də yada salır: «İçim özümü yandırır, bu təqiblər nəyin təşəkkürüdür? Mən ona görə mübarizə aparmışdım ki, kimlərinsə şəxsi marağına və çirkin intriqalarına qurban gedim? Ona görə can qoyub, dəfələrlə həyatımı riskə atmışdım ki, təəssübümü, mövqeyimi hər yoldan keçənin ayağına versinlər? Heç kim elə düşünməsin ki, bugünkü sabitlik göydən düşüb, ya da öz-özünə yaranıb. Bu yolda öz cavanlığını, ən gözəl illərini qurban verən var».

Keçmiş deputat çıxışının sonunda hakimlərdən bəraət istəsə də, Azərbaycan məhkəmələrinə inamının olmadığını da vurğulayıb. O, inamsızlığını bənzətmə ilə ifadə edib: «Azərbaycandakı məhkəmələrə və hüquq sisteminə inanmaq səhranın ortasında su axtarmaq, yaxud da ki, alça gətirən ağacdan alma gözləmək kimi bir şeydir».

H.Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birlikdə mühakimə olunan daha 7 nəfərin haqqındakı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 10-da davam edəcək.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

H.Abdullayev ittihamları rədd edir, saxta olduğunu bildirir. Bakı Hərbi Məhkəməsinin hökmüylə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Z.Abdullayevanın ölkədən qanunsuz çıxmasına yardım etməkdə ittiham olunan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov və Xalid Əliyevə şərti cəza verilib. Onlar öncə həbs olunub, bir ilə yaxın təcridxanada saxlansalar da, məhkəmə başlayanda ev dustaqlığına buraxılmışdılar.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus «Araz-İnşaat» ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.

Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Abdullayevin mandatı əlindən alınmış, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə Hüseyn Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG