Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 12:15

Hüseyn Abdullayev məhkəməsində ağladı: 'Yəni mən o günə qalmışam ki...'


H.Abdullayev
H.Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev anası Zeynəb Abdullayeva və daha 7 nəfərlə birlikdə mühakimə olunduğu məhkəməsində ifadə verməkdən imtina etmişdi. Amma aprelin 25-də sabiq deputat fikrini dəyişib və Bakı Hərbi Məhkəməsində ifadə verib.

İfadəsinə də onunla başlayıb ki, özünü qətiyyən təqsirli bilmir. Ötən il aprelin 21-də Türkiyədə qanunsuz saxlanılıb Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildiyini deyən H.Abdullayevin sözlərinə görə, o, heç İnterpol xətti ilə axtarışa verilməmişdi: «Bu addımla BMT-nin Cenevrə Konvensiyasının şərtlərini də pozdular».

Ölkənin ilk rəsmi milyonçularından biri...

2000-2018-ci illərdə metal biznesindən qazandığı pulların vergisini ödəməkdən yayınmaqda suçlanan H.Abdullayev deyir ki, o, 1991-1998-ci illərdə bu işlə məşğul olub: «O zaman Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. Bu işlə məşğul olan əsas biznesmenlərdən biri idim. Həmin ərəfədə 1991-ci ildə Culfa ilə İran sərhədində geniş ticarət əlaqələri qurdum və biznesə orada da davam elədim».

Azərbaycanın ilk rəsmi milyonçularından biri olduğunu deyən H.Abdullayev ona CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə verilən ittihamdan da danışıb: «Mən hansı imkanlara sahib olduğumu dedim. Sizcə, belə bir adam kimdənsə 3 min manatı hədə-qorxu ilə tələb edər, belə utancverici iş görər? Yəni mən o günə qalmışam? Bu, biabırçılıqdır. Mənim anamın və atamın adına olan mülklərin qanunsuz yollarla əldə edilmiş pullarla alındığı yazıblar. Bu qədər ədalətsizlik, haqsızlıq, belə biabırçılıq olmaz».

H.Abdullayev faktiki özünün nəzarət etdiyi, amma anasının adına olan şirkətin binasını 3 min manata icarəyə verdiyi Elnur Məmmədovu hədələməkdə ittiham olunur.

Sabiq deputat deyir ki, İsveçrə və Almaniyada özünün və anasının adına bank hesabları var. Onun sözlərinə görə, hesablardakı pullar biznesindən halal, qanuni yolla əldə olunub: «Bu, mənim alın tərimdir».

«Canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm»

H.Abdullayev Bakıda Nəriman Nərimanovun heykəlinin yanındakı binaya görə haqqında başlanan cinayət işindən də danışıb:

«Mənə ilk ittiham o başıbəlalı binaya görə verilib. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağa icazə vermirdi. Buna görə də biznesimi ata-anamın adına keçirdim. Onlar bu işi davam etdirdilər. Həmin ərəfədə isə cəmi bir bina tikdilər. O binanın da bütün ödənişləri edilib, vergilər ödənilib. Anam o binaya görə 1.8 milyon manat vergi ödəyib. Amma 2013-cü ildə mənə buna görə cinayət işi başlandı, o verginin ödənilmədiyi deyildi. Ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədilər. Bütün bunlardan sonra mən məcbur qalıb canım qədər sevdiyim Azərbaycanımdan didərgin düşdüm».

İfadəsinin bu yerində H.Abdullayev ağlayıb. Bir qədər sonra çıxışını davam etdirən sabiq deputat deyib ki, 2013-cü ildə təzyiqlərdən sonra Almaniyadan siyasi sığınacaq istəyib: «Almaniya hökuməti də sağ olsun ki, ədalətli araşdırma aparıb razılıq verdi».

O, ifadəsinin sonunda gileylənib ki, vaxtilə kömək etdiyi, dəstək verdiyi adamların əksəriyyəti onun etdiklərini unutdular: «Amma eybi yoxdur. Buna görə təəssüflənmirəm də. Mən gəncliyimi dövlətçiliyimizə qurban vermişəm, onun möhkəmlənməsinə, qorunub saxlanmasına xidmət etmişəm. Ölkədə kriminal dəstələr baş qaldıranda özümün, ailəmin həyatını təhlükəyə atmışam. Bircə dəfə də dövlətimizə xəyanət etməmişəm. Mənə qarşı təzyiqlərin nəticəsi olaraq, atamı itirdim, əmlaklarım zəbt edildi. Bütün bunları Allah götürməz...».

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

Təqsirləndirilən şəxslərdən Namiq Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Anası Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib.

Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, bir həftə öncə məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar.

H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

XS
SM
MD
LG