Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:57

Hüseyn Abdullayev Almaniya səfirinin məhkəməyə gəlməsini istəyir


H.Abdullayev
H.Abdullayev

Ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev anası Zeynəb Abdullayeva ilə birlikdə aprelin 2-də məhkəmə qarşısına çıxarılıb.

Qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə suçlanan sabiq deputatın işinə Bakı Hərbi Məhkəməsində baxılır. Çünki H.Abdullayev və anasıyla birlikdə məhkəmə qarşısına çıxarılan daha 7 nəfərin arasında sərhədçilər də var. Dövlət Sərhəd Xidmətinin əməkdaşları hərbçi statusundadır.

Məhkəmənin hazırlıq iclasında H.Abdullayev və anasının vəkili onların haqqında cinayət işinə xitam verilməsi, sabiq deputatın ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb.

Vəsatətlərə münasibət bildirən H.Abdullayev deyib ki, ittihamlar əsassızdır. Onun sözlərinə görə, bir ildir həbsdədir, bu müddətdə ailə üzvləriylə nə görüşə bilib, nə də telefonla danışıb. Onun bu hüquqlarına məhdudiyyət qoyulub. Sabiq deputat bu qadağanın aradan qaldırılmasını, yaxınlarıyla görüş və telefon danışığı hüququnun təmin olunmasını istəyib.

Hakim Həbib Həsənov deyib ki, bu, məhkəməyə aid məsələ deyil. Bununla belə, məhkəmədən asılı olan nəsə olsa, ediləcək.

H.Abdullayev həmçinin, Almaniyanın Azərbaycandakı səfirinin məhkəmədə iştirakına şərait yaradılmasını istəyib. Bildirib ki, ona Almaniyada siyasi sığınacaq verilmişdi.

Hakim deyib açıq məhkəmə prosesi gedir, ona görə kim istəsə, gəlib iştirak edə bilər.

Həbsdə olan təqsirləndirilən şəxslərin hamısının vəkilləri onların ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Onlardan üçünün vəsatəti təmin olunub - Həbib İbrahimov, Zaur Quliyev Pərviz Kazımov məhkəmə zalından ev dustaqlığına buraxılıb. Onların üçü də sərhədçilərdir.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG