Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Gürcüstan Ukraynadan keçmiş baş prokurorun ekstradisiyasını tələb edir


Zurab Adeişvili (solda) Ukrayna nümayəndə heyətinin üzvü kimi Almaniyada
Zurab Adeişvili (solda) Ukrayna nümayəndə heyətinin üzvü kimi Almaniyada

Tbilisi Kiyevi Gürcüstanın keçmiş ədliyyə naziri və baş prokuroru Zurab Adeişvilinin ekstradisiyasından dəfələrlə imtina etdiyinə görə “dost olmayan” münasibətdə ittiham edib.

Bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi saytında dərc olunub.

Gürcüstanda Adeişvili fərdi şəxslərə aid əmlakın qanunsuz müsadirəsi, habelə 2007-ci ildə baş vermiş antihökumət etirazları zamanı müxalif siyasətçi Koba Davitaşvilinin döyülməsinin təşkilində ittiham olunaraq azadlıqdan məhrum edilib.

Hökumətin bəyanatında deyilir ki, vəzifə cinayətlərinə görə Adeişviliyə qarşı daha bir neçə cinayət işi açılıb, amma Ukrayna onun Gürcüstana təslim edilməsinə dair müraciətlərə məhəl qoymur.

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri İlya Darçinaşvili Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Avropaya səfər etməsinə görə Almaniya və Avropa İttifaqının səfirlərinə etiraz notaları verib.

Zurab Adeişvilinin özü bir neçə il bundan əvvəl Gürcüstan vətəndaşlığından imtina edib və hazırda Ukrayna baş prokurorunun beynəlxalq məhkəmə instansiyaları, o cümlədən Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq üzrə xüsusi müşaviri kimi fəaliyyət göstərir.

Mixeil Saakaşviliyə görə

Gürcüstan keçmiş gürcü məmurların ekstradisiyasından imtinanı Kiyevin “dost olmayan” hərəkəti adlandırır.

Sözü gedən məmurların ekstradisiyasına 2012-ci ildən bəri hakim Gürcü arzusu partiyası nail olmağa çalışır.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən dərhal sonra prezident Volodimir Zelenski Gürcüstan hakimiyyətini “mənəviyyatsız” adlandırıb.

Buna səbəb olaraq Gürcüstan hökumətinin gürcü könüllülərini Kiyevin müdafiəsi üçün Ukraynaya buraxmaması və Rusiyaya qarşı sanksiyalardan imtina etməsi göstərilirdi.

Zelenski buna görə Ukraynanın Tbilisidəki səfirini geri çağırıb və 2023-cü ildə keçmiş prezident Mixeil Saakaşviliyə həbsxanada işgəncələr verilməsinə dair iddialarla bağlı Gürcüstan səfirini ölkədən çıxarıb.

Yeni baş nazirin radikal addımları

Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze vəzifəsinə daxili və xarici siyasətdə bir sıra radikal addımlar atmaqla başlayıb.

O əvvəlcə keçmiş səhiyyə naziri, bundan əvvəlki kabinetin ən nüfuzlu üzvlərindən biri olan Zurab Azaraşvilini vəzifəsindən kənarlaşdırıb.

Bunun ardınca Kobaxidze Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə Zurab Abaşidzeni vəzifəsindən azad edib.

Onun vəzifəsinə son illərdə Moskvada yaşayan Georgi Kadjayya təyin olunub.

Kadjayya İsveçrənin Rusiyadakı səfirliyinin maraqlar bölməsində Gürcüstanı təmsil edirdi.

XS
SM
MD
LG