Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 02:11

Gürcüstanda 5 müxalifət partiyası qadağan oluna bilər

Oktyabrın 15-də brifinq keçirən Gürcüstan Müxalifət Alyansının liderləri tərəfdarlarını bu qadağaya qarşı etiraz aksiyalarına dəstək verməyə çağırıblar.
Oktyabrın 15-də brifinq keçirən Gürcüstan Müxalifət Alyansının liderləri tərəfdarlarını bu qadağaya qarşı etiraz aksiyalarına dəstək verməyə çağırıblar.

Oktyabrın 21-də Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin ən böyük müxalifət partiyalarının tamamilə qadağan edilməsi məsələsinə baxmağa başlayacaq. Tənqidçilərin fikrincə, bu addım ölkədəki fundamental demokratik azadlıqlara ağır zərbə vuracaq.

İddianı 2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası qaldırıb. Məhkəmə iclası üç gün ərzində Qara dəniz sahilində yerləşən Batumi şəhərində keçiriləcək. Yekun qərar 2027-ci il iyunun 24-dək çıxarılmalıdır.

Avropa İttifaqı (Aİ) və digər tənqidçilər bildirirlər ki, bu addım Gürcüstan siyasətində və cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirə, həmçinin ölkənin Qərblə münasibətlərinə mane ola bilər.

Müxalifət partiyalarının alyansı qadağaya qarşı bir ay boyunca "qorxmadan və qətiyyətlə" etiraz aksiyaları keçirəcəyini vəd edib. Müxalifət məqsədin hakim partiyanın əsas rəqiblərini sıradan çıxarmaq olduğunu bildirərək məhkəmə prosesini siyasi motivli adlandırır.

Hakim partiya bu addımın konstitusiya quruluşunu qorumaq məqsədi daşıdığını bildirir.

"Ölkəni demokratiyadan məhrum etməkdir"

"Gürcü Arzusu"nun rəsmiləri və partiyanın təsisçisi Bidzina İvanişvili dəfələrlə müxalifət partiyalarının qadağan olunacağı təhdidini səsləndiriblər. Sərvətini Rusiyada toplayan milyarder İvanişvili 2012–2013-cü illərdə Gürcüstanın baş naziri olub.

"Gürcü Arzusu" əvvəllər bildirirdi ki, müxalifət partiyalarını qadağan etmək üçün ona parlamentdə konstitusiya çoxluğu lazımdır. Amma partiya 2024-cü ilin oktyabr seçkilərində bu çoxluğu əldə edə bilmədi. Bundan sonra hakim partiya Konstitusiya Məhkəməsinə üz tutdu. Baş nazir İrakli Kobaxidze həmin partiyaların "mahiyyət etibarilə konstitusiyaya zidd" olduğunu bəyan edib.

Əvvəlcə iddia üç müxalifət təşkilatına qarşı qaldırılsa da, sonradan onların sayı beşə çatdırılıb. Bunlar "Vahid Milli Hərəkat" (VMH), "Dəyişiklik Naminə Koalisiya", "Güclü Gürcüstan – Lelo", "Federalistlər" və "Gürcüstan Naminə" partiyalarıdır.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 2024-cü il seçkilərində seçki baryerini keçən dörd müxalifət qüvvəsi birlikdə 800 minə yaxın səs, yəni bütün səslərin 1/3-dən çoxunu toplayıb.

"Federalistlər" partiyası seçkilərdən az əvvəl yaradıldığı üçün hələ parlament seçkilərində iştirak etməyib.

Bu beş partiyanın hamısı Qərblə daha sıx münasibətləri, Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiyasını dəstəkləyir.

Tbilisidəki avropayönlü aksiyanın iştirakçıları 2024-cü ilin parlament seçkiləri ərəfəsində bayraqlar dalğalandırırlar.
Tbilisidəki avropayönlü aksiyanın iştirakçıları 2024-cü ilin parlament seçkiləri ərəfəsində bayraqlar dalğalandırırlar.

"Dəyişiklik Naminə Koalisiya" liderlərindən Nika Qvaramiyanın sözlərinə görə, məqsəd müxalifət siyasətçilərini vəzifədən uzaqlaşdırmaq yox, "ölkəni demokratiyadan məhrum etməkdir".

Bəzi müxalifət qrupları oktyabrın 25-dən başlayaraq silsilə etiraz aksiyaları keçirəcəklərini açıqlayıblar. "İvanişvilisiz Gürcüstan" adlı etiraz kampaniyası noyabrın 28-dək davam edəcək. Həmin gün "Gürcü Arzusu"nun Avropa İttifaqına inteqrasiya prosesini dayandırmaq qərarının tətiklədiyi kütləvi etirazların ikinci ildönümüdür.

"Konstitusiyaya zidd fəaliyyət" nədir

İddiaçılara görə, beş partiya konstitusiyaya zidd məqsədləri paylaşır. Bunlara Gürcüstanın konstitusiya quruluşunu devirmək və ya zorakılıq yolu ilə dəyişdirmək, ölkənin müstəqilliyinə xələl gətirmək və ərazi bütövlüyünü pozmaq cəhdləri daxildir.

Müxalifət partiyaları həmçinin Rusiya ilə gərginliyi artırmağa və Gürcüstanı Moskva ilə qarşıdurmaya sürükləməyə çalışmaqda ittiham olunurlar.

İddia "Gürcü Arzusu"ndan Tea Tsulukianinin rəhbərlik etdiyi müvəqqəti parlament istintaq komissiyasının gəldiyi nəticələrə əsaslanır. Komissiya "Vahid Milli Hərəkat"ın (VMH) hakimiyyətdə olduğu dövrü və sonrakı siyasi hadisələri araşdırıb. 2008-ci ilin avqustunda Rusiya ilə müharibə də məhz həmin dövrə təsadüf edir. VMH 2003–2012-ci illərdə Gürcüstanda hakimiyyətdə olmuş keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı partiyadır.

Müxalifət partiyaları və hüquq müdafiə təşkilatları məhkəmə prosesinin hüquqi əsaslarını şübhə altına alaraq komissiyanın qərəzsizliyinə dair suallar qaldırıblar.

"Transparency International" təşkilatı komissiyanı ""Gürcü Arzusu" tərəfindən müxalifət partiyalarını dağıtmaq və ölkədə plüralist demokratiyanı məhv etmək üçün yaradılmış qanunsuz mexanizm" adlandırıb.

Hakim partiya Gürcüstanın konstitusiya quruluşunu qorumağa çalışdığını iddia edir və gələcəkdə siyasi təsir imkanlarından asılı olaraq digər partiyalara qarşı da oxşar proseslərin başlana biləcəyini bildirir.

Azərbaycan iqtisadiyyatı Gürcüstan və Ermənistana nədə uduzur
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Qərbə inteqrasiya, yoxsa?

Bu arada Tbilisinin Qərb tərəfdaşları ilə münasibətləri pisləşməkdə davam edir, fərqli fikirlərə qarşı təzyiqlər isə artır.

Gürcüstan 2023-cü ildə Avropa İttifaqına üzvlüyə namizəd statusu alsa da, hazırda proses faktiki olaraq dayanıb. 2024-cü ilin noyabrında "Gürcü Arzusu" 2028-ci ilin sonunadək üzvlük danışıqlarına başlamağa çalışmayacağını elan edib. Bu qərar ölkədə genişmiqyaslı nümayişlərə səbəb oldu.

Hakimiyyət isə etirazlara kəskin reaksiya verib. İnsan haqları qurumları əsassız həbslər, polis zorakılığı, müstəqil mediaya və vətəndaş cəmiyyətinə olan təzyiqlər barədə məlumatlar yayıblar.

Gürcüstanlı politoloq və vətəndaş cəmiyyəti fəalı Giorgi Melaşvilinin fikrincə, məhkəmə işi hakim partiyanın öz hakimiyyətini möhkəmləndirməsinə yönəlib.

"Yeganə və əsas məqsəd tam nəzarət qurmaq və cəmiyyəti seçim hüququndan məhrum etməkdir", – deyə o, AzadlıqRadiosuna bildirib.

Bu məhkəmə işi həmçinin Gürcüstanın xarici siyasət kursu və Qərbdən getdikcə daha çox təcrid olunmasından Rusiyanın əldə edə biləcəyi faydalarla bağlı da suallara yol açır.

Moskva Gürcüstanın Qərb institutlarına inteqrasiya səylərinə açıq şəkildə qarşı çıxır.

Melaşvili deyir ki, qərbyönlü müxalifət qüvvələrinin qadağan olunması həmin qüvvələri zəiflədərək və Qərblə əməkdaşlıq perspektivlərini azaldaraq birbaşa Rusiyanın maraqlarına xidmət edəcək.

​
XS
SM
MD
LG