Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:21

Gürcüstanda demokratiyanın gələcəyindən narahatdırlar


Tbilisidə Gürcüstan və AB bayraqları ilə bəzədilmiş restoran.

«Freedom House» təşkilatının yanvarın 31-də açıqladığı illik hesabatda Gürcüstandakı durumdan narahatlıq ifadə olunub. Ölkə hesabatda özünün ötənilki «qismən azad» mövqeyini qoruyub saxlasa da, təhlilçilər hesab edirlər ki, vəziyyət pisləşmənin astanasındadır.

ƏLİNDƏN GƏLƏNİ EDİR, AMMA...

Gürcüstan, Ukrayna və Moldova kimi, son illərdə əldə etdiyi kiçik demokratik nailiyyətləri qoruyub saxlamaqdan ötrü əlindən gələni edir. Ancaq Qərbin ölkəyə dəstəyi zəifləyərsə, bütün bu nəticələr itirilə bilər. «Freedom House»un hesabatında belə deyilir.

Qurumun təmsilçisi Sarah Repucci-nin sözlərinə görə, hesabatda göstərilən narahatlıqlar ABŞ-la Avropa Birliyinin (AB) siyasi vektorunda görünən dəyişikliklərdən qaynaqlanır:

Buna da bax-Freedom House: Avtoritar ölkələrdə artıq çürümə gedir

«Belə görünür ki, Avropa Birliyi və Birləşmiş Ştatları daha çox daxili problemlər narahat edir və onlar başqalarına örnək olmağa, demokratiyanı dəstəkləmək üçün yardım etməyə çalışmırlar. Bu isə xüsusi narahatlıq doğurur. Beləliklə, narahatlığımız Rusiya ilə həmsərhəd olan və Balkan ölkələri ilə bağlıdır. Bu ölkələrdə artıq indidən keçmişə qayıdışı müşahidə edirik».

KEÇİD DEMOKRATİYASI

Tbilisi, hələlik, hesabatdakı mövqeyini qoruyub saxlaya bilir. Dünyanın azad ölkələrinin reytinqində Gürcüstan mümkün 100 baldan 64 bal toplayaraq 210 ölkə arasında 98-ci yeri tutur. Beləliklə o, «qismən azad» ölkələr arasında qərarlaşır. Qonşu Ermənistan 45 balla ondan geridə qalır. Cəmi 14 balı olan Azərbaycansa hesabatda avtokratiya kimi təsnif olunur. Təşkilatın təhlilçiləri hesab edirlər ki, ötən il Azərbaycanda iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində hakimiyyəti möhkəmləndirməyə yönəlmiş addımlar atılıb.

Gürcüstanda seçkilər.
Gürcüstanda seçkilər.

«Freedom House»un hesabatına, xüsusi «mübahisəli ərazilər» kateqoriyasına Abxaziya və Cənubi Osetiyadakı qondarma respublikalar da salınıb. Maraqlıdır ki, Abxaziya 45 balla «qismən azad», Cənubi Osetiya isə 11 balla «qeyri-azad» ərazilər sırasına düşüb.

Buna da bax-İsa Qəmbər: Görünən dağa nə bələdçi!

Ölkənin hələ də keçid demokratiyası olduğunu, dövlət institutları və demokratik təsisatların hələ inkişaf etmiş ölkələrdəki qədər möhkəmlənmədiyini nəzərə alsaq, onun beynəlxalq təşkilatların araşdırmalarındakı reytinqləri anlaşılandır.

QƏRBİN AZALAN MARAĞI

Bununla yanaşı, politoloq Georgi Gobronidze hesab edir ki, «Freedom House» ekspertlərinin narahatlığı əsassız deyil. Onun fikrincə, ölkədə demokratik islahatların aparılmasında Tbilisinin AB qarşısındakı öhdəliklərinin böyük rolu var. Qərbin marağının azalması isə, ümumilikdə, Cənubi Qafqaz regionunun, xüsusən də Gürcüstanın inkişaf vektorunu tamamilə dəyişdirə bilər.

«Rusiya Federasiyasının mövqelərinin güclənəcəyinə dair ciddi narahatlıq var. Bu isə ölkədə demokratik proseslərin inkişafına mənfi təsir edəcək. Çünki özü də demokratik dövlət olmayan Rusiya regionda demokratiyanın inkişafında maraqlı deyil. Əgər biz hansı ölkələrin Rusiyanı cəlbedici saydığına baxsaq, görərik ki, məsələn, Orta Asiya dövlətləri faktiki sultan rejimləridir. Rusiya çalışacaq ki, Gürcüstanda demokratik proses baş tutmasın. Çünki o (demokratik proses - tərc.), Gürcüstanı Rusiyanın orbitindən uzaqlaşdırır. Əgər Qərb ölkələri Gürcüstanda demokratiyanın inkişafına daha az diqqət, vaxt və resurs ayırsalar, bu, ölkədə demokratikləşmənin stimulunu azaldacaq», – deyə ekspert bildirib.

Ancaq Gobronidze həmçinin qeyd edir ki, Qərbin ölkəyə marağının səviyyəsi həm də Tbilisinin diplomatik səylərindən asılı olacaq. Ekspertin sözlərinə görə, elə hiss yaranır ki, sanki Gürcüstan «sammitdən sammitə» yaşayır və əgər ölkə rəhbərliyi fəallıq göstərməsə, ABŞ və Avropa Birliyinin regionun demokratik inkişafına marağı yox ola bilər. Gobronidze deyir ki, Qərb çox praqmatik oyunçudur və Gürcüstan ona özünün təkcə istehlakçı yox, həm də əlverişli tərəfdaşlığa qadir olduğunu göstərməlidir. O ki qaldı ölkənin azadlıq səviyyəsinə görə öz qonşularından öndə olmasına, bu, hələ onun demokratik dövlət olması demək deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG