İki ildən çox Gürcüstanın xarici işlər naziri olmuş Maya Panjikidze-nin sözlərinə görə, İrana beynəlxalq sanksiyalar aradan qaldırılınca, Tbilisi-Yerevan-Tehran əməkdaşlığına yeni perspektivlər açılıb.
REGİONDA VƏZİYYƏT DƏYİŞİB?
«İranın dünyaya açılması regionda vəziyyəti dəyişib. Yeni perspektivlər açılır. Bizim İranla çox yaxşı münasibətlərimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Gürcüstan-Ermənistan-İran iqtisadi əməkdaşlığına gəlincə, düşünürəm ki... hər şey maraqlardan asılıdır. Maraqlarsa çox zaman iqtisadiyyatla bağlı olur. Ermənistanın da, Gürcüstanın da iqtisadi problemləri var.İqtisadiyyatın inkişafı üçün müxtəlif yollar axtarmaq lazımdır. İranın dünyaya açılmasından sonra böyük perspektivlər ortaya çıxır. O üzdən, bu yöndə düşünərək, münasibətləri daha da yaxınlaşdıracaq strateji proqram hazırlamaq lazımdır», - Panjikidze Yerevanda jurnalistlərlə görüşündə belə deyib.
İranın üzərindən beynəlxalq sanksiyalar götürülüncə, Tehran, Yerevan, Tbilisi və Moskva «Şimal-Cənub» enerji dəhlizi üzərində işləməyə başlayıblar. Bu dəhliz yaradılandan sonra dörd ölkənin elektrik enerjisi sistemləri sinxron şəkildə çalışa və 1200 meqavatadək cərəyan mübadiləsi edə biləcək.
İran qazının Ermənistan ərazisindən Gürcüstana ixracına dair də danışıqlar gedir.
«QƏTİYYƏN DEMƏZDİM Kİ...»
«Mən qətiyyən deməzdim ki, Azərbaycan bizə Ermənistandan daha vacibdir. Azərbaycan və Ermənistan qonşularımızdır. Bizim Ermənistanla daim yaxşı münasibətlərimiz olub. Ermənistan-Gürcüstan əlaqələrində heç bir siyasi problem yoxdur. Ancaq təəssüf ki, iqtisadi münasibətlərimiz siyasi münasibətlərimiz qədər irəliləməyib. Ona görə də mən Ermənistanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial görürəm», - bu sözləri də Panjikidze söyləyib.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Gürcüstansa Avropa Birliyi ilə münasibətlərini dərinləşdirmək və NATO-ya daxil olmaq niyyətindədir. Maya Panjikidze-nin fikrincə, bu amil iki ölkə arasında yaxşı iqtisadi münasibətlərin qurulmasını əngəlləyə bilməz.