Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Gürcüstan orduya ehtiyat qüvvə yaradır


Gürcü əsgərlər təlim düşərgəsində.

Gürcüstanın müdafiə naziri Levan Izoria güclü ehtiyat hərbi qüvvələrin yaradılması haqda «konsepsiya» işləyib hazırlayaraq parlamentə təqdim edib. Ehtiyat qüvvə tammiqyaslı silahlı münaqişə halında nizami ordunu dəstəkləyərək, onun sayının artmasına xidmət etməlidir.

Hələlik, məsələnin detalları açıqlanmasa da, bir neçə hərbi təhlilçi bu təklifi realist və effektiv sayır. Buna çox bənzəyən planı 10 il öncə keçmiş prezident Mikheil Saakashvili irəli sürmüşdü. Ancaq o zaman bu plan real hesab edilməmişdi. Hərbi jurnalist Irakli Aladashvili bu səylərin 30 milyon lariyə (12 milyon dollar) başa gələcəyini hesablayıb.

ÜÇ KATEQORİYA

Təklif edilən ehtiyat qüvvələrində xidmət könüllü olacaq. Xidmət 18-55 yaşlı bütün kişi və qadınlara açıqdır. Ehtiyat qüvvələr 3 kateqoriyaya bölünəcək. Birinci kateqoriya nizami ordudan tərxis edilmiş kişilərdən ibarət olacaq. Bura kapral və ya çavuş rütbəsində olan, beş il xidmət etmiş, bundan sonra daha beş il ehtiyat qüvvələrə köçürülmək istəyən şəxslər daxildir.

İkinci kateqoriya isə mövcud Milli Qvardiyanın əsasında yaradılmış ərazi ehtiyat qüvvələridir. Münaqişə zamanı onun üzvləri yalnız öz yaşadıqları bölgədə səfərbər olunacaqlar. Hərbi xidmətə çağrılan gənclər istədikləri halda bunun əvəzində beş il ərazi ehtiyat qüvvələrində xidmət edə bilərlər.

Üçüncü kateqoriya isə bacarıqları orduya lazımlı mülki mütəxəssislərdən (məsələn, mülki mühəndislərdən) ibarət olacaq.

Müdafiə naziri Levan Izoria.
Müdafiə naziri Levan Izoria.

Ehtiyat silahlı qüvvələrin sayı 1500, ərazi müdafiə qüvvələrinin sayı isə 10 min göstərilir. Müdafiə Nazirliyi pilot sxeminə 2018-ci ilədək başlamağa ümid edir.

İLDƏ 45 GÜNLÜK AKTİV XİDMƏT

Nazirliyin rəsmisi Giorgi Tavdgiridze ehtiyat qüvvələrin yaradılması layihəsini izah edərkən bildirib ki, sülh şəraitində baraklarda minimum sayda əsgərin olmasına, müharibə şəraitində isə maksimum sayda qüvvənin səfərbərliyinə ehtiyac var. Rezervistlər ildə 45 gün aktiv xidmətə cəlb olunacaqlar. Bu zaman onlara məvacib və açıqlanmayan başqa müavinətlər veriləcək.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Irakli Sesiashvili-nin sözlərinə görə, Müdafiə Nazirliyi artıq bir neçə ildir ki, ehtiyat qüvvələrin yaradılması planı üzərində çalışır. Ancaq hərbi təhlilçi Vakhtang Maisaia-nın fikrincə, Gürcüstan hazırkı «köhnəlmiş» hərbi strategiyasını əvəzləyə biləcək əhatəli hərbi strategiyaya malik deyil.

Ehtiyat silahlı qüvvələrin yaradılması ideyası Levan Izoria-nın müdafiə naziri təyin edilməsindən əvvəl yaransa da, onun ötən ilin sonunda başladığı silahlı qüvvələrin yenidən qurulması planına çox uyğundur. Buna görə də, irəliyə doğru addım kimi dəyərləndirilə bilər.

Gürcü ordusu təlimlərdə.
Gürcü ordusu təlimlərdə.

Aprelin 11-də Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsi qarşısında hesabat verən L.Izoria bildirib ki, bu islahatlar müdafiə büdcəsinin daha effektiv istifadəsinə yol açacaq. Beləliklə, büdcənin hərbi avadanlıq və personalın hazırlığının yüksəlməsinə ayrılan hissəsi artacaq. Hazırda ümumi müdafiə büdcəsinin 70 faizi məvaciblərə və sosial müavinətlərə xərclənir. Müqayisə üçün deyək ki, NATO üzvü olan dövlətlərdə bu göstərici, ən çoxu, 55 faizdir.

«QEYRİ REAL VƏ LAZIMSIZ PLAN»

2004-cü ildə Gürcüstanın separatçı Cənubi Osetiya regionuna uğursuz hücumundan sonra 2005-ci ilin sonunadək 15 min-20 min ehtiyat hərbçinin hazırlanması kampaniyasına başlanılmışdı. Məqsəd bu qüvvələrin yekun sayını 100 minə çatdırmaq idi.

Parlamentin 2006-cı ilin dekabrında qəbul etdiyi, 2007-ci ilin martında qüvvəyə minmiş qanuna görə, ölkədə 27-40 yaşlı bütün kişilər hər iki ildən bir 18 günlük icbari təlim keçməli idilər.

Ancaq bəzi hərbi ekspertlər bu planı qeyri-real və lazımsız adlandırırdılar. Silahlı qüvvələrin Baş Qərargahının strateji planlaşdırma departamentinin keçmiş sədri Kakha Katsiadze bu qədər çox rezervistə təlim verməyin qeyri-mümkün olduğunu bildirirdi. O, həmçinin təklif edilən üçhəftəlik təlim müddətinin çox qeyri-adekvat olduğunu demişdi. Həqiqətən də 2008-ci ildə Baş Qərargah rezervistləri səfərbər etməyə çətinlik çəkdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG