Bu ilin ilk günlərində Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsində iki səs-küylü cinayət hadisəsi baş verib.
Yanvarın 4-də azərbaycanlıların sıx məskunlaşdığı Marneulidə zərgərlik mağazasının sahiblərinə silahlı hücum olub. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bir şübhəlinin Türkiyəyə qaçmaq istəyərkən saxlanıldığını bildirir. "Exo Kavkaza" onun 2002-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğunu yazır.
İstintaq təqsirləndirilən şəxsin Marneuli bazarının ərazisində qızıl dükanında ata və oğula atəş açdığını bildirir. 27 yaşlı Sahib Bayramov aldığı güllə yaralarından xəstəxanada vəfat edib. Onun atası Rafil Bayramov isə həmin gün evə buraxılıb. "Novosti-Qruziya" agentliyinin yazdığına görə, gəncin ölümündən xəbər tutan qohumlar tibb müəssisəsində dağıntı törədiblər.
R.Bayramov hücumun "qanuni oğru"ların sifarişi ilə təşkil olunduğunu iddia edir. O, "TV Pirveli"yə deyib ki, əvvəllər onu telefonla hədələyiblər. Nömrəsini dəyişdikdən sonra bu "terror" dayandırılıb. Bayramov niyə bu barədə polisə məlumat vermədiyini açıqlamayıb.
Zərərçəkən onu təhdid edənlərin nüfuzlu kriminal avtoritet Polad Ömərovun adını çəkdiyini deyir. O, Kvemo-Kartli sakinidir, hazırda ABŞ-də İran əsilli jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada qəsdə hazırlıq ittihamı ilə cəza çəkir. Ömərovun İranın İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olduğu güman edilir.
Ömərov isə Marneulidəki hücuma bağlılığı olmadığını deyir. Vəkili Elmar Həsənli bu barədə onun açıqlamasını yayıb.
İnsidentlə bağlı saxlanana iki və daha artıq şəxsə sui-qəsd, qanunsuz odlu silah saxlama ittihamı irəli sürülüb ki, bu ittihamlarla 20 ilədək, yaxud ömürlük həbs cəzası kəsilə bilər.
Toyda başlayan dava ölümlə nəticələnib
İkinci hadisə isə yanvarın 5-də Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində baş verib. Toy məclisi zamanı başlayan münaqişə nəticəsində dörd nəfər ağır yaralanıb, bir nəfər ölüb.
Davaya iki kişinin mübahisəsinin səbəb olduğu deyilir. Şahidlərin sözlərinə görə, tamada Aydın Məmmədov qonaqlardan biri Fail Əliyevə davranışı ilə bağlı irad bildirib və onu üzündən vurub.
Təhqir olunan Əliyev şənliyi tərk edərək qisas almağa qərar verib. Medianın yazdığına görə, o, oğlunu və digər qohumlarını köməyə çağırıb. Kənddəki banket zalının qarşısında kütləvi dava başlayıb. Məmmədovlar ailəsi cavab addımı atıb, Aydın oğulları ilə birlikdə Əliyevlərin evinə gedib. Oradakı davada üç nəfər bıçaq xəsarəti alıb. Amma münaqişə bununla da bitməyib. Məmmədovların avtomobillə F.Əliyevi və onun oğlunu vurduqları, 50 yaşlı kişinin hadisə yerində öldüyü deyilir.
Gürcüstan DİN iki şübhəlinin saxlanıldığını, iş üzrə daha üç nəfərin kimliyinin müəyyən edildiyini bildirib. Bu iş üzrə irəli sürülən qətlə cəhd və digər ittihamlarda 20 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.